Ayxan Abbasov: "Yaxın günlərdə yeni transferlərimiz olacaq"

Təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hazırlıq prosesi barəsində klubun rəsmi saytına müsahibə verib.
 
Newsport.az həmin müsahibəni təqdim edir:
 
- Premyer Liqanın 2020/21 mövsümünün arxada qalan ilk yarısını necə dəyərləndirərdiniz?
- Lap əvvəldən başlasaq, deyə bilərik ki, mövsümün əvvəlində bir neçə əsas futbolçumuzla yollarımız ayrılmış oldu. 2020/2021 mövsümünün startı ilə yanaşı bizi Avropa Liqasında da çətin debütün  gözlədiyini bilirdik. Vaxt azlığına baxmayaraq, ilk öncə əksər futbolçularımızla müqavilələri yenilədik və bir neçə yeni futbolçu heyətimizə qatmaqla Qəbələ şəhərinə təlim-məşq toplanışına yollandıq. Mövsümöncəsi hazırlıq mərhələsi ərzində çətinlik çəksək də, qayıtdıqdan sonra yeni transferlər də daxil olmaqla heyəti komplekləşdirə bildik. Premyer Liqanın debüt matçında “Keşlə”yə minimal hesabla məğlub olduq, ardınca şəhərin və klubun tarixində ən vacib oyunlardan birini keçirdik. Əslində Avropa Liqasında püşk də üzümüzə gülməmişdi. Olduqca çətin komandaya rəqib olduq. Buna baxmayaraq, Şimali Makedoniyanın “Şkendiya” klubu ilə oyunda komanda pis təsir bağışlamadı. Lakin sonda təcrübə öz sözünü dedi, nəticədə məğlub olaraq mübarizəni dayandırdıq. Zaman keçdikcə gördük ki, çox güclü bir rəqibə qarşı mübarizə aparmışıq. “Şkendiya” bizdən sonra bir mərhələ də keçib, İngiltərənin “Tottenhem” klubuna qarşı oyunda məğlub olaraq mübarizəni dayandırdı. Həmin komanda hazırda Şimali Makedoniya çempionatının lideridir. Mövsümün ilk iki oyunda məğlub olmağımıza baxmayaraq, komandadakı irəliləyişi görürdüm. Daha sonra ardıcıl qələbələr qazanmaqla uğurlu qrafik yaxaladıq. İlk dövrəni lider kimi tamamlamağımız formada olmağımızın və düzgün çalışmağımızın bariz nümunəsi idi. Çempionatın gedişində də deyirdim ki, bu tempdə davam etməyimiz üçün heyətimizin geniş olması şərtdir. Belə bir vəziyyətdə gözlənilməz zədə hər şeyi “darmadağın” edə bilərdi ki, bu da baş verdi. Ən yaxşı formada olduğumuz dövrdə birdən-birə iki mövqedə əsas futbolçularımızı itirdik. Süleyman Əhmədovun U-21 millisinin heyətində zədələnməsi və ilk dövrədə 6 qol vurmuş hücumçumuz Əli Qurbaninin zədələnərək iki aylığa sıradan çıxması oyunumuza təsirini göstərdi. Nə qədər alternativ variant fikirləşsək də, zədələr oyun sistemimizi sıradan çıxardı. Digər məsələ isə son üç qarşılaşması ərəfəsində məlum COVID-19 infeksiyasının təsiri idi. Təsəvvür edin, 11-ci turda “Qəbələ” ilə matça hazırlaşırsan, bir gün öncə oteldə olduğun müddətdə oyun təxirə salınır və qarşılaşma iki gün sonraya keçirilir. İki gün sonra həmin oyundan əvvəl bir neçə futbolçun xəstələnir və heyəti qurmaqda çətinlik çəkirsən. Daha sonra komandanın böyük hissəsinin virusa yoluxması və iki həftəlik məlum təxirəsalmadan sonra iki oyuna çıxmaq bizim üçün olduqca çətin idi. Ağır xəstəlikdən sonra iki həftə məşqsiz qalan futbolçularım “Zirə” ilə qarşılaşmada güc tapıb mübarizə apardı, lakin son oyunda “Sabah”la qarşılaşmada gücümüz tam tükənmişdi. Təbii ki, bunlar itirdiyimiz xalların bəhanəsi ola bilməz. Ümumi götürsək, futbolçularım qış fasiləsinə qədər özlərini hər tərəfdən yaxşı göstərə bildilər.
 
- Qış fasiləsinə qədər qarşınıza qoyduğunuz məqsədlərə çata bildinizmi?
- Qış fasiləsinə qədər lider kimi tamamladığımız birinci dövrədən sonra ikinci yarıda uğursuz oyunlar keçirməyimizə baxmayaraq, işimizin öhdəsindən gəldiyimizi düşünürəm. Hazırda 4-cü pillədə qərarlaşmışıq və 3-cü pillədən 4 xal geridəyik. Ümumən götürsək, yarımillik dövr ərzində işimizin bəhrəsini gördüyümüzü düşünürəm. Bu müddət ərzində “A” milli komandamıza “Sumqayıt” FK-dan 6 futbolçu dəvət olundu ki, bu da bizi sevindirməyə bilməzdi. Arxada qalan dönəmdə gənc futbolçuların yetişməsinə çalışdıq və buna qismən nail olduq. Premyer Liqada 13 tur ərzində ümumilikdə 7 limit futbolçunun xidmətindən istifadə etdik. Elə qarşılaşmalar oldu ki, start heyətimizdə 3 limit futbolçu yer aldı. Daim gənc futbolçuların inkişafı üçün çalışan “Sumqayıt” FK bu işi yenə də davam etdirəcək. Arxada qalan 6 ay ərzində akademiyamızdan mütəmadi olaraq gənc futbolçuları məşqlərimizə dəvət edirdik. Nəticədə bu müddət ərzində 3 yeni gənc futbolçumuzla peşəkar müqavilə imzalamış olduq.
 
- Hazırda davam edən qış təlim-məşq toplanışı barəsində məlumat verməyinizi xahiş edərdik...
- Yanvarın 4-dən Premyer Liqanın ikinci mərhələsi üçün məşqlərə başlamış olduq. Sumqayıtda “Kapital Bank Arena”da baş tutan ilk mərhələdə daha çox fiziki hazırlıq üzrə çalışdıq. 4 günlük proqramın ardından isə dünəndən başlayaraq Mərdəkanda yerləşən “Milli komandaların məşq mərkəzi”ndə təlim-məşq toplanışına start verdik. Ölkə xaricində olan futbolçularımız da artıq ailələrinin yanından qayıdıblar və dünəndən etibarən tam heyətlə hazırlığımız davam edir. Ayın 14-dək davam edəcək toplanış ərzində iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Belə ki, yanvarın 10-da “Dalğa Arena”da “Zirə”, 14-də isə doğma meydanımızda “Qəbələ” ilə qarşılaşacağıq. Pandemiya ilə əlaqədar fərqli bir proqram üzərində çalışmış oluruq. Vaxt azlığına baxmayaraq, maksimum hazırlıq keçmək istəyirik. Açığı, bizi fasilədən sonra rəqabət və daha çətin oyunlar gözləyir.
 
- Yeni futbolçuların heyətə cəlb olunması gözlənilirmi?
- Yeni futbolçulara ehtiyacımız olduğunu bilirik. Hazırda bunun üzərində işlər gedir. İlk gələn futbolçu cinah müdafiəçisi Cabir Əmirli oldu. Onu mövsümün sonuna kimi “Neftçi”dən icarəyə götürmüşük. Hazırda danışıq apardığımız bir neçə futbolçu da var. Danışıqlar müsbət nəticələnsə, yaxın günlərdə yeni transferlərimiz olacaq. İlk növbədə hər mövqedə sağlam rəqabət görmək istəyəm. Fasilədən sonra bizi çətin təqvim gözləyir. İstədiklərimizi edə bilsək, inanıram ki, qışdan sonra tamam başqa “Sumqayıt” görə bilərik.
 
- Mövsümün qalan hissəsi üçün gözləntiləriniz...
- Məlumdur ki, bu il qış toplanışı digər illərdən fərqli oldu. Öncəki illərdə Antalyada xarici klublara qarşı yoxlama oyunları oynamaqla komandanı pillə-pillə formaya salırdıq. Bu dəfə isə həm vaxtımız azdır, həm də komanda ağır xəstəlikdən çıxıb. İki həftəlik təlim-məşq toplanışı ərzində komandanı maksimum formada hazır vəziyyətə gətirmək istəyirik. Həmişəki kimi, futbolçularıma inamım sonsuzdur. Bütün gücümüzü ortaya qoyub yenidən Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Buna imkanımız da var. Əsas məqsədlərimizdən biri həmişəki kimi yenə gəncləri üzə çıxarmaq və ölkə futboluna yeni adlar qazandırmaq olacaq. Mövsümün əvvəlindən qarşıya qoyduğumuz hədəf çempionatda mübariz, əzmkar bir komanda formalaşdırmaq idi. Şükürlər olsun ki, buna nail olmuşuq. Daha bir önəmli hədəfimiz isə milli komandalara verdiyimiz futbolçu sayının çox olmasıdır. “A” millinin, U-21-in son toplanışlarına çağırılan futbolçuların performansı bizi sevindirdi. Millinin məşqçiləri ilə də daim ünsiyyətdəyik. Ümidvarıq ki, “Sumqayıt”dan milli komandalara gedən futbolçu sayı növbəti toplanışlarda daha çox olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right