"Gerye bizi aldada bilməz" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

 -Həm rahat, həm də çətin oyun oldu. Hər zaman “Qəbələ”yə ciddi yanaşmışıq. İlk hissədə hardasa çətin oldu, amma bütövlükdə komanda qalib gəlmək üçün hər şeyi etdi. İstər-istəməz səhvlər olacaq. Bu, qaçılmazdır. Getdikcə komanda daha fəal olacaq. Hələ qarşıda cavab oyunu var. Buraxdığımız bir qol bizə daha faydalı olacaq ki, futbolçularımız daha məsuliyyətli olacaq. 

-Donald Geryenin gedişi ani oldu…

Gerye çox ağıllı biridir, onu çox yaxşı tanıyıram. Bizim razılığımız olmasa, komandadan gedə bilməzdi. Biz göstərdik ki, futbolçularla yaxşı davranırıq. Onun burada oynaması hələ sual altında idi. Geryeyə təklif gələndə, özünün heç xəbəri yox idi. İlk mənə dedilər ki, belə bir təklif olsa, buraxarsızmı? Mən də razılıq verdim, qərar verdik ki, belə olsun.

Geryeni heç bir maddi ödəniş almadan buraxmağınız komandaya faydalıdırmı?

Maddi heç nə qazanmadıq və bu düşüncədə də deyildik. Hər zaman istəyirəm ki, komandada atmosfer yerində olsun. Hər ailədə kaprizli kimlərsə olur. Düşünürəm ki, həm bizim, həm də Gerye üçün düzgün variant bu idi. Futbolçuların yanında kiməsə irad bildirəndə onlara da təsir edir.

Emil Balayevə uzun müddət sonra şans verdiz. Bu, asan qələbə qazanacağınıza inancınızdan irəli gəlirdi?

Biz rahat qələbə haqda düşünməmişdik. Şahruddinlə Emildə fərq görmürəm. Bu gün Emili oynamaq üçün daha məsləhətli bildim və onu da oynatdım.

Geryenin ayrılığından sonra bu heyət çempionluq üçün yetərlidirmi?

Bunların hamısını gözə almışıq. Sadəcə, heyət çatışmazılığından hər zaman narahat olmuşam. Hər oyunçunun öz üstün tərəfləri var. Futbolçuların hamısı sağlam olsa, belə bir problem olacağını düşünmürəm.

Ovusu daha çox hansı mövqedə sizi qane edir?

Sola da qoymuşuq, sağa da qoymuşuq. Artıq sırf hücumçu kimi də istifadə edirik. Bəzi oyunlarda ondan fərqli mövqelərdə də istifadə edirik. Komandada belə oyunçuların olması xoşdur. Mahir də həm sağda, həm solda da oynayır. Bunlar bizim üçün faydalıdır.

Nurlan İbrahimovla bağlı kluba da 100 min avro cərimə verilib. Bununla bağlı CAS-a müraciət edəcəksiz?

Bizim ora şikayət etməyimizin önəmi yoxdur. Biz daha çox Nurlanı düşünürək addım atmışdıq və nəticənin olmayacağını bilirdik. Bizim bir işçimiz futboldan uzaqlaşdırılıb. Hər dəfə şikayət etdikdə kluba qarşı antipatiya yaranmasından narahatam. Bütün klublar cərimələnir. Bizə təsir edən kluba mənəvi cəzanın dəyməsidir. Bizə puldan çox, Nurlanın cərimələnməsi təsir etdi. Bu klubun adı dünya futbolunda, idmanında hallanır. Bunu qoruyub saxlamalıyıq. Başda mən olmaqla, hər birimiz düzgün addım atmalıyıq. Texniki səhvlər hər zaman olur və bunu nəzərə alırıq. Bizim üçün əsas olan klubun adını-sanını qoruyub saxlamaqdır. UEFA qərarını veribsə, biz bundan sonra daha diqqətli olmalıyıq. Səhvlərin bəzən klubun daha böyüməsi, inkişaf etməsi üçün faydası ola bilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right