"Müdafiəçimiz Azər Salahlı komandanın bombardiridir" - Sənan Qurbanov

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, nəticəni şərh edib:

“Həm rəqib komanda, həm də biz çoxlu top itirdik. Bu səbəbdən, güc itkiləri daha çox oldu. Hər iki tərəf qalib gələ bilərdi. Amma məncə, ədalətli nəticə qeydə alındı. Sonuncu pillədən qurtulmaq üçün öz meydanımızda qalib gəlməyə çalışdıq. Amma bu gün də alınmadı. Yaxşı bərpa olunmalıyıq. Çünki 4 gündən sonra Azərbaycan Kubokunun yarımfinalında “Zirə” kimi ciddi rəqibə qarşı çıxış edəcəyik. İşimiz daha çətin olacaq. Bu gündən futbolçuları bərpa edərək, oyuna hazırlamağa çalışacağıq”.

Qurbanov görüş ərzində epizodlara əsəbi reaksiyalarını belə izah edib: “Bəzən insan özündə olmur. Oyunu analiz edəndə bilirdik ki, rəqib uzun ötürmələr verəcək. Hər zaman demişəm ki, bunların qarşısını almağa çalışmalıyıq. Təəssüf ki, dediyimizin əksi oldu. Sevmədiyim, qapımızın ağzında görmək istəmədiyim ötürmələr gəlirdi. Buna görə özümdən çıxdım, əsəbi oldum və aqressiv reaksiya göstərdim”.

“Keşlə”nin hücumçularının iki oyundur qol vura bilməməsindən narahatlığını gizlətməyən baş məşqçi hazırlıq prosesi və oyunlar zamanı bunu futbolçuların diqqətinə çatdırdığını söyləyib: “Həm işləyir, həm də danışırıq. İstəyirik ki, hücumçularımız qol vursun. Məhsuldarlığımız azdır, bombardirimiz müdafiəçi Azər Salahlıdır. İşimiz nöqsanları aradan qaldırmaqdır. Çalışacağıq ki, növbəti oyunlarda qol vuraq, qələbə qazanaq”.

Qurbanov deyib ki, gənc futbolçuların limitə görə yox, öz yerini haqq etdiyi üçün oynamasını istəyir. Lakin o, seçimlərinin elə də çox olmadığını vurğulayıb: “Təcrübəli futbolçulara da ehtiyacımız var. Heyəti müəyyənləşdirəndə mütləq limiti qorumalıyıq. Son günlər İlkin Qırtımov həm məşq, həm də oyunlarda yaxşı görünür. Rafael İsgəndərli də eyni cinahda çıxış edir. Lakin Qırtımovu itirməmək üçün bu addımı atdıq. Turan Vəlizadə gənc futbolçudur, əlindən gələni edir. Amma əsas heyətdə yer qazanmaq üçün öz üzərində çox çalışmalıdır. Limit barəsində seçimimiz o qədər də çox deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right