Düşmən dəyirmanına su tökən

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət oluna bilər.

Bu barədə qərar yanvarın əvvəlində veriləcək.

Səbəb UEFA-nın apelyasiya şikayətinə baxmamasıdır. Qurumun Etika, Nəzarət və İntizam Komissiyasının İbrahimovun ömürlük futboldan kənarlaşdırılması barədə qərarla bağlı şikayət UEFA-da əngəllərə məruz qalıb.

Dünən qitə futbol qurumu apelyasiyanı baxmaq üçün qəbul etmədən geri çevirib. Qış fasiləsində yanvarın 5-dək tətilə yollanacaq UEFA-nın həmin müddətə qədər fikrindən dönəcəyi istisna deyil.

Amma bu müddətdə apelyasiya baxılmaq üçün qəbul olunmasa, İbrahimov və vəkili CAS-a şikayət göndərəcək.

Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

Üstəlik, klub 100 min avro məbləğində cərimələnib.

Vəziyyət, əslində, bu həddə çatmalı deyildi. Çatıbsa, heç şübhəsiz, AFFA da bunda günahkardır. Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov məsələni gündəminə alacağını, probemin motivi və həll yolları ilə maraqlanacağı ilə bağlı mətbuata mesaj da vermişdi.

Bu, onun imkanı daxilində olan işdir. İstəsəydi, 1 günün içində yoluna qoyardı. İstəmədi. Əksinə, sevindi. Çünki burada söhbət «Qarabağ»dan, onun rəsmisindən gedir.

Ağdam klubunun zərərinə olan və ola biləcək istənilən addım, istənilən qərar E.Məmmədovun ürəyincədir. Bu zatın gücü çatsa, əlində olsa, «Qarabağ»ı günü bu gün Premyer Liqadan uzaqlaşdırar, futboldan «silər».

Son illərin dəyişməz Azərbaycan çempionunun Avropada hər uğuru ox olub onun ürəyinə batır, sancılandırır. Özü bacarıqsızdır, uğursuzdur, heç bir tutarlı nəticəsi yoxdur deyə… «Qarabağ» camiəsindən zəndeyi-zəhləsi gedir.

Bu illər ərzində daha nə pislikdər etməyib ki onlara… Bir yox, yüz dəfə. Yüz yox, min dəfə.

2018-ci ildə «Arsenal»la Avroliqa matçından 1 gün öncə düz-qoş etdiyi «dopinq şou», Qurban Qurbanovun başına millidə gətirdiyi hoqqalar, son qrup oyunlarının Bakıdan alınması və bunun kimi çoxsaylı hallar… Hamısında əli var.

Ölkə futbolunu cənginə alan bir virus kimi illərdir ortalıqda dolaşan, odda yanmayıb, suda batmayan varlıq olaraq özünü təsdiqlədən E.Məmmədovun bütün fikri kreslosunu qorumaq, beləliklə, yığdığı var-dövləti daha da artırmaqdır. «Qarabağ» da böyrü üstə qalsaydı, ən böyük arzusuna çatar, canı dincələrdi.

Xoflu adam kölgəsindən də qorxar. Odur ki, «Qarabağ» E.Məmmədovun şirin röyalarının ən qorxulu hissəsidir. Bu ad gələndə, sanki pis bir şey eşidir, diksinir və təşviş hissi keçirir.

İllər əvvəl Bernard Lippert və özünə yaxın bildiyi bəzi kadrları «Qarabağ»da yerləşdirmək üçün plan quran, altdan-altdan bu istiqamətdə işlər görən və yalnız son anda burnundan vurularaq geri qayıdan E.Məmmədov belə görünür ki, hələ də öz «ülvi məqsədlər»indən vaz keçməyib.

UEFA-nın Nurlan İbrahimovun timsalında «Qarabağ»a verdiyi cəza birbaşa erməni lobbisinin təsiridir.

Hələ 5 il öncə UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini verən, seçilməsə də, hazırda qitə futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsini yerinə yetirən Məmmədovun məlum qərarın ləğvinə, yaxud dəyişdirilməsi və yumşaldılmasına təsir imkanını heçmi yox sayırsız?

Birmənalı edə biləcəyi işdir. O, bir zənglə həllinə nail olacağı məsələnin üstünə düşmür, əvəzində heç nə olmamış kimi gülə-gülə «Qarabağ» rəhbərliyi ilə münasibət qurur.

Əsl ingilissayağı siyasət!

Uiston Çörçil necə demişdi? Yaxşı insan, gügclü diplomat - bir qəbirdə iki adam necə yata bilər?

UEFA rəhbərliyində bir erməni təmsil olunmur. Elxan Məmmədov isə uzun müddətdir Avpropa futbol təşkilatının ofisini «su yolu»na döndərib. Onu nə vaxt AFFA-da axtarırlar, səs-sorağı İsveçrədən – Nyondan gəlir.

Elxan Məmmədovun «Qarabağ»ı, heç olmasa, adına görə müdafiə etməməsi göstərir ki, o, təəssübkeş Azərbaycanlı kimliyi ilə vidalaşıb.

Nətəhər olur, bir qrup dılğır erməni UEFA-ya təzyiq göstərir, istədiyi qərarı verdirir, sən isə ağzına su alıb yerində əyləşirsən?

Hanı əlaqələrin, illərlə qurduğun münasibətlər? Hamısını özün üçün saxlamısan? Bəs vətən? Bəs torpaq? Bəs Qarabağ?: bəs Azərbaycançılıq? Bəs…

Heyhat, İsveçrədə özünə biznes quran, Nyonda ev alan icraçı vitse-prezidentin «İbrahimov işi»ndə tükünün tərpənməməsini təəccüb deyil, təəssüf hissi ilə müşahidə etməkdəyik! Bu səssizlik düşmən dəyirmanına su tökməkdir…

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right