“Övladlarım Azərbaycan himnini televizordan öyrəniblər” Serbiyalı futbolçu

“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç klubun rəsmi saytına müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir:

- Bu sənin Azərbaycanda keçirəcəyin 7-ci ad günüdür. Bu günü necə qeyd edəcəksən?

- Bəli, həqiqətən də bu, Azərbaycanda keçirəcəyim 7-ci doğum günüdür. Əvvəllər ad günümü ailəm və yaxınlarımla birlikdə restoranda qeyd edirdik, amma pandemiya səbəbindən bu dəfə evdə, ailəmin ətrafında keçirəcəm. Artıq 34 yaşım olur. Yavaş-yavaş qocalıram (gülür). Amma əsas odur ki, özümü əla hiss edirəm, yaxşı formadayam. Buna görə də ümid edirəm, hələ uzun illər futbol oynayacağam.

- Övladlarının Azərbaycanın dövlət himnini oxuması qürurvericidir. Bunu onlara kim öyrədib?

- Onlar himn oxumağı evdə - ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər. Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidir və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Axı mən burada işləyirəm və bu ölkə bizə doğmadır. Bundan başqa, onlara himn oxumağı bağçada da öyrədirlər. Elə olur ki, onlar bizdən himni qoşmağımızı istəyir və oxumağa başlayırlar.

- Keçək futbola. Bu mövsüm çempionata xal itkiləri ilə başlasaq da, “Keşlə” üzərində qələbədən sonra lidelərdən 3 xal az xal toplamaqla 3-cü yeri tuturuq.

- Mövsümə istədiyimiz kimi başlaya bilmədik. “Qəbələ” və “Qarabağ”la oyunlarda xallar itirdik. Yeni komandamız, futbolçularımız var. Ümid edirəm, hər şeyi qaydasına qoyub daha yaxşı oyun göstərəcəyik. Son matçda qələbə qazandıq və düşünürəm ki, oyundan oyuna komandada özünəinam daha da artacaq. Üstəlik, yeni futbolçular tam uyğunlaşıb baş məşqçinin istəklərini daha yaxşı anlayacaqlar. Hər növbəti matç daha da vacib olacaq.

- “Keşlə” ilə görüşdən söz düşmüşkən, Premyer Liqada 150-ci oyunun sabiq komandan üzərində 3:0 hesablı qələbə ilə nəticələndi.

- Düzünü desəm, bu faktı bilmirdim. Bunu bilmək xoşdur. Uzun illərdir Azərbaycanda oynayıram. Bu ölkəni sevirəm və burada hər şey məni qane edir. Əgər belə olmasaydı, burada bu qədər qala bilməzdim. “Neftçi”nin şərəfini qoruduğum üçün çox şadam. Ümid edirəm, burada çox qalacağam. Daha yaxşı oynayıb, komandama titullar qazanmağa kömək edəcəm.

- Qarşıdan “Sabah”la görüş gəlir. Oyun haqda nə düşünürsən?

- Bizi “Sabah”la ağır səfər matçı gözləyir. O meydanda oyunlarımız həmişə gərgin keçir. Rəqib də mövsümə yaxşı başlamayıb deyə, qələbəyə köklənəcək. Təbii ki, biz də meydana qalib gəlmək üçün çıxacağıq. “Neftçi”də oynayırsansa, səni yalnız qələbə qane edə bilər. İnanıram ki, istəyimizə nail olacağıq.

- Oyunlar zamanı bəzən daha fəal olmağa səslədiyin azarkeşlərə nə demək istəyirsən?

- Mən “Neftçi” fanatlarını çox sevirəm. Çünki onlar ürəkdən azarkeşlik edirlər. Çox çılğındırlar və mən şadam ki, komandamızın belə azarkeşləri var. Oyun zamanı bəzən geri çevrilib, azarkeşlərdən bizi daha çox və daha möhkəm dəstəkləmələrini istəyirəm. Xarakterim belədir ki, matçı, mübarizəni, ümumiyyətlə, oyundakı heç bir epizodu uduzmağı sevmirəm. Buna görə də azarkeşlərdən dəstək istəyirəm. Çünki bu daha çox güc verir. Çox möhtəşəm azarkeşlərimiz var. İstərdim ki, bizə daha da çox inansınlar. Komandamız yenidir deyə, bir az zamana ehtiyacımız var. Ümid edirəm ki, bu mövsümün sonunda da onlara böyük uğur bəxş edəcəyik və yenidən birlikdə çempionluğumuzu qeyd edəcəyik. Pandemiya zamanı, haradasa ilyarım fanatlarsız qalmışdıq deyə, onlar üçün çox darıxmışıq.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah