“Hakimi təzyiq altında saxlamaq istəyirdim” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Oyun haqda çox danışmaq istəmirəm. Sevinməyə iki günümüz var, sonra növbəti oyuna fokuslanacağıq. Rəqibi təbrik edirəm. Burada oynamaq hər zaman bizə motivasiya verib. “Qarabağ”da əla komanda qurulub, hər birimizə nümunə olmalıdır. Bu gün qələbəmizin tək səbəbi bəlkə də xarakterimizdir. Əziyyət çəkən uşaqlar çox sağ olsun.

“Qarabağ” kimi hakimləri də təbrik etmək istəyərsiz?

Edək də, təbrik edirəm.

Bu qələbə çempionluq yolunda böyük motivasiya verəcəkmi?

Bu gün maraqlı gün idi. Rəqiblərimizə qarşı “Qarabağ” kimi rahat oynaya bilmirik. Hər an xal itirə bilərik. Bu, reallıqdır. Hələ qarşıda 14 oyun var. Sona qədər mübarizə aparacağıq və bu oyun bizim üçün stimul ola bilər.

Azlıqda qalsaz da, qalib gəldiz. Lakin “Zirə”yə iki oyunda qalib gələ bilməmişdiz…

Sual vermək istəyirəm ki, biz “Zirə” ilə oyunu udsaydıq, nələr danışardılar? Mən konfransda nə deyirəmsə, sonra onun izahını verməli oluram. “Zirə”ni uda bilməsək də, komandamı super adlandırmışdım. Mən bunları deməliyəm ki, oyunçularıma stimul olsun. “Zirə”ni udsaydıq. nələr danışılacaqdı? Bunu mütəxəssislərdən soruşuram. Bu oyunqabağı üzərimizə böyük yük düşürdü.

Meydanda hakimin hansı qərarını bəyənmirdiz?

Açığı, hakimi təzyiq altında saxlamaq istəyirdim.

Komandanızda çempionluq üçün potensial görürsüzmü?

Bu oyunda uduzsaydıq, fərqli olacaqdı. Biz yenidən quruluş dövründəyik. Toplanış zamanı yaxşı yoxlama oyunu da keçirə bilmədik. Monrozu da bu oyun riski gözə alaraq meydana buraxdım və onun çıxışından razı qaldım. Güclənməliyik, ətrafımızın da inamını qazanmalıyıq. Düşünürəm ki, yaxşı olacaq.

Saman Nərimancahan nə üçün oyuna girdikdən sonra əvəzləndi?

Samanı əvəzləməyimin səbəbi o cinahdan çox yüklənmələri idi. Stankoviçdən sonra da cinah boşalmışdı.

Yeni hücumçunuz Ahmed Ahmedovla bağlı fikirləriniz nədir?

Açığı, biz başqa hücumçulara baxırdıq. Bizdən asılı olmayan səbəblərə görə alınmadı. Son 2-3 gündə Ahmedovun meneceri çıxdı və icarəylə bağlı təklifi oldu. İnşallah, vizası tez həll olunar və komandamıza qoşulub özünü yaxşı tərəfdən göstərər. ÇSKA-dan əvvəlki komandasında 23-25 qol vurmuşdu. Düşünürəm ki, gələr və həmin performansı yenidən göstərər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right