"Kəpəz"in baş məşqçisi: "Keşlə"ni keçsək, yenə mükafatlandırılacağıq"

"Hesab edirəm ki, komandam pis oynamadı, özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə əks-hücumlarımız oldu ki, futbolçular bir qədər soyuqqanlı davransaydılar, epizodu qola çevirə bilərdilər".

New sport.Az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: "Heyətimiz əsasən gənc oyunçulardan ibarətdir. Onların o dərəcədə ustalıqları yoxdur. Bununla belə, komandadan razı qaldım. Futbolçularıma təşəkkür edirəm".

Vahabzadə qapılarına təyin olunan və qolla nəticələnən penalti barədə də danışıb. "Açığı, penalti epizodunu görmədim. Amma təyin ediblərsə, deməli, doğru qərardır".

Baş məşqçi cavab matçına daha ciddi hazırlaşacaqlarını söyləyib: "Ümid sonda ölür. Özümüzə inanırıq. Bu cür oyunlar futbolçularda inam yaradır. Gəncədəki görüşdə istədiyimiz nəticəni əldə etməyə çalışacağıq".

Təcrübəli mütəxəssisin sözlərinə görə, ölkə kubokunun 1/8 finalında "Sabah" üzərində 2:1 hesablı qələbəyə görə komandaya mükafat verilib: "Klub rəhbərliyi sağ olsun, Gəncəyə qayıdıb məşqləri bərpa edən gün uşaqları sevindirdilər. Bu mərhələni keçsək, hər halda yenə mükafatlandırılacağıq. Əsas olan komandanın yaxşı oyun göstərməsidir. Belədə mükafat da olacaq".

Qeyd edək ki, cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right