Ramin Musayev: “Zirə” çempionluq üçün tam hazırdır”

Newsport.az sizi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi ilə tanış edir:
 
- Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Yeni mövsümdən Premyer Liqaya məhz həmin şirkətin sponsorluq edəcəyi ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Bu barədə biz tərəfdən heç bir söhbət, danışıq olmayıb.
 
- Ümumiyyətlə, sponsorla bağlı məsələ nə yerdədir?
- Hələ ki, sakitçilikdir. Yenilik yoxdur.
 
- Azərbaycan kubokunun final matçının harada keçiriləcəyinə qərar verilib?
- Hələ qərar verməmişik. Ötən il qərarlaşdırdıq, kubok matçları ləğv edildi. Düşər-düşməzi olar. Gəlin, bir az gözləyək (gülür). Yəqin ki, Naxçıvana getmək çətin olacaq. Amma digər bölgələrin birində keçirilə bilər. Final görüşünü Bakıya salsaq, Masazırdakı "Bank Respublika Arena"da olacaq.
 
- 2021/2022 mövsümündən Premyer Liqada komanda sayının artırılacağı və çempionatın 10 klubun iştirakı ilə keçiriləcəyi gözlənilir. Bununla bağlı hər hansı yenilik varmı?
- Bu barədə hər il danışılır. Amma hər şeyi zaman, imkan və şərait həll edir. Bu gün üçün planda 10 komanda ola bilər. Amma həmin vaxt hansısa sıxıntı, problem ortaya çıxsa, yenə yalançı olacağıq, mətbuat üstümüzə gələcək.
 
- PFL prezidenti olaraq I Divizion təmsilçilərindən hansıları Premyer Liqaya daha çox layiq görürsünüz?
- Gəlin, ad çəkməyək. Amma inandırım sizi ki, bəzən aşağı dəstədə elə oyunlar olur ki, Premyer Liqa matçlarından heç də geri qalmır. PFL-in çəkiliş qrupu var, divizion oyunlarının 60 - 70 faizini canlı izləmək olur.
 
- Bu mövsüm son illərlə müqayisədə Premyer Liqada intriqa daha yüksəkdir. 17 turdan sonra "Neftçi" və "Qarabağ" 33 xalla 1 - 2-ci yerləri bölüşdürür. Siz hansı komandanı çempionluğa daha yaxın hesab edirsiniz?
- Siz iki komandanı qeyd etdiniz, amma "Zirə"nin adını çəkmədiniz. Bu komanda avrokuboklar üçün hazır olmaya bilər, amma çempionluq üçün tam hazırdır. Bu mövsüm nəinki "Zirə", ümumiyyətlə, heç bir komanda pis təsir bağışlamır. "Qəbələ" az büdcə ilə gözəl oyun göstərir. Bu, danılmaz faktdır. Həmçinin "Səbail"i qeyd edərdim. Çempionatda ən azbüdcəli komanda olsa da, azarkeşlərini sevindirir. Deməzdim ki, "Qarabağ" və "Neftçi"dən biri 100 faiz çempion olacaq. 5 xallıq fərq nədir ki? Qarşıda hələ 11 tur var. Bu halda "Zirə"nin də çempionluğunu ehtimal etmək olar.
 
- İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı (0:0) forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün klubu 3 000 manat məbləğində cərimələyib. Ağdam təmsilçisi isə qərara etiraz olaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Klub həmin oyunda forma geyinməyən Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı...
- Bu sual mənə aid deyil, axı. Kimsə forma geyinməyib və ya idman paltarının altından başqa paltar geyinib, bunun mənimlə nə əlaqəsi var?
 
- Söhbət Premyer Liqanın əsasnaməsinin pozulmasından gedir...
- "Qarabağ" etiraz edib və bu işlə məşğul olanlar var. Sualı AFFA Apellyasiya Arbitraj Tribunalına vermək lazımdır. (Report)




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah