"Sanki UEFA bizə yuxarıdan aşağı baxır" - Qarayev uğurunu şəhidlərə həsr etdi

Futbol camiəsi üçün 2020-ci il başa çatdı.

İdmanın bu növündə çox böyük uğurlar əldə etməsək də, müəyyən anlarda sevinə bildik.

Son ölkə çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində vəsiqə qazanması bunlardan biri idi. Koronavirus pandemiyasının da təsiri çox oldu.

Bu səbəbdən “ilin ən yaxşı futbolçusu”nu seçmək çətin olsa da, artıq qalibin adı bəllidi.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın və milli komandanın yarımmüdafiəçisi Qara Qarayev bütün rəqiblərini qabaqlamağı bacardı.

147 respondentin iştirak etdiyi sorğuda 28 yaşlı futbolçu 201 səs yığdı. Bununla da “Futbol+”in 22-ci dəfə keçirdiyi səsvermədə qələbə qazandı.

Bu məqsədlə Qara Qarayevlə əlaqə saxladıq. Onu ölkədə ilin ən yaxşı futbolçusu seçilməsi münasibəti ilə təbrik etdik. Yarımmüdafiəçi ilə bu nominasiyada qalib gəlməsi, həm futbolda, həm də başqa sahələrdə baş verən proseslər haqda söhbətləşdik (Futbol+).

“Hər bir oyunçunun əsas istəklərindən biri bu səsvermədə qalib olmaqdı”

- Qəzetimizin 22-ci dəfə keçirdiyi “ilin ən yaxşı futbolçusu” sorğusunda qalib gəldin. Hansı hissləri keçirirsən?
- Sorğuda iştirak edən, mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Hazırda sevincimin həddi-hüdudu yoxdu. Futbol adına çox çətin il oldu. Həm koronavirusa, həm də müharibəyə görə futbol bir az kənarda qaldı. Düşünürəm ki, səsverənlər üçün də çətin qərar olub. Açığı, gözləmirdim ki, qalib olaram. Məni seçdikləri üçün futbol ictimaiyyətinə, mütəxəssislərə, azarkeşlərə təşəkkürümü bildirirəm. “Futbol+” qəzetinin rəhbərliyi, jurnalist və texniki işçiləri çox sağ olsun. Siz ölkənin ən güclü media qurumusuz. Bizim uşaqlığımız “Futbol+” ilə keçib. Belə bir qurumun səsverməsində qalib olmaq adamda ayrıca fərəh hissi yaradır. İllərdi əziyyət çəkib, ilin sonunda belə məsuliyyətli sorğu keçirirsiz. Futbolçular da belə səsvermələri, müsabiqələri nəzərə alıb, il ərzində özünü daha yaxşı tərəfdən göstərməyə çalışır. Ölkə futbolunda olan hər bir oyunçunun əsas istəklərindən biri bu səsvermədə qalib olmaqdı. Mən də onlardan biriyəm və hazırda özümü çox sevincli hiss edirəm. Bir daha mənə səs verənlərə sonsuz minnətdarlığımı bildirirəm.

- İkinci pillədə 196 səslə komanda yoldaşın Şahruddin Məhəmmədəliyev yer aldı. Səsvermə zaman onunla aranda amansız rəqabət var idi. Bəzən ilk pillədə sən, bəzən də Şahruddin qərarlaşırdı. Yekunda onu 5 xal qabaqlamağı bacardın. İstəyərdin ki, bu ilin ən yaxşı futbolçusu Şahruddin seçilsin?
- Bunu tam səmimiyyətimlə deyirəm, Şahruddin bu ada məndən daha layiq idi. Şah bu il həqiqətən də özünü yaxşı tərəfdən göstərdi. O, özündə inam taparaq həm “Qarabağ”ın, həm də millinin əsas qapıçısı olmağı bacardı. Mən elə düşünürdüm ki, səsvermədə qalib Şahruddin olacaq. Özüm də “Futbol+” qəzetinin səsverməsində iştirak edənlərdənəm. Mən ən yaxşı olaraq onu seçmişdim. Bizim aramızda rəqabət ola bilməz. Amma bizdən xəbərsiz belə halın baş verməsi sevindirici məqamdı. Çünki hər ikimiz “Qarabağ” ailəsinin üzvüyük. Seçicilərin bizim komandanın 2 nümayəndəsini ən yaxşı kimi görməsi həqiqətən sevindirici məqamdı. İndi çalışmalıyıq ki, onların bu inamını daha da doğruldaq. Həm mənim, həm Şahruddinin əsas məqsədi bu yöndə olacaq. Bir daha bildirirəm ki, Şah bu ada daha layiq idi. Onun qalib olmasını çox istəyirdim.

“Yeni ilə bütöv Azərbaycan olaraq qədəm qoyacağıq”

- “Futbol+”in ənənəvi sorğusunda ikinci dəfə qalib olmağı bacardın. Sonuncu dəfə 2014-də ilin ən yaxşı futbolçusu seçilmişdin. Beləliklə, “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovdan sonra ikinci dəfə səsvermədə qələbə qazanan “Qarabağ”ın ikinci üzvüsən...
- Elə həmin ildən sonra mükafat qazanmamışam. Uzun illərdi gözləyirdim ki, bu ada sahib olum. Rəşad Sadıqov həm “Qarabağ”ın, həm də Azərbaycan futbolunun əfsanələrindən biridi. Ondan sonra bu nəticəni təkrarlamaq ayrıca bir qürur hissidi. Çünki Sadıqovun Azərbaycan futboluna həqiqətən də böyük töhfəsi olub. Mən də əlimdən gələni etməyə çalışıram ki, ölkəmiz üçün nələrsə edim. Futbolda qazandığımız uğurların sayını daha da çoxaldaq. Ümumiyyətlə, “Qarabağ”ın üzvü olmaq çox böyük məsuliyyətdi. Sən hər zaman diqqət mərkəzində olursan. Oyunun, davranışın, etdiklərin hamının nəzərində olur. Bunun nəticəsində ya ən yaxşılardan olursan, ya da tənqid olunursan. Şükürlər olsun ki, əlimdən gələn qədər komandamızı layiqincə təmsil etməyə çalışıram.

- Səsvermə də bir mübarizədi. Sən burda qalib olmusan. Qələbəni kimə həsr etmək istəyirsən?
- Bu il ölkəmiz üçün həqiqətən də çox çətin oldu. Uzun illər həsrətində olduğumuz torpaqlarımız müzəffər ordumuz tərəfindən işğaldan azad olundu. Əsgərlərimiz sayəsində indi başıuca gəzirik. Torpaqlarımız uğrunda mübarizə aparan hər kəs qəhrəmandı. Azərbaycanın suverenliyi uğrunda canından keçən hər bir qardaşımın, bacımın qarşısında baş əyirəm. Düşünürəm ki, əsl qələbəni şəhidlərimiz qazanıblar. Onlar bizim üçün can veriblər. Onların anaları, ataları, qardaşları, qohumları qarşısında baş əyirəm. Hər birinin əlindən öpürəm. Mən bu qələbəni şəhidlərimizə həsr edirəm. Mənim qələbəm onlarınkının yanında dəfələrlə azdı. Onlar olmasaydı, Azərbaycan, xalq, Qarabağ olmazdı. Şəhidlərimiz bizə əsl sevinci yaşatdılar. Onlar olmasaydı, Qara Qarayev olmazdı, belə bir sorğuda birinci yerə layiq görülə bilməzdi. Bu səbəbdən də yaşadığımız, nəfəs aldığımız hər an üçün şəhidlərimizə borcluyuk. Məhz buna görə də qələbəmi Azərbaycanın bütövlüyü uğrundan canından keçənlərə həsr edirəm. Onların ruhları qarşısında baş əyib, minnətdarlığımı bildirirəm.

- Səncə, bu il Azərbaycan üçün uğurlu oldu?
- Açığı, koronavirus pandemiyası xalqımızda müəyyən ruh düşgünlüyü yaşatmışdı. İnsanlar xəstələnirdilər, infeksiyaya görə dünyalarını dəyişirdilər. Əvvəl elə düşündüm ki, 2020-ci ildə xoş nəsə olmayacaq. Amma ordumuz məni yaxşı mənada yanıltdı. İllərdi həsrətində olduğumuz Qarabağ işğaldan qurtuldu. İlin əvvəlində mənim üçün xəyal olan Füzulim geri qayıtdı. Təkcə öz doğma yurdum yox, bütün Qarabağ düşmən işğalından azad olundu. O yerlər mənim üçün çox dəyərli və müqəddəsdi. Orda bir gün keçirməyin xəyalını qurmaq belə insana sevinc hissi yaşadır. Bunu bizə yaşatdığına görə əsgərlərimizə, şəhidlərimizə, ölkə başçısına xüsusi minnətdarlığımı bildirirəm. Onların hamısı qəhrəmandılar. Məhz belə çətin keçən ilin sonunun möhtəşəm alınması məndə ruh yüksəkliyi yaratdı. Artıq biz qalibik, alnımız açıq, başımız ucadı. Yeni ilə bütöv Azərbaycan olaraq qədəm qoyacağıq. Düşünürəm ki, əvvəli yaxşı olmasa da, ordumuz ilin sonunu bizim üçün möhtəşəm etdi.

“Koronavirusa görə ən çox əziyyət çəkən “Qarabağ” oldu”

- Bir az da futboldan danışaq. Səncə, Azərbaycan futbolu üçün 2020-ci il uğurlu sayıla bilər?
- Məncə, yox. Amma bunun da səbəbləri var idi. Əsas problem koronavirus pandemiyası oldu. İlin ortasında çempionat dayandırıldı. Milli komanda Millətlər Liqasında 3-cü olmaqla hədəfinə çata bilmədi. Açığı, hamı bizdən daha yaxşı nəticə gözləyirdi. “Qarabağ” olaraq isə minimal hədəfimizə çatdıq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq bizim ən başlıca məqsəd idi. Futbol təkcə bizdə problemli olmadı. Dünyanın hər bir ölkəsində koronavirus tüğyan etdi. Bu səbəbdən də istənilən performansı göstərə bilmədik. Bu problem təkcə futbola aid deyildi. Bütün idman növlərində yarışlar dayandırıldı. Daha sonra müharibə psixoloji cəhətdən fikrimizi toparlamağa mane oldu. Oyunlarımız doğma meydanda keçirilmədi. Həm “Qarabağ”la, həm milli ilə ümumilikdə 6 ev oyunumuzu səfərdə keçirdik. Bunun da xüsusi təsiri oldu. Azərbaycanın iqlimi başqa ölkələrdəkindən çox fərqlənir. Əcnəbi futbolçularla söhbətlərimizdə də bunu tez-tez bizə deyirlər. Düşünürəm ki, doğma meydanda oynaya bilməməyimiz də nəticələrə çox təsir etdi.

- “Qarabağ” üçün ili necə dəyərləndirərdin?
- Bizim üçün il yaxşı başlamışdı. Ölkə çempionu olduq. Düzdü, çempionat yarımçıq dayandırıldı. Lakin yekunda qalib gəldik. Daha sonra uğurlu Avropa macərası başladı. Düşürəm ki, koronavirusa görə ən çox əziyyət çəkən “Qarabağ” oldu. 3-cü təsnifat mərhələsində “Molde”yə görə problem yaşadıq. Oyunumuz neytral meydana salındı. Norveçlilər belə tələb etmişdilər. Həmin oyunu Bakıda keçirsəydik, pley-offa asanlıqla vəsiqə qazana bilərdik. Bu məqam psixoloji olaraq bizə təsir etdi. Daha sonra Avropa Liqasının pley-offunda səfərdə möhtəşəm qələbə qazandıq. Düşünürəm ki, “Legiya”ya elə qalib gələcəyimizi heç kim düşünmürdü. Amma özümüzdə güc tapıb, polşalıları məğlub etdik. Onların özü də “Qarabağ”ın belə çıxış etməsinə görə təəccüblənmişdilər. Məncə, avrokuboklar tarixində ən yaxşı oyunlarımızdan biri idi. Qrup mərhələsində isə problemlərimiz artdı. Zədəlilərimiz, xəstələnənlərimiz istənilən kimi çıxış etməyimizə mane oldu. Əminəm ki, heyətdə çatışmazlıq olmasaydı, qrupda rahat ikinci yeri tuta bilərdik. Çünki “Makkabi”, “Sivasspor” bizdən o qədər də güclü komandalar deyildi. Qrupun əsas favoriti, əlbəttə, “Vilyarreal” idi. Lakin biz İstanbulda onlarla, demək olar ki, başabaş mübarizə apardıq. Hətta qalib də gəlirdik. Son anda qələbəni əldən verdik. Daha sonra koronavirusa yoluxanlar oldu. Baş məşqçimiz oyunlarda yanımızda ola bilmədi. “Makkabi” ilə heç-heçə etdiyimiz oyunda Toral Bayramovdan başqa əvəz edə biləcəyimiz heç kim yox idi. Mən Avropa Liqasının 2 matçında müdafiənin mərkəzində oynadım. Çünki oyunçu çatışmırdı. Bunlara görə də kimisə qınamaq olmaz. Pandemiyadı və hamı buna yoluxur. Mənim nəticəm belə pozitiv çıxdı. Heç kim bilərəkdən oyun buraxmadı. Hamı ya zədələndi, ya da COVID-19 virusuna yoluxdu. Bundan da “siğortalanmaq” olmur. Bu səbəbdən də qrup mərhələsində zəif çıxış etdik. Lakin bütün komanda üzvlərimiz sırada olsaydı, bu qrupu keçə biləcək gücdə idik. Amma yenə də minimal hədəf olan Avropa Liqasının qrupuna vəsiqə qazanmağı təmin etdiyimizə görə sevinmək olar.

“Sanki UEFA bizə yuxarıdan aşağı baxır”

- Sanki UEFA-nın da “Qarabağ”a qarşı qərəzli olduğu hiss olundu.
- Əleyhimizə verdiyi qərarlar anlaşılmaz idi. “Molde” ilə matça 2 gün qalmış oyunun keçirilmə yeri dəyişdi. Biz Bakıda oynamağa hazırlaşırdıq, amma sonra matç neytral meydana salındı. Daha sonra baş verən proseslərlə bağlı verilən qərarlar anlaşılmazdı. İstənilən halda, sanki UEFA bizə yuxarıdan aşağı baxır. Bu da xoş hal deyil. Verilən bütün qərarlarda dediyimi hiss etmək olar. Amma qərəzli yanaşdıqlarına inanmıram.

- Sonda ilin ən yaxşı futbolçusu seçilməyin münasibəti ilə bird aha təbrik edirəm.
- Bir daha sizə və bütün kollektivinizə təşəkkür edirəm. Məni bu ada layiq görən hər kəsə minnətdaram. Azərbaycan xalqını da bayram münasibəti ilə təbrik edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right