Tahir Gözəl: "Abad Qarabağa tezliklə getmək haqda düşünürük"

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Tahir Gözəl bunları deyib:

 

“Bu gün Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 29 il keçir. Biz Qarabağ barəsində fikir bildirməyə çətinlik çəkirdik. Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində bu gün azad Qarabağdan qürurla danışırıq. Artıq o torpaqlara qayıtmışıq.

 

“Qarabağ” futbol klubu olaraq fərqli missiya daşıdığımızın həmişə fərqində olmuşuq. İşğal dönəmində “Qarabağ” məcburi köçkünlərimizin Qarabağ sevdasının təsəllisi oldu. “Qarabağ” adı bizi daha məsuliyyətli olmağa vadar etdi. Cənab Prezidentimizin “Qarabağ Azərbaycandır!” çağırışının təbliğatçısı olmaqdan qürur duyuruq. Şükürlər olsun ki, 2020-ci il şanlı Zəfərimizlə yadda qaldı. Daha əvvəl “Qarabağ”ın kuboklarını azad Ağdama, azad Qarabağa aparmaq qismət olsun” arzusu ilə danışırdıqsa, bu gün arzumuz dəyişib. Artıq abad Qarabağa tezliklə getmək haqda düşünürük. Ali Baş Komandanın güclü siyasəti, müdrikliyi və səbiri, Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti, fədakarlığı, verdiyimiz şəhidlər və itkilər hesabına bu arzumuz gerçək oldu.

 

29 il əvvəl yaşanmış, bəşər tarixinin ən dəhşətli faciələrindən birini heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda başlayan soyqırımda 613 günahsız insanın, özü də cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəsinə qətlə yetirilməsi, 100 ailənin tamamilə məhv edilməsini yaddan çıxara bilmərik. Bir daha vurğulayıram ki, bu, tək Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir. Şəhidlərimizi ehtiramla yad edirik. Xocalıda baş verənlərə biganə qalmaq utancvericidir. Hər birimiz insanıq, yaradılış qayəmizdə qan tökmək, pislik etmək yoxdur. Tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması uğrunda hər birimizin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Xocalıda yaşananları hər kəs düşünməlidir. Ümid edirəm ki, dünya dövlətləri Xocalıda baş verənlərə hüquqi qiyməti verəcək. Tarixdə bir daha belə faciələr yaşanmaması arzusu ilə…”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah