Aqil Abbas: "AFFA-da elə adamlar işləməlidi ki, yığma uduzanda ağlasın"

Yığmanın cari seçmə mərhələdə bərbad çıxışı, 7 oyunun 6-da məğlub olub, yalnız birində heç-heçə etməsi ictimaiyyət arasında ölkənin əsas komandasına ikrah hissi doğurub.

Cavan, qoca – 7-dən 77-yə futbolla maraqlanan hər kəs istər sosial şəbəkələrdə, istərsə də gündəlik söhbətdə yığmanı “yıxıb-sürüyür”. Ancaq nədənsə ictamiyyət tərəfindən qəbul olunan ziyalılar, idman xadimləri bu məsələyə laqeyd münasibət göstərirlər. Sanki Canni de Byazinin baş məşqçisi olduğu komanda beynəlxalq arenada bu ölkəni yox, hansısa Afrika respublikasını təmsil edir.

Aqil Abbas tək-tük ziyalılardandı ki, illər uzunu istər klublarımızın, istərsə də yığmanın oyunlarına biganə qalmır. Komandalarımızın qitə arenasında uğurlarına sevinir, uğursuzluğuna ürəkdən yanır. Aqil bəy dəfələrlə uğursuzluq yaşayan, azarkeşləri məyus edən yığmanın oyununa münasibət bildirib, yeri gələndə açıq mətnlə məsuliyyət daşıyan şəxsləri tənqid atəşinə tutub. Ötən həftə Bakıda İrlandiyaya yenilən milli çərşənbə axşamı Belqradda Serbiya qarşısında da “ağ bayraq qaldırdı”.

​Görəsən, yazıçı, Milli Məclisin üzvü Aqil Abbas yığmanın oyunu barədə hansı fikirdədi, uğursuz çıxışı nə ilə əlaqələndirir? Bu suallara cavab tapmaq üçün onunla əlaqə saxladıq: "Azərbaycan futbolunun bugünkü durumu məni heç qane etmir. Cəmi bir dəfə parlamentin gündəliyinə futbolumuzun müzakirəsini çıxarmışıq. Həmişə demişəm, nə qədər ki, bölgələrdə futbol olmayacaq, inkişafdan danışmaq yersizdi. Biz hazırda Bakı çempionatını izləyirik. Futbol Azərbaycanda harda olub? Lənkəranda, Gəncədə, Tovuzda, Şəmkirdə, Ağdamda, Qubada, Zaqatalada. Bu bölgələrdə futbol yoxdusa, biz nədən danışırıq? Ölkədə futbolun inkişafına hansı qurum cavabdehlik daşıyır? Təbii ki, AFFA. Cənab Prezident ölkə futbolunun inkişafı ilə bağlı sərəncam verib, külli miqdarda maliyyə ayırıb. Bu sahənin inkişafı məhz adını çəkdiyim qurumdan asılıdı. Uduzan komandanın baş məşqçisi gecə rahat yata bilirsə və ya uduzandan sonra bara gedirsə, ağlamırsa, futbol olmayacaq”.

“Millinin cari seçmə mərhələni boşa verməsinin, 6 oyunda məğlub olmasının günahkarı kimdi” sualına Aqil bəy belə cavab verdi: "Berti Foqts 5 il burda qaldı, işdən də çıxara bilmirdilər. Onu bir az sıxan kimi şantaj etməyə başladı. Canni de Byazi də onun kimi. Yəqin ki onu yola salandan sonra başqa bir əcnəbini gətirəcəklər. Azərbaycanda işini yetərincə yaxşı bilən yerli mütəxəssislər var. Heç olmasa, uduzanda da bilək ki, özümüzkü ilə məğlub olmuşuq. Razıyam, yenilsək də, “sükan arxasında” Yunis Hüseynov, Arif Əsədov, Qurban Qurbanov, Rəşad Sadıqov olsun. Onsuz da belə də məğlub oluruq. Millinin indi çox gözəl heyəti var. Sizə bir nümunə çəkim. Ölkənin bütün güclü aktyorlarını bir araya yığaq və ora zəif rejissor dəvət edək. Həmin tamaşanın və ya kinonun güclü olacağına inanırsız? Əlbəttə, istədiyini görə bilməyəcəksən. Futbol da elədi. Baş məşqçi zəif olandan sonra komanda istənilən oyunu sərgiləməyəcək. Hər dəfə Albaniya yığmasında gördüyü işlər xatırlanır. O oldu, qurtardı. Bu gündən danışmaq lazımdı. Fikrimcə, De Byazi Foqts kimi AFFA-nı şantaj edə bilsə, hələ bir-iki il də qala bilər. Mən həmişə demişəm və bu gün də təkrarlayıram, AFFA-da böyük islahatlar olmalıdı. Orda elə adamlar işləməlidi ki, yığma uduzanda ağlasın. Ölkə futboluna cavabdehlik daşıyan qurumda o adamlar çalışmalıdı ki, futbolu bilsinlər, iş görsünlər". (www.football-plus.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right