“Hansısa hakim səhvindən danışmaq haqsızlıq olar” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah” 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempinatın sonunda mövsümü üst pillələrdə başa vura bilərlər. Visente Qomes yaxşı komanda formalaşdırıb. Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha da ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Onların əks-hücumları çox təhlükəli idi. Əks-hücumdan ikinci qolu buraxmaq istəmirdik. Hissəni 0:1 hesabı ilə geridə başa vurduq. İkinci yarıda isə bəzi dəyişikliklər etdik. Rəqib üzərində təzyiqi artırmağa başladıq. Qol vurduqdan sonra rəqib hücuma atıldı və yenidən önə keçdilər. Sonda hesabı bərabərləşdirə bildik. Çox dramatik oyun alındı. Səhv etmirəmsə, oynadığımız 15 turun 7-8-də 3:2, 2:3 hesabları qeydə alınır. Matçlarımız gərgin, maraqlı və baxımlı olur. Bu da məni sevindirir. Azarkeşlər oyundan zövq alırlar. İkinci yarıda komandamız xarakter göstərdi. 5 gün içində “Neftçi” ilə iki ağır oyun keçirmişdik. Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də, bu gün ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm. Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar.

Bu cür oyunlarla, sürətlə, templə ölkə futbolu inkişaf edə bilər. “Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər. Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar. Biz isə bu gün iki fərqli sistemlə oynadıq. Əslində matçdan əvvəl rəqibi təhlil edəndə gördük ki, son matçlarda 5-4-1 taktikası ilə çıxış edib. Məqsədimiz birinci hissədə 5-4-1-lə mübarizə aparıb, rəqibin səhvini gözləyib, bundan faydalanmaq idi. Bilirdim ki, komandamın 90 dəqiqə tam intensiv futbola gücü çatmayacaq. Buna görə də, ehtiyatlı oynamalı idik. İkinci hissədəki tempi ilk dəqiqələrdən göstərsəydik, böyük ehtimalla görüşün sonlarında dayanacaqdıq. Ağabala Ramazanovu zədədən sonra ilk dəfə meydana buraxdıq. Filipe Pahtman da 30-35 dəqiqə çıxış etmək gücündədir. Bütün bunları nəzərə almışdıq. Rəqibin erkən qolu planlarımızı alt-üst etdi. Fasiləyə qədər qol buraxmamaq çox vacib idi. İlk yarıda hesabı bərabərləşdirmək alınmasa da, ikinci topu buraxmadıq. İkinci hissədə Hacıağa Hacılını meydana buraxmaqla sistem dəyişikliyinə getdik. Əslində buraxdığımız ikinci topda Hacıağa topu yaxşı uzaqlaşdırmışdı. Sadəcə, top Kevin Kubembanın ayağına uğurlu düşdü. O da usta futbolçudur, əlinə düşən bu şanslardan yaxşı istifadə edir. Ümumiyyətlə, “Sabah”a şərait yaratsan, dərhal fərqlənmək bacarığı olan futbolçuları var.

Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram. Məsələn, bu gün sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı. Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right