“Rahat, üzərimizdə təzyiq olmadan oynayacağıq” De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyanın “Informer” nəşrinin suallarını cavablandırıb.
 
Newsport.az həmin müsahibəni təqdim edir:
 
- Siz Albaniya millisi ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmısınız. Bu dəfə də oxşar hadisəni təkrarlayıb, qrupda ilk 2 yerdən birini tuta biləcəksiniz?
- Həyatda olduğu kimi, futbolda da mümkünüz heç nə yoxdur. Məncə, bizim üçün çox çətin olacaq. Amma itiriləsi heç nəyimiz yoxdur. Rahat, üzərimizdə təzyiq olmadan oynayacağıq. Mümkün qədər çox xal yığmağa çalışacağıq.
 
- Püşkdən sonra ilkin təəssüratınız necə oldu? Portuqaliya və Serbiyanın qrupda birinci yer uğrunda mübarizə aparıb, onlardan birinin dünya çempionatına birbaşa yollanacağını gözləyirsiniz, yoxsa masada başqa plan var?
- Hesab edirəm ki, Portuqaliya və Serbiya dəyərinə, beynəlxalq təcrübəsinə və həm də gözəl futbol ənənələrinə sahib olduqlarına görə qrupun favoritləridir.
 
- Serbiya millisinin 2 oyunçusunu Azərbaycan yığmasına götürmək imkanınız olsaydı, kimləri seçərdiniz?
- Çox çətin seçim olardı. Çünki heyətinizdə çoxlu sayda yaxşı oyunçu var. 2-3 oyunçunun adını çəksəm, başqalarını hirsləndirəcəyimdən qorxuram. Bu, sabah mənim üçün problem ola bilər (gülür). Ona görə də ən yaxşısı, ad çəkməyim.
 
- 5 il öncə Albaniya yığmasının baş məşqçisi kimi Belqrada gəldiyinizi nəzərə alsaq, budəfəki səfərdən qorxmayacaqsınız. Tribunada azarkeşlər olsa, sizi bir az "isti" qarşılayacaqlar...
- Açığı, narahat olmağa heç bir əsas görmürəm. Bütün baş verənləri nəzərə alaraq, bu xoşagəlməz xatirəni bir kənara qoymağın ən yaxşı variant olduğunu düşünürəm. Vurğulamaq istədiyim tək şey, Aleksandr Kolarov, Branislav İvanoviç kimi oyunçuların və vəziyyəti sakitləşdirməyə çalışan daha bir neçə təcrübəli futbolçunun göstərdiyi məsuliyyət və ciddilikdir.
 
- Siz Serbiya ilə oyunlar öncəsi, xüsusilə də Belqraddakı matç zamanı xüsusi emosiyaların olmadığını demək istəyirsiniz?
- Başa düşmürəm, bu barədə danışmaq, beş il əvvəlki hadisələrə və oyunlara qayıtmaq nəyə lazımdır?
 
- Albaniya millisi ilə Lissabonda Portuqaliyaya qalib gəlmisiniz. Bu uğuru Azərbaycanla da təkrarlamaq mümkün olacaq?
- İndiki məqamda heç nə deyə bilmərəm. Amma, əlbəttə, çox çətin olacaq. Amma söhbətimizin əvvəlinə qayıdıram ki, futbolda mümkünsüz heç nə yoxdur.
 
- Oyunçularınızı Kriştiano Ronaldo ilə qarşılaşmaya psixoloji baxımdan necə hazırlayacaqsınız?
- Bu səviyyədə futbolçu ilə qarşılaşırsınızsa, əlavə motivasiyaya ehtiyac yoxdur. Sadəcə, oyunçuların özlərini sübut üçün qarşısıalınmaz arzusundan ən yaxşı şəkildə yararlanmaq məqsədilə gərginliyi və təzyiqi idarə etmək lazımdır.
 
- Albaniya millisindəki uğurunuza görə bu ölkənin fəxri vətəndaşı olmusunuz. Hazırda ikili vətəndaşlığınız var. Portuqaliya ilə yanaşı, Fransanı da məğlub etmisiniz və albaniyalıları tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmısınız. Orada isə Rumıniyaya qalib gəlmisiniz. Azərbaycanla da oxşar sürprizlər hazırlayırsınız?
- Azərbaycan millisində işə yenicə başlamışam. Bu qədər qısa müddətdə belə bir söz vermək qeyri-ciddi olardı. Albaniyada 6 il keçirdim və bu dövrün ikinci yarısında ən yaxşı nəticəmizi göstərərək, Avropa çempionatına vəsiqə qazandıq.
 
- Azərbaycan millisi 2021-ci ilin martında qrup mərhələsinin III turunda Serbiya ilə qarşılaşacaq. Hazırkı komandanız barədə nə deyə bilərsiniz? Nəzərə alaq ki, oyunçuların böyük əksəriyyəti yerli çempionatda çıxış edirlər və Avropaya tanış deyillər...
- Bəli, demək olar ki, bütün futbolçularımız ölkə daxilində oynayırlar. Beynəlxalq təcrübələri olmasa da, onlar maraqlı oyunçulardır. (Report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right