"Futbolçulara söz atmaq ixtiyarı verilmir" - Sənan Qurbanov

"Bu oyuna ciddi hazırlaşmışqdıq. Müdafiədə buraxdığımız səhvlər məğlubiyyətə səbəb oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqisi Sənan Qurbanov Premyer Liqanın 15-ci  turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis yeni komandası ilə Premyer Liqada ilk oyununa çıxdığını xatırladıb: "İkinci hissədə bir neçə qol imkanlarımız oldu, amma yararlana bilmədik. Səhvləri analiz edəcəyik ki, futbolçular bunları təkrarlamasınlar. Futbolçuların özünəinamı qaytarması çox vacibdir. Bunun üçün bir qələbə lazımdır. Bu gün alınmasa da, bizim işimiz axıra qədər mübarizə aparmaq və oyunçuları inandırmaqdır”.

Qurbanov bildirib ki, uzun illər işlədiyi “Qəbələ”yə rəqib olmağın onun üçün prinsipiallığı yox idi: “Bura ilə bağlı ancaq doğmalıq hissi var, uzun müddət “Qəbələ”də işləmişəm. Ancaq hazırda “Keşlə”yə rəhbərlik edirəmsə, “Qəbələ” mənim üçün keçmişdə qalıb. Bizə bu gün uduzmamaq lazım idi, təəssüf ki, bunu reallaşdıra bilmədik. Artıq növbəti görüşlərə baxacağıq”.

Baş məşqçi futbolçuların matçda bir-birlərinə tez-tez irad bildirməsinə də aydınlıq gətirib: “Yeni komandaya gələndə sistem dəyişikliyi baş verir. Bu, futbolçular arasında bir qədər anlaşılmazlığa yol açır. Çalışacağıq ki, bu hallar bir daha təkrarlanmasın. Oyunçulara bir-birlərinə söz atmaq ixtiyarı verilmir. Bütün bunlar qarşıdakı günlərdə yoluna qoyulacaq. Futbolçular başa düşməlidirlər ki, meydançada danışmaq yox, futbol oynamaq lazımdır”.

Gənc mütəxəssis komandasının aqressiv oyun sərgiləməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Bundan öncəki matçların görüntülərinə baxanda görmüşəm ki, ikili mübarizələrdə məğlub olanda komandanın vəziyyəti çətinləşir. Həm “Kəpəz”lə, həm də “Qəbələ” ilə görüşdən əvvəl bunu oyunçulara göstərirdik ki, gərək təkbətək mübarizələrdə uduzmayaq, epizodlardan uzaq olmayaq. Bacardıqları qədər əllərindən gələni etdilər. Əsas odur ki, əlimizi yanımıza salmamalı, işimizi davam etdirməliyik”.(report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right