"Əxlaqında problem olan futbolçunu milliyə dəvət etmirəm" Millimizin baş məşqçisi

17 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev müsahibə verib

- U-17-nin hazırkı vəziyyəti sizi qane edirmi?

- Təbii ki, məni qane etmir. Çünki bir ildir bizim liqaların fəaliyyəti dayanıb. Uşaqlar təcrübə və fiziki baxımdan çox əziyyət çəkirlər. Ona görə də biz hər ay toplanışlar keçiririk ki, futbolçuları həm mental, həm də fiziki olaraq hazırlaya bilək. Oktyabr ayında olan oyunlara qədər hər ay bizim toplanışlarımız olacaq.

- Klublardan gələn oyunçuların fiziki hazırlıqları nə yerdədir?

- Yaxşı deyil. Dediyim kimi, klublar tam olaraq fəaliyyətini bərpa etməyib. Məsələn, “Keşlə” təxminən bir həftə əvvəl məşqlərini bərpa edib. Fevral ayındakı toplanışda biz onları dəvət etmədik. Çünki onların aşağı yaş qrupları məşqə başlamamışdılar. Digər klublar isə bəziləri həftədə 3-4 dəfə olmaqla məşq edirlər. Bəziləri isə təkcə oyunlarla kifayətlənirlər. Klubların bu yaş qrupu üzrə  durumu da bizi qane edə bilməz.

- Bu problemləri aradan qaldırmaq üçün hansısa işlər görülürmü?

- Dediyim ki, biz üzərimizə düşəni edirik. Bilirsiniz ki, milli komanda olaraq biz futbolçuları ancaq taktiki olaraq hazırlaya bilərik. Ümumən futbolçuları dəvət edəndə bir plan hazırlayırıq ki, oyunçular həm həm fiziki, həm də praktiki cəhətdən hazırlıqlı olsunlar. Liqalar fəaliyyət göstərmədiyindən bizim problemlərimiz daha qabarıqdır. Çünki bizdən böyük yaş qrupları, 2002 və 2003-cü təvəllüdlü oyunçulardan bəziləri Premyer Liqada, bəziləri də birinci divizionda mübarizə aparırlar. Tək bizim yaş qrupudur ki, bu istiqamətdə problem yaşayır.

- Futbolçu seçimində çətinliklər çox olur?

- Bilirsiniz ki, Azərbaycan Liqasında komada sayı elə də çox deyil. Ona görə seçim auditoriyamız da geniş deyil. Əlimizdə olan materiallara uyğun uşaqlar dəvət edirik. Klubların məşqlərini, hazırlıqlarını izləyərək oyunçuları çağırırıq. Demək olar ki, hər həftə yoldaşlıq görüşlərimiz olur. O  görüşlərə də bəzi klublar əsas heyətlə çıxmır, bəziləri iki heyətlə çıxır. İstədiyimiz oyunçuları meydanda 90 dəqiqə görə bilmirik. Düzdür, pandemiyaya görə liqaların fəaliyyəti çətindir. Biz də indi ancaq yoldaş oyunlarında oyunçular seçib dəvət edirik.

- Siz Tovuz futbolunun yetirməsisiniz. Bir müddət əvvəl Tovuzda futbol akademiyasının açılışı oldu. Bu haqda fikirlərinizi bilmək istərdik. Bu akademiya Azərbaycan futboluna nə kimi töhfələr verəcək?

- Tovuzluyam deyə demirəm, Azərbaycan futboluna ən çox oyunçu qazandıran bölgələrdən biri də Tovuzdur. Son illər bir qədər problemlər var ki, bu da komandanın Premyer Liqada olmamasından qaynaqlanır. İstər valideynlər, istərsə də uşaqlar futbola bir o qədər maraq göstərmirlər. Ancaq UEFA və AFFA-nın dəstəyi ilə rayonda akademiya tikildi. Milli komanda kimi bizim fevral ayı toplanışımız da elə Tovuzda oldu. 11 gün orada hazırlıq keçdik. İnşallah, növbəti toplanışımız da  Tovuzda olacaq. İnanıram ki, yaxın bir ildə olmasa belə, iki-üç ildən sonra Tovuz futbolu Azərbaycan futboluna yaxşı oyunçular verə biləcək. Amma dediyim kimi, əsas odur ki, Premyer Liqada təmsil olunsun. Bundan sonra həm valideynlərdə, həm də oyunçularda daha çox maraq yaranar.

 - Azərbaycanda futbol axını əvvəlki illərlə müqayisədə necədir? Azalma var, yoxsa hər şey qaydasındadır? Uşaqlarda futbol oynamağa maraq nə yerdədir?

- Maraq göstərənlər çoxdur. Sadəcə olaraq bir ildən artıq davam edən pandemiya həm uşaqların ümumi vəziyyətinə, həm də məşqlərə böyük problem yaradır. Futbolçular lazımi səviyyədə istədiklərini ala bilmirlər. Bir oyun futbolçu və məşqçi üçün imtahandır. Oyunlar olmasa, ancaq məşqlərlə kifayətlənə bilməzsən. Bizim oktyabr ayında Avropada oyunlarımız var, Norveç, Belçika, Lüksemburq ilə qarşılaşacağıq. Bu günə qədər heç bir beynəlxalq görüş keçirə bilməmişik. Bizim ən böyük problemimiz 2005-ci ildən bu yana 17 yaşlılarda olacaq. İnanıram ki, oyunlara qədər biz hansısa bir ölkədə ən azı 4-5 yoxlama görüşü keçirə bilərik. Ümumi olaraq uşaqların beynəlxalq təcrübəsi yoxdur. Digər yuxarı yaş qruplarının - 2004, 2003, 2002-ci il təvəllüdlülərin Avropa təcrübəsi var. Dediyim kimi, tək 17 yaşlılarda bizim böyük sıxıntılarımız var.

-  Vaqif Cavadov demişdi ki, hazırkı gənc oyunçular bəstəboydurlar...

- Elədir. Fikirləşin ki, 1.55, 1.52 boyunda futbolçular var. Ancaq biz Avropa futbolçularının ümumi fiziki durumunu götürsək bizdən daha yaxşıdır. Bu gün bəziləri deyir ki, Azərbaycanda futbolçu yetişmir. Azərbaycanda futbolçu var, məsələn, 12-13 yaşlı oyunçuların arasında talantlı uşaqlar var. Azərbaycanda futbolunda 2008-2009 yaş qrupuna baxsanız, fikriniz dəyişər. Amma 14-15 yaşa çatanda biz bu futbolçuları itiririk. Niyə? Bunun səbəblərini araşdırmaq lazımdır. Deməli, artıq bu uşaqlar 11-11-ə, yəni böyük meydana keçəndə onlar daha çox çalışmalıdırlar. Bizim problemlərimiz bunlardır.

- Sözünüzə qüvvət. Xaricdə 16-17 yaşlı futbolçu top klubların aparıcı üzvü olur, amma bizdə 25 yaşlı oyunçu hələ də gənc sayılır. Bunun səbəbi nədir? Bunu necə aradan qaldırmaq olar?

- Bu gün mən 19-20 yaşlı oyunçuya gənc deyə bilmirəm. Bəziləri gənc deyəndə belə mən əsəbiləşirəm. Dediyiniz ki, 16-17 yaşlı oyunçu Avropa top klublarında top qovursa, nəyə görə bizim futbolçular bunu edə bilmir?! Ümumi olaraq biz bunu hansısa qurum və ya federasiyanın üstünə yükləyə bilmərik. Biz məşqçilər olaraq problemləri birinci özümüzdə axtarmalıyıq ki, görək futbolçular niyə inkişaf eləmir. Gedin bəzi klublara baxın. O klublarda elə məşqçilər çalışır ki, onlar futbolçuların inkişafına mane olurlar. Bu kimi məsələlərə diqqət etməliyik. Mən təbii ki, bunu bütün klublara aid etmirəm. Bəzi klublar həqiqən yaxşı çalışır. Ümumilikdə uşaqların və Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır ki, uğurlu nəticə əldə edək. Yoxsa kimsə öz şəxsi maraqları üçün çalışmalı deyil.

-  Söhbətlər dolaşır ki, gənc oyunçular arasında siqaretdən istifadə edənlər var. Ümumiyyətlə, intizam qaydalarının pozulmasına dair məlumatlar var. Bu kimi hallarla qarşılaşmısınızmı?

- Bildiyiniz kimi, mən 3 ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Həmişə bir arzum olub ki, istər ailədə, istərsə də işdə hər şey nizam-intizamlı olsun. Bəzi məşqçilər məni qınayır ki, futbolçunun ancaq futbol keyfiyyətinə fikir vermək lazımdır. Mən isə elə düşünmürəm. Əgər bir futbolçunun əxlaqi problemləri varsa, onun yaxşı futbolçu olması mənə lazım deyil. Mən milli komandaya elə adamı dəvət etmirəm. Kim məndən inciyir-incisin, bu gün o formanı geyinən adam onun mahiyyətini dərk etməlidir. Əgər kimsə bu formanın ağırlığını, məsuliyyətini bilmirsə, milli komandada oynaya, Vətən, bayraq qədri bilə bilməz.

Sərkərdənin bir sözü var ki, əgər ordu daxilində nizam-intizam yoxdursa, biz heç bir müharibədə qələbə qazana bilmərik. Biz nizam-intizama fikir verməsək, heç vaxt böyük nəticələr əldə edə bilmərik. Ona görə də hara olursa- olsun, ilk növbədə kollektiv daxilində bunları formalaşdırmaq lazımdır.

- Qarşıda hər hansı turnir gözlənilirmi?

- Turnir barəsində hələ ki, söhbət gedə bilməz. Ancaq toplanış barəsində söz demək olar. Bu ayın 20-si toplanışımız olacaq. Orada hazırlıq oyunları oynayacağıq. Tovuz və Gəncə ilə danışıqlar gedir. Onların da liqaları olduğu üçün bəzi problemlər olur. Ancaq biz elə vaxta salırıq ki, hər iki tərəfə uyğun olsun. Əsas odur ki, hər ay toplanışlar nəticəsində oyunçular fiziki, taktiki və mental baxımdan daha yaxşı səviyyəyə qaldıra bilək. Bu gün mən klubları da qınaya bilmirəm. Çünki liqalar yoxdur və onlar istədikləri səviyyədə məşqlərini keçirə bilmirlər.

 - Siz uzun illər A milli komandanın üzvü olmusunuz. Komandamız martın 24-ü Portuqaliya ilə oyuna çıxacaq. Milli komadamızı hazırkı durumuna uyğun olaraq nə gözləyir?

- Hər bir insanın özünün hədəfi olmalıdır. Hər bir futbolçu da düşünməlidir ki, milli komadanın formasını geyinmək nə deməkdir. Təbii ki, məğlubedilməz komanda yoxdur. Mən inanıram ki, milli orada lazımi səviyyədə mübarizə aparacaq. Xarakter göstərmək və əzmkar olmaq lazımdir ki, biz istədiyimiz nəticəni əldə edək.

Qol.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah