“İstənilən komanda bizi cəzalandıra bilər”

“Qəbələ” ilə ilk matçımız çətin oldu. Rəqibin bizə qarşı yaxşı müqavimət göstərəcəyini bilirdik".
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Xayme Romere "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
 
31 yaşlı yarımmüdafiiəçi həmin görüşdə yaxşı çıxış etdiklərini vurğulayıb: "Son dəqiqələrdə buraxdığımız qol mərhələni keçmək üçün bizə çətinlik yarada bilər. Ümid edirəm ki, yarımfinala vəsiqə qazanacağıq".
 
İspaniyalı oyunçu birinci oyundakı hesaba baxmayaraq rəqibin də şanslarının olduğunu söyləyib: "Hazırkı dönəmdə futbol sürprizlərlə doludur və gözlənilməz nəticələr qeydə alınır. Diqqətli, konsentrasiyalı olmasaq istənilən komanda bizi təəccübləndirə və cəzalandıra bilər. "Qəbələ" haqqında da eyni sözləri demək olar. Nəzərə alaq ki, rəqibimiz yaxşı futbol sərgiləyir və kifayət qədər təcrübəli oyunçuları var. Biz də diqqətli olmasaq, işimizi çətinə sala bilərik. Hələ heç nə həll edilməyib".
 
Romero Premyer Liqadakı digər komandalarla aralarında səviyyə fərqinin olması ilə razılaşmayıb: "Rəqiblərimiz yaxşı mübarizə aparırlar və onların da keyfiyyətli futbolçuları var. Bəlkə də hesab aldadıcı ola bilər. Kənardan baxanda da elə təəssürat yarana bilər ki, "Qarabağ" asanlıqla qələbə qazanır. Amma heç də belə deyil. Qələbələr asan başa gəlmir".
 
Təcrübəli oyunçu məşqlərə həvəssiz yanaşması ilə bağlı iddialara bu cür cavab verib: "Bunların hamısı yalnışdır. Baş məşqçimiz də bu məsələ haqqında açıqlama verib. Deyilənlər həqiqəti əks etdirmir".
 
Futbolçu son olaraq "Qarabağ"dakı gələcək taleyi ilə bağlı bunları deyib: "Müqaviləm 2022-ci ilin yayında başa çatacaq. Sözləşmənin bitməsinə bir ildən çox müddət var. Hazırda nəsə demək mənim üçün çətindir. "Qarabağ" klubunda hər şeydən razıyam və burada olmaqdan məmnunam. Növbəti ildə bu barədə nəsə danışa bilərik".
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right