“Bəzi klub idarəçilərinə ayağı top tutmayan, yaxşı gəlir gətirən legionerlər sərf edir”

Azərbaycan millisinin sabiq üzvü, bu yay “Sumqayıt”dan ayrılan İlqar Qurbanovun “FutbolPress”ə müsahibəsi...
 
Çoxdandı səs-sorağın yoxdu. Karyeranı bitirmisən?
- Hələ ki, bitirməmişəm. Sadəcə, pandemiya və müharibə üst-üstə gəlincə futbol ikinci planda qaldı.
 
“Sumqayıt”dan niyə ayrıldın?
- Əgər komandaya faydam olmursa, orda oturub vaxt keçirməyimin mənası yoxdu. Bizdə bəzi klub idarəçiləri futboldan kənar adamlar olduqları üçün istər-istəməz belə hallar yaşanır. Bəzən düşünürlər ki, hər futbolçu eynidi. Ancaq mən boş-boş oturmağı qəbul edən biri deyiləm.
 
“Sumqayıt”dan yumşaq desək, xoş ayrılmadın...
- Ayrılığımız xoş olmadı. Bunu gizlətməyin mənası yoxdu. Futboldu, belə şeylər olur. Ümumiyyətlə, bu barədə çox danışmaq istəmirəm, keçmişdə qaldı. “Sumqayıt” futbolçularına uğurlar arzulayıram.
 
-  Başqa təklifin olmadı?
- Təkliflər var idi, “xala xətri”...
 
- 34 yaşın var. Fiziki cəhətdən hələ oynamağa hazır hiss edirsən?
- Fiziki durumum yaxşıdı. Ümumiyyətlə, bizim çempionatda fizika ikinci plandadı, çünki temp çox aşağıdı. Yenə mən 34 yaşa qədər oynadım, uşaq var, 23-26 yaşda klubsuz qalır. Təəssüf ki, bu da bizim bədbəxtliyimizdi.
 
- Bəs buna səbəb nədi?
- Ən çox bizim legioner sevdamız. Bəzi klub idarəçilərinə ayağı top tutmayan, ancaq yaxşı gəlir gətirən legionerlər sərf edir. Əlbəttə, bütün klublara aid deyil, 1-2-ni çıxmaq lazmdı. Bu da ondan irəli gəlir ki, idarəçilər futbolu bilmirlər, futbolu düşünmürlər. Sadəcə, illərdi bir şeyi anlamıram: legioneri gətirirsən, yaxşısını gətir, yenə qazan da... Ümumiyyətlə, tapşırıqla kiminsə dostu, kiminsə qohumu kluba gəlməməlidi. Futbol oynamış, bu sahədə yüksək təcrübəsi olanlara şərait yaradılmalı, onlar xaricə təcrübə üçün göndərilməli, peşəkarlar yetişdirilməlidi. Məncə, belə sistem qurulmalıdı. Yoxsa kiminsə dostu gəlir, 1-2 il klubu talayır, sonra gedir. Yazıqdı o kluba, o oyunçuya, israfdı. Yerli məşqçilərin, yerli oyunçuların dəyərini bilmək, onlara dəstək olmaq lazımdı.
 
- Karyeranı bitirmisən və ya bitirmək üzrəsən, bundan sonrası üçün planlar nədi? Futbol sahəsində qalacaqsan?
- Bu sferada qalmaq fikrim var. Daha çox idarəçi rolunda. Çünki bizdə idarəçilər futboldan kənar adamlardı. Ona görə də futbolumuz bu vəziyyətdədi.
 
- Yaxın perspektiv üçün hansı planlar var?
- Yəqin ki, yaxın günlərdə futbolda faydalı olmağımız üçün fəaliyyətlərə başlayacağıq. Hazırda xaricdəki əlaqələrimi nəzərdən keçirirəm. Menecerlərlə, klub idarəçiləri ilə danışıqlar gedir ki, azərbaycanlı oyunçular üçün nələr edə bilərik. Əlaqələrim genişdi, onlardan istifadə etmək istəyirəm.
 
- Karyeranda “Fənərbağça”dan “Sumqayıt”a, Türkiyənin aşağı yaş yığmalarından Azərbaycan millisinə qədər xeyli eniş-yoxuş olub. Ürəyincədi?
- Karyeram bir azərbaycanlı futbolçuya görə pis deyil. Hətta azsaylı futbolçulardanam ki, ölkədən kənarda oynamışam. Çünki son illərdə bizdə legioner həyatı yaşayan futbolçu sayı bir əlin barmaqlarını keçməz. Əlbəttə, milli komandada daimi oynasam, karyeram daha yaxşı alınardı. Çünki milli üzvü olmayanda istər-istəməz xaricdə ikinci planda qalırsan.
 
- Berti Foqtsun baş məşqçi olduğu zamanlarda belə problemlə üzləşdiyin yadımdadı. Əslində, nə baş verirdi?
- Həmin ərəfələr müsahibələrimdə tez-tez bildirir, milliyə gedəndə də etirazımı çatdırırdım ki, legioner gətirməyin. Çünki o, heç vaxt can qoymaz. Sabah uduzanda da çıxıb gedəcək ölkəsinə, tənqid olunan yenə biz olacağıq. Bundansa öz uşaqlarımız oynasınlar. Açıq danışdığıma görə gülünc bir bəhanə tapıb millidən uzaqlaşdırdılar. Adını qoydular ki, İlqar Qurbanov “Makdonalds”dan qamburger yeyir. Əslində, bu, bir oyun idi. Başa düşürəm ki, nəticə istəyirlər. Ancaq belə alınmır, israr etməyin mənası yoxdu. Əvəzində o vaxtdan uşaq futboluna yatırım edilsəydi, indi bəhrəsini 100 faiz görərdik.
 
- O bəhrəni görmədiyimiz bəllidi. Bəs futbolumuza baxanda görünən mənzərə necədi?
- Deyərdim ki, hər il yox, az qala hər gün geri gedirik, hər şey də ortadadı. Ancaq bunu ört-basdır etməyə çalışırlar. Elə görüntü yaratmaq istəyirlər ki, guya bizdə hər şey əladı.
 
- Narazılar çoxdu, etiraz edənlər də. Sən də futboldan kənar şəxslərin idarəçilikdə olduğunu söyləyirsən. Konkret çıxış yolu təklifin varmı?
- Geniş mövzudu. İlk növbədə uşaq futboluna yatırım edilməlidi. Uşaq futbolunun məşqçiləri daha peşəkarlaşdırılmalıdı. Bir məşqçi 3 yerdə işləməməlidi. Başa düşürəm ki, maaşlar azdı. Ona görə də məcburdular. Ancaq belədə o, uşağa maksimum diqqət verə bilməz. Deyiləcək çox şey var, əvvəllər də çox danışılıb, ancaq əməldə heç nə görünmür. Çempionatımızın səviyyəsi, coğrafiyası bəllidi, bunu genişləndirmək, rəqabəti artırmaq lazımdı. Daha əvvəl qeyd etdiyim kimi, bu sahəyə bələd insanlara şərait yaradılmalı, mütəxəssislər yetişdirilməsi üçün addımlar atılmalıdı və s.
 
- Uşaq futbolu demişkən, hər dəfə bir çox gəncin yaxşı gələcək vəd etdiyindən danışırıq, ancaq çox keçmir ki, sıradan futbolçulara çevrilirlər. Nə etmək lazımdı ki, həmin istedadlar itməsin?
- Ümumiyyətlə, ölkədə uşaq futbolunun durumu 0-a bərabərdi. Digər tərəfdən, psixologiyamız çox zəifdi. Buna görə də 17-18 yaşlı uşaqlar əziyyət çəkirlər. Uşaq futbolunda çox iş görülməlidi. Lap başdan başlamaq lazımdı, kiçik yaşlardan istedadlı oyunçuların mentaliteti dəyişdirilməlidi. Gənclərə yaxşı məşqçi və yaxşı klub arzulayıram. İstedad çoxdu, lakin düzgün istifadə azdı.
 
- Görünür ki, yaxın zamanda futbolçuluqdan sonrakı fəaliyyətin başlayacaq. Bu məqamda ağlıma Ağasəlim Mircavadovun Rəşad Sadıqovun “Zirə”yə baş məşqçi getməkdə tələsdiyi ilə bağlı fikirləri gəlir...
- Rəşad Sadıqov yaxşı karyerası olmuş və güclü mütəxəssislərlə işləmiş futbolçu olub. Yetərincə təcrübəsi var. İnanıram ki, baş məşqçi kimi də uğurlu olacaq. Çünki siyasəti düzgündü. Görünən qədər yalnız indini yox, gələcəyi də düşünür. Ağasəlim Mircavadovun fikirləri ilə heç razı deyiləm. Əksinə, böyüklər bizə hərtərəfli dəstək olmalıdı. İşləmək istəyən gənclərimizə şərait yaratmaq lazımdı, onları həvəsdən salmaq yox.
 
Uğurlar, İlqar...
- Təşəkkürlər...





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right