"Söz verirəm ki, hər şeyi yoluna qoyacağam" - Fəhmin Muradbəyli

"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Qol.az-ın suallarını cavablandırıb.

-  Samir Abasovun gəlişindən sonra Premyer Liqada ilk dəfə məğlub oldunuz. Komandanız “Zirə”yə uduzdu. Məğlubiyyəti necə qarşıladınız?

- Bu, futboldur. Ardıcıl uğurlu çıxışlardan sonra bir oyunda məğlub olduq. Bunu yenidən düzəltmək öz əlimizdədir. Bilirsiniz ki, Samir müəllimin gəlişindən sonra biz daha yaxşı çıxış etməyə başlamışıq. Cəmi bir oyunda məğlub olmuşuq. Bu məğlubiyyətə görə üzülmək yox, nəticə çıxarmalıyıq.

- Növbəti rəqib “Sabah”dır. Nəyə köklənmisiniz?

- Yalnız qələbəyə. Başqa heç nə haqda düşünmürük.

- Çempionluq yolunda əsas əngəl kimi, nəyi görürsünüz?

- Əngəl görmürəm. Hər şey özümüzdən asılıdır, heç kim bizim yerimizə qələbə qazanmayacaq. Təbii ki, komanda şəklində məşqçilərdən tutmuş inzibati heyətə qədər hər birimiz yumruq kimi birləşib sonda istədiyimizə nail olmaq istəyirik. Yəni çempion olaq. Bunu kim istəməz ki? Və əlimizdən gələni də edirik. Bundan heç kimin şübhəsi olmasın.

Gələk sənə. Hazırkı forman barədə nə deyə bilərsən?

- Samir müəllimin məşqlərindən, taktikasından, futbolçulara olan dəstəyindən çox razıyam. Mən düşünürəm ki, bütün komanda mənimlə eyni fikirdədir. Doğrudan da onun gəlişindən sonra komandada yaxşı istiqamətdə böyük dəyişikliklər oldu. Hazırda birinci yerdəyik. Öz performansıma gəlincə isə, xeyr, razı deyiləm. Daha yaxşısını edə bilərəm, onun üçün də əlimdən gələni edirəm. Məşqlərdən sonra əlavə məşqlərə də qalıram ki, daha çox inkişaf edə bilim.

- Sanki "qara zolağ"a düşmüsən. Hansı səbəblərə görə istədiyin oyunu göstərə bilmirsən?

- Çox şey ola bilər. Ancaq mən bunu deməklə özümə bəraət qazandırmış olaram. Bu futboldur, oyuna çıxanda beynimdəki hər şeyi bir kənara atıram. İstəmirəm, bu fikrim özünümüdafiə etmək kimi anlaşılsın.

- Azarkeşlər bəzən sənin oyunundan narazılıq edirlər. Bu haqda nə deyərdin?

- Mən onlara səslənirəm, demək istəyirəm ki, görmək istədikləri Fəhmin hazırda azarkeşlərin istədiyi kimi çıxış etmir. Ancaq söz verirəm ki, hər şeyi yoluna qoyacağam və daha da yaxşı nəticə göstərəcəyəm. Sadəcə, bir az səbirli olsunlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right