Mirabdulla Abbasov: İncə məqama toxunursunuz

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun müsahibəsi 
 
- "Sumqayıt"a məğlubiyyətdən sonra komandada ab-hava necədir?
- Hər şey yaxşıdır. Məğlubiyyət futbolun bir hissəsidir. Belə hallar baş verə bilər. İndi isə maksimum nəticə əldə etmək üçün qarşıdaki oyunlara hazırlaşırıq.
 
- Çempionluq mübarizəsi haqqında fikirləriniz necədir?
- Komandamızın çempionluq üçün çox gözəl şansı var. İnanıram ki, bu şansı dəyərləndirəcəyik, əldən verməyəcəyik. Mən "Neftçi"yə inanıram.
 
- "Sumqayıt"a uduzduğunuz turda "Qarabağ"ın da büdrəyib, xal itirməyi sizi nə qədər sevindirdi?
- "Qarabağ" "Keşlə" ilə bərabərə qaldı. Buna görə də 3 xal deyil, 1 xalla önə keçdilər. Əlbəttə, hazırda reallıq budur ki, çempionluq üçün mübarizə aparan rəqiblərin xal itirməsinə sevinirsən. Amma daha vacib olan öz komandamızın keçirdiyi oyunlardır. Qələbə üçün əlindən gələni etməlisən. Biz də əsas bunun üçün çalışırıq.
 
- Belə görünür ki, "Sumqayıt" və "Zirə" səddi Çin səddini keçməkdən çətin olub. Çıxış yollarını müzakirə edirsiniz?
- Əlbəttə, hər bir məşqçinin oyun planı olur və bizə başa salır ki, hansı komandaya qarşı necə mübarizə aparmaq lazımdır. Öz növbəmizdə çalışırıq ki, meydanda ən yaxşısını edək. Amma bu, futboldur. Oyun alınmayanda alınmır. Düzdür, pis oynayıb, məğlub olduğumuz matçlar da olub. Lakin rəqibdən üstün olub, uduzduqlarımız görüşlər də olub.
 
- Əsas heyətdə yerinizi möhkəmlədə bilmirsiniz...
- İncə məqama toxunursunuz. Əsas heyətdə oynamamağım məşqçinin seçimidir. Buna tam hörmətlə yanaşıram. Meydana istər əsas heyətdə, istərsə də 3-5 dəqiqəlik meydana çıxım, mənim üzərimə düşən pay ancaq qol vurmaqdır. Bunun üçün çalışıram.
 
- Bəs, milliyə intensiv dəvət almadığınız üçün özünüzü günahkar hesab edirsinizmi?
- Sizin də qeyd etdiyiniz kimi klubda əsas heyətdə istənilən qədər yer almıram. Belə olan halda milliyə dəvət almamağımda kimisə günahlandırmağım düzgün olmaz.
 
- Keysuki Hondanın gəlişindən sonra komandada hansı yeniliklər var?
- Honda kimi təcrübəli futbolçunun olması müsbət bir məqamdır. Ona baxıb, futbolda bilmədiyin sirrləri öyrənmək olar. O, işini sevən peşəkar bir futbolçudur.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah