Mahirdən 50-ci qol

Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.
 
Newsport.az
xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley qolu olub. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qoludur.

Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.

Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right