“Turan” Premyer Liqaya qatılarsa...” Elxan Məmmədov

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun növbəti Konfransından sonra mətbuat konfransı keçirib. Newsport.az saytının məlumatına görə, o, onlayn formatda jurnalistlərin suallarını cavablandırıb.
 
- Fritz Ştuxlikin müqavilə müddəti bitib. Onunla yeni sözləşmə imzalanıbsa, bu, rəsmi şəkildə niyə açıqlanmayıb?
- Bu məlumat düzgün deyil. Onun sözləşməsi bitməyib. Bundan əlavə, sədr kimi 4 illik dövriyyə təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən Hakimlər Komitəsinin sədri kimi Ştuxlik təsdiq olunub. Müqavilə məsələsində hər hansı tərəfdə problem yaransa, bu məsələ müzakirə olunur. 4 il ərzində sözləşməyə xitam da verilə bilə, uzadıla da. Bunun üçün Komitənin xüsusi iclasına ehtiyac yoxdur.
 
- Ötən il ərzində pandemiya ilə bağlı problemlər ortaya çıxdı. Komanda sayının artımı ilə bağlı müzakirə olundumu?
- AFFA-nın bununla bağlı ümumi strategiyası var. Məqsədimiz minimum 10 komandanın çempionatda iştirakıdır. Əslində, bir il əvvəl sayı 10-a çatdırmalı idik. Lakin pandemiya və əlavə sponsorların cəlb edilməsi ilə bağlı problemlər yarandı. Mart-aprel aylarında bu məsələ yenidən müzakirə olunacaq. Potensial sponsorlarla davamlı danışırıq. Birinci divizionda davamlı olaraq neçə ildir ki, maliyyələşdiririk və bu proses davam etdirilir. Biz niyə bu klubları maliyyələşdiririk? Sizcə, Zaqatalada, Gəncədə, Tovuzdakı klubları maliyyələşdirməyimizin səbəbi nədir?
 
- Əvvəllər hər hansı iş adamı yatırım etmək istədikdə güzəştlər istəyirdilər. Ancaq qarşılıqlı şəkildə səhvlərin nəticəsidir ki, AFFA həmin bölgələrdə komandaları özü maliyyəşləşdirir…
- Bu məsələ futbol ictimaiyyətində tez-tez müzakirə olunur. Demirəm ki, AFFA olaraq hər şeyi möhtəşəm edirik. Ola bilsin ki, mövqeyimiz sizi razı salmasın. Biz klubları ona görə davamlı maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəldikdə hazır komanda olsun. Biri var sıfırdan başlasın, orada peşəkar futbol olmasın, biri də var hazır komanda. Bəlkə hansısa İcra Hakimiyyəti və ya iş adamı klub maliyyələşdirməyə çalışacaq. Futbol tam şəkildə prioritet deyil. Biz daha çox iş adamlarından bu addımı gözləyirik. Biz mütəmadi əlaqələrimizi qururuq, məlumatlandırırıq ki, AFFA maliyyə ayırır ki, həmin bölgədə futbol yaşasın. Bizim klublarla əvvəllər də münasibətimiz çox yaxşı idi. Bizi rahat tənqid də edirdilər, heç vaxt küsmürdük. Ola bilər ki, klublarımızın sahibləri hansısa güzəşt gözləyirdilər. Dövlət qurumları ilə də müzakirələr aparmışıq. İki il əvvəl dövlət tərəfindən güzəştlər olunub. Vergilər nazirliyi 2018-ci ildə güzəştli şərtlər təklif edib. Hansı klub müraciət edib, dövlət də ona baxmayıb? İş adamlarının həmin vaxt maliyyə imkanı olduğu üçün futbola pul buraxırdılar. Sonra bizneslərində hansısa problem yarandığı üçün futboldan əllərini çəkdilər. Futbol məcburi olmur. Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub gəlir əldə edir. Əksəriyyəti sosial layihə kimi ümidlə yanaşırlar ki, futbolçu yetişdirib satacaqlar. Bu ölkələrdə teleyayım gəlirləri də yüksək deyil, həmçinin reklam haqları da. Bəzi tanınmış klublar 3-4 ildə bir ulduz futbolçu satırlar, müqaviləyə də şərt qoyurlar ki, növbəti transferdən də qazanc götürəcəklər. Tovuzda əsas komanda üçün futbol bazasını inşa etdik, ictimaiyyətə də təqdim etdik. Əsasən FİFA və UEFA-dan maliyyələşmişdi. Növbəti məqsədimiz Gəncədə baza inşa etməkdir. Hansısa sponsor gəldikdə ona yeni baza, akademiya inşa etməyə ehtiyac qalmayacaq. Tovuzda ancaq futbol xərclərinə vəsait lazımdır, artıq hər şey hazırdır. İnanıram ki, “Turan” Premyer Liqaya qatılarsa, yeni rəngarənglik olacaq. Ölkə kubokundakı mübarizə də göründü ki, Premyer Liqa ilə divizion komandaları arasında fantastik fərq yoxdur. Bəzən elə imic yaradırlar ki, AFFA hansısa klubu Premyer Liqaya buraxmır. Əksinə, AFFA çox klubun qatılmasını arzulayır. Keyfiyyətə görə Azərbaycan üçün 10 klub ideal, 12 klub risklidir. Bizə 2-5 illik komanda lazım deyil. İstəyirik ənənəvi olsun.
 
- Amma etiraf edin ki, “Kəpəz”də yaşanmış məlum prosesdən sonra hər hansı iş adamı AFFA-nın olduğu yerdə komandaya baxmağa yaxın durmaz…
- AFFA hansısa kluba vəsait ödəyirsə, bu, ona nəzarət etmək üçün bizə hüquq verir. AFFA ictimai birlikdir, özəl sektor deyil. Hər il hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir. Bu ildən etibarən dəstək göstərdiyimiz klublarımızın hamısından maliyyət hesabatı tələb edirik. Bəzi klublarda hesabat hələ 100 faiz şəffaf deyil, bunun üzərində işləmək lazımdır. Həmçinin AFFA-nın maliyyə ayırdığı futbol federasiyaları da ildə bir dəfə hesabat təqdim etməlidir. Premyer Liqa klubları bu günü YAŞAT fondundan maliyyə dəstəyi alırlar. Klub nümayəndələrindən soruşmağa haqqımız var ki, verdiyimiz pulun hara xərcləndiyini bilək. Biz məsuliyyət daşımırıq, amma yoxlamağa, nəzarət etməyə icazəmiz var. UNİCEF təşkilatına biz hər il hesabat veririk. Verdikləri pulu hara xərclədiyimizi bilmək istəyirlər. Bu, FİFA, UEFA və SOCAR-a da şamildir. Biz də bu hüququ davam etdirir, keçiririk öz üzvlərimizə.
 
- AFFA-nın əsas sponsorlarından olan SOCAR-da Müşahidə Şurası yaradıldı. Həmin şura ilə münasibətin AFFA üçün hansı müsbət cəhətləri olacaq?
- SOCAR 2005-ci ildən AFFA-nın baş sponsorudur. Hər dəfə növbəti il üçün büdcə təsdiqlənir. Hesabatda da gördünüz ki, 2020-ci ildə bizim xərclərimizin 50 faizini SOCAR maliyyələşdirib. Məqsədimiz odur ki, yeni sponsorlar da cəlb edək. Əvvəlki illərdə SOCAR-ın dəstəyi 40 faizə düşmüşdü, pandemiya ilə əlaqədar bu dəstək 50 faiz oldu. Bu səbəbdən sual daha çox SOCAR-a aiddir. AFFA bu barədə heç nə hiss eləmədi. Hər şey qaydasındadır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right