AFFA Ukraynadan 2 futbolçunu milliləşdirə bilər

Milli komandalar üçün seleksiya işlərini sürətləndirən AFFA əli çatan ölkələrdə axtarışlarını davam etdirir.

Newsport.az saytının əldə etdiyi məlumata görə, gündən-günə genişlənən siyahıya daha iki futbolçu əlavə olunub.

Bu dəfə Ukraynada çıxış edən oyunçular diqqət mərkəzinə düşüb. Onlardan biri yarımmüdafiəçi Anatoli Nuriyevdir. AFFA-nın gənclər millisinə dəvət etmək istədiyi “Minay” klubunun hücumçusu Rüstəm Əhmədzadənin komanda yoldaşı olan Nuriyev menecerlər tərəfindən təklif olunub. “Hoverla”nın yetirməsi olan pleymeykerin 25 yaşı var.

Təklif edilən digər futbolçu isə Allahyar Səyyadmaneşdir. Onun karyerasının nisbətən uğurlu olması diqqətdən qaçmır. Məhz bu amil seçimə təsir edə bilər. İlk peşəkar klubu “İstiqlal” olan iranlı hücumçu 2019-cu ilin yayında Türkiyə nəhəngi “Fənərbaxça”ya keçib. Əvvəlcə “İstanbulspor”da icarə əsasında 6 ay oynamış 20 yaşlı oyunçu ötən ilin oktyabrında Ukrayna təmsilçisi “Zarya”ya eyni şərtlərlə verilib. “Fənərbaxça” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Allahyar bu ilin sonuna qədər “Zarya”da çıxış edəcək. Səyyadmaneş İranın U-17 və U-23 yığmaları ilə yanaşı, əsas millisində də çıxış edib. O, 2019-cu ilin iyununda Suriya ilə yoldaşlıq matçında (5:0) 10 dəqiqə meydanda olub, 1 qol da vurub.

Qeyd edək ki, Ukraynanın “Aleksandriya” klubunun müdafiəçisi Pavel Paşayev 2015-ci ildə milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right