“Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı” Kamal Umudlu

“Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan”.
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının 14-cü turunun "Səbail" - "Neftçi" matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.
 
44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: "117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır".
 
117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: "Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək "Qarabağ" və "Zirə" arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı".
 
Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: "Amma döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. Oyun qaydaları kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə başladım. Artıq planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var".
 
Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: "Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu".
 
Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: "Onlardan biri - Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib".




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah