Nurlan İbrahimovla bağlı UEFA-ya müraciət edildi

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA, AİPS (Beynəlxalq İdman Mətbuatı Assosiasiyası) və AİPS (Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası) prezidentlərinə Azərbaycan idman jurnalistləri adından məktub göndərib.

Newsport.az xəbər verir ki, AİJF məktubda UEFA-nın N.İbrahimova verdiyi cəzanın çox ağır olduğunu bildirərək, qərara yenidən baxılmasını xahiş edib:

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırması xəbərini təəssüflə qarşıladıq. Uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan saysız-hesabsız qurbanlar verib. Buna baxmayaraq, xalqın iradəsi sarsılmayıb, birgə yaşamaq ənənəsinə sadiq qalaraq sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına nail olub.


Araşdırmalar nəticəsində “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun öz "Feysbuk" səhifəsində etdiyi paylaşımı Ermənistan tərəfindən Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində mülki şəxslərin, o cümlədən neçə-neçə günahsız körpələrin, eləcə də, yeniyetmə futbolçu Şəhriyar Qurbanovun amansızcasına qətlə yetirilməsi, bu görüntüləri sosial şəbəkədə izləyərkən stresə düşməsi və həmin anın emisonallığına qapılaraq etməsi aydın olub. Qəddarlığa və ədalətsizliyə qarşı öz hisslərini cilovlaya bilməyən Nurlan İbrahimovun öz Feysbuk səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və təmsil etdiyi klubun prinsiplərinə zidd olan sözlərdən istifadə etməsini düzgün hesab etmirik.

N.İbrahimovun Feysbuk səhifəsində etdiyi paylaşımın doğru olmadığını tez bir zamanda etiraf edərək silməsi də öz səhvini və məsuliyyətini dərindən başa düşməsi ilə əlaqədardır.

Düşünürük ki, Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırılması ona verilən çox ağır cəzadır. Bəşəriyyətin ülvi məqsədlər ətrafında birləşməsinə təkan verən, insanları bir-birinə yaxınlaşdıran, onların hisslərinə nüfuz edən çox təsirli vasitə olan idman Nurlan İbrahimovun da həyatının ayrılmaz hissəsinə çevrilib. O da yüz minlərlə futbolsevər kimi gələcəkdə də bu idman növünün inkişafına öz töhfələrini vermək arzusundadır. Sizə müraciətlə xahiş edirik ki, N.İbrahimovun cəzalandırılması ilə bağlı qərara yenidən baxılsın".

Xatırladaq ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. Qurum daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right