“Koronavirus komandalardakı balansı pozur” Xayme Romero

"Koronavirus testlərimin nəticələri müsbət çıxsa da, özümü ilk gündən yaxşı hiss edirəm. Yoluxduğumdan bəri məndə heç bir simptom olmayıb. Hər şey normaldır".
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında ikinci dəfə koronavirus testi müsbət çıxan "Qarabağ"ın futbolçusu Xayme Romero deyib.
 
İspaniyalı yarımmüdafiəçi virusa yoluxmağın zədələnməkdən fərqi olduğunu bildirib: "Hansısa futbolçu zədələnəndə alternativ olaraq digəri meydana çıxır və oynayır. Amma komandada kütləvi yoluxma olanda, vəziyyət qəlizləşir. Testi müsbət çıxan komandadan ayrılır, karantində olur və məşq imkanı da olmur. İki həftədən sonra məşqə qayıtmaq və forma yığmaq uzun prosesdir".
 
Təcrübəli futbolçu bu cür halların komandaların oyununa təsirsiz ötüşməyəcəyini də vurğulayıb: "Hər bir komandada balans pozula bilər. Komandalar arasındakı güc nisbəti gündən-günə dəyişəcək. Tək Azərbaycanda yox, bütün dünyadakı komandalar bu problemdən əziyyət çəkirlər. Ümid edirəm ki, qısa müddətdə k oronavirus problemindən xilas olacağıq".
 
30 yaşlı legioner koronavirusa yoluxma üzündən Avropa Liqasının qrup mərhələsində İspaniyada "Vilyarreal" komandası ilə səfərdə keçirməli olduqları görüşün baş tutmadığı və Azərbaycan Premyer Liqasında qısamüddətli fasilənin yarandığını xatırladıb: "Avropa Liqasındakı son oyunumuzun da keçirilməsini hamımız istəyərdik. Lakin məlum səbəblərə görə alınmadı. Qarşılaşmanın təxirə salınması bizdən asılı deyil. Son qərarı da UEFA verəcək. Bizim edə biləcəyimiz bir şey yoxdur. Premyer Liqadakı təxirə salınmış turların dekabrın 20-dən keçirilməsinə qərar verilibsə, nə isə deməyə ehtiyac yoxdur".
 
Qeyd edək ki, "Vilyarreal" - "Qarabağ" matçı dekabrın 10-da keçirilməli idi. Lakin Azərbaycan komandası heyətindəki 23 futbolçudan 13-ü koronavirusa yoluxduğu və zədəli olduğu üçün İspaniyaya yollanmayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right