PFL rəsmisi: "Banişevskinin gözəl yumor hiss var idi"

"Anatoliylə çox yaxşı münasibətimiz var idi. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov qurumun feysbuk səhifəsinə açıqlamasında Anatoli Banişevski barədə danışarkən deyib.

PFL rəsmisi "Neftçi"nin əfsanəvi hücumçusu ilə bağlı xatirələrini bölüşüb: "Bir dəfə yemək yeyəndə ondan soruşdum ki, “Tolik, səni SSSR-nin ən yaxşı komandaları öz heyətində görmək istəyir. Niyə getmirsən?" O isə cavabında dedi ki, “mənim kimi futbolçular orada çoxdur, amma burada mən təkəm. "Neftçi" mənim üçün doğma komandadır. Həm də Bakısız qala bilmərəm”.

Həsənov Banişevskinin vətəninə bağlı insan olduğunu söyləyib: "Gözəl yumor hissi var idi. Rafiq Əlizadə (“Neftçi”nin keçmiş hücumçusu) ilə tez-tez zarafat edərdi. Zarafatla ona deyirdi ki, sən necə hücumçusan, 15 ilə 4-5 qol vurmusan. Rafiq də gülərək cavab verirdi ki, nə olsun az qol vurmuşam, əsas odur, 50 dəfə penalti qazanmışam. Sən də qazandığım bütün penaltiləri qola çevirib “Fedotov klubu”na (karyerası ərzində minimum 100 qol vurmuş sovet və rus futbolçuların qeydə alındığı siyahı) düşmüsən”.

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964 - 1973, 1975 - 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”ni mərhum forvardı “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət" ordeni ilə təltif olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right