“Peşəkar formada normal açıqlama da vermək olardı” - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında  matçla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki top üstünlüyü ilə yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram.

Gənc futbolçularımız çoxdur. Bu gün uzatma dəqiqələrində 17 yaşlı Sənan Ağayevə ilk dəfə şans verdik. Sənan potensiallı futbolçudur. Onu ab-havanı hiss etmək üçün meydana buraxdıq. Akademiyanın hər bir üzvü öz üzərində çalışmalıdır. Qış fasiləsindən sonra hər kəsə inandığımı demişdim. Bu gün müdafiədə itkilərimiz çox idi. Eltun Turabova şans verdik və bizi qane etdi. Heyətimizdə yetərincə futbolçu var. Gələcəkdə də gənclərə şans verməyə çalışacağıq”.

Abbasov “Səbail”də çıxış edən Amil Yunanovun keçmiş komandası “Sumqayıt” barədə alçaldıcı fikirlərinə də münasibət bildirib: “Mənim komandamda da digər klublardan gələn futbolçular var. Onlar da keçmiş klublarına qarşı istəkli olurlar. Amma sabiq komandana qol vurduqdan sonra Amil kimi yox, peşəkar formada normal açıqlama da vermək olardı. Mən hər bir futbolçuya şans vermişəm. Kimsə bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm. Hər kəsə uğurlar arzulayıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right