“Bir dəfə görmədim ki, millinin baş məşqçisi bizimlə müntəzəm əlaqə saxlasın”

“Qəbələ” Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı müsahibə verib. 2008-ci ilin dekabrından “qırmızı-qaralar”ın akademiyasında çalışan, ötən həftə isə işinə son verən mütəxəssis maraqlı məqamlardan danışıb.

– 12 il çalışdığınız “Qəbələ”dən ayrılmaq sizin üçün çətin olmadı?

– Təbii ki, çətin oldu. Orda çalışdığım dönəmdə bir çox dəyərli insanlarla tanış oldum, qardaş ölkənin mədəniyyətini yaxından tanıdım. Çox maraqlı və gərgin iş qrafiki ilə çalışdıq. Ancaq hər başlanğıcın bir sonu var. Bu hekayə nə vaxtsa başa çatmalıydı.

– Son 10 ildə “Qəbələ” Futbol Akademiyasının ölkədə “1 nömrə” olmasında sizin də müstəsna xidmətiniz olub. Ancaq bu ildən akademiyanın fəaliyyətində eniş müşahidə olunur.

– Bəli, son iki ildə “Qəbələ”də yaşananlar hamıya məlumdur. Biz ora gələndə infrastruktur baxımından vəziyyət heç də ürəkaçan deyildi. Məşq etmək üçün bir dənə də normal meydan yox idi. Klub rəhbərliyi qısa vaxtda inanılmazı gerçəkləşdirdi, çoxlarını heyrətləndirən baza qurdu. Bu işdə əməyi keçən hər kəsə – Tale Heydərova, Fariz Nəcəfova təşəkkür etmək lazımdır. Klub rəhbərliyində çalışan hər kəsin bu uğurlu layihədə payı var. Lakin təəssüf ki, son vaxtlar məlum səbəblərdən akademiyanın işində axsama hiss olundu. Bu məsələdə AFFA da sözünü deməliydi. Ölkə futboluna rəhbərlik edən qurum “Qəbələ” kimi akademiyalara mütləq şəkildə yardım etməlidir. AFFA təkcə Qəbələdə yox, futbola sevgi olan, istedadlı oyunçuların çıxdığı bölgələrdə akademiyalar, futbol məktəbləri yaratmalıdır. Məsələn, bizim akademiyada Ağstafadan xeyli uşaq var idi. Halbuki o rayonda uşağın normal şərtlər altında məşq etməsi üçün minimum şərait belə yoxdur və yaxud Mingəçeviri deyim. İldən-ilə stadionu yararsız vəziyyətə düşən bu şəhərdə də çoxlu perspektivli uşaq var. Onlara, sadəcə, diqqət ayırmaq, futbol oynamaları, məşq etmələri üçün şərait yaratmaq lazımdır. O qədər görmüşəm ki, uşaq məşqə gəlib, ancaq əynində idman geyimi, ayağında ayaqqabı yoxdur. “Qəbələ” akademiyası olaraq, biz həmişə belə məsələlərə həssas yanaşmışıq. Uşaqlara buts, forma vermişik, məşqçilərə qalın gödəkçələr paylamışıq. AFFA bu nüanslara diqqət ayırmalıdır. Daha görüntü xatirinə iş görməməlidir. “Qəbələ” akademiyasında enişin yaşanmasına gəlincə, bu ildən kənardan dəvət olunan uşaqlara azad agent statusu verildi və onlar başqa klublara üz tutdular. Akademiyada ancaq qəbələlilər çıxış edəcəklər. Təbii ki, belə olan halda akademiyanın səviyyəsi aşağı düşəcək. Ancaq ümid edirəm ki, bir neçə ildən sonra onların da arasında yığmalara dəvət alacaq oyunçular olacaq.

– Ancaq gəlin etiraf edək ki, Qəbələ futbol bölgəsi deyil və bugünə kimi ordan adından söz etdirən futbolçu çıxmayıb. Sizcə, ancaq yerlilərlə akademiya bu illər ərzində topladığı nüfuzu qoruyub saxlaya biləcək?

– Çətin olacaq. Ancaq həyatda mümkünsüz heç nə yoxdur. Biz ötən ildən akademiyada yaş həddini 7-yə salmışdıq. Bilirsiz, bu nə deməkdir? Yəni təməli daha az yaşdan qoymağa başlamışdıq. Və belədə yerli uşaqlar da məşqlərə daha kiçik yaşlardan başlayırlar ki, bu da onların inkişafına müsbət yöndə təsir göstərəcək. Akademiyanın məşqçilərinə də çox güvənirəm. Elə bilirsiz ki, biz işə başlayanda hər şey asan idi? Yox, biz də çox əziyyətə qatlaşdıq, çətinlikləri geridə qoyaraq bu yerlərə gəlib çıxdıq. Bu gün ölkənin əsas komandasında Bəhlul Mustafazdə, Amin Seydiyev, Elvin Camalov kimi yetirmələrimizin oynadığını görəndə çox sevinirəm. Onların hər üçü bizim əlimizdən keçib. 11 yetirməmiz gənclərdən ibarət yığmaya dəvət alır. Aşağı yaş qrupu üzrə yığmalarda isə daha çox futbolçumuz top qovur. Bunlar hamısı gördüyümüz işlərin nəticəsidir. İnanıram ki, gələcəkdə də akademiyanın yetirmələri bu uğurlu ənənəni davam etdirəcəklər.

– Sizin dönəminizdə akademiyada yerli mütəxəssislərlə yanaşı, kənardan dəvət olunan məşqçilər də çalışırdı. Bu gün isə artıq bütün yaş qrupu üzrə komandalarda baş məşqçi vəzifəsini qəbələli məşqçilər tutur. Sizcə, bu nəticələrə təsir göstərəcək?

– Məndə olan məlumata görə, kənardan dəvət olunan iki məşqçi əvvəlki illərdə olduğu kimi, yenə akademiyada çalışacaq. Yerli mütəxəssislərə də inanmaq lazımdır. İndi kiminsə adını çəkməyim düzgün olmaz. Ancaq qəbələli məşqçilər arasında da gələcəyinə inandıqlarım var. Onlar ilk gündən bizim yanımızda olub və geridə qalan illərdə çox şey öyrənib, təcrübə toplayıblar. Onlara inanmaq və güvənmək lazımdır.

– Akademiyada çalışdığınız illər ərzində AFFA-nın yürütdüyü siyasəti heç bəyənmədiz, daim Bernard Lippertə narazılığınızı bildirdiz. Almanla, el dili ilə desək, niyə yola getmirdiz?

– Yenə deyirəm, AFFA-da oturanlar daha çox görüntü xatirinə işləyirlər. Əslində, onların uşaq futbolu ilə bağlı yürütdüyü siyasət kökündən yanlışdı. Məsələn, hansısa yaş qrupu üzrə yığmanın baş məşqçisi uşaqlarımızı milliyə dəvət edib, bir ay təlim-məşq toplanışında saxlayır və həmin müddətdə daha çox fiziki hazırlığa üstünlük verir. Halbuki həmin uşaqlar bizdə artıq həmin “yükləməni götürüb” və ikinci dəfə eyni şeyi görəndə futboldan uzaqlaşmaq istəyir. Belə olmaz. Mən orda çalışdığım illər ərzində hələ bir dəfə görmədim ki, hansısa yaş qrupu üzrə millinin baş məşqçisi bizimlə müntəzəm əlaqə saxlasın, yığmaya namizəd oyunçular barədə məlumat toplasın. Özləri oyunları izləyib, özləri seçim edirdilər. Halbuki “Qalatasaray”da çalıdığım dönəmdə Türkiyənin müxtəlif yaş qrupu üzrə millilərini çalışdıran mütəxəssislər hər həftə klublarda çalışan məşqçilərlə əlaqə saxlayır, yığma üzvlərinin intizamından tutmuş həftə ərzində məşqlərdə necə çalışdığını belə öyrənirdilər. Yeni oyunçular haqda məlumat toplayır, klub məşqçilərinin fikirlərinə önəm verirdilər. Azərbaycanda yalnız son aylarda bu yöndə bir qədər dəyişiklik hiss olunmağa başlamışdı. Bizim əsas məqsədimiz azərbaycanlı gəncləri ölkə xaricinə çıxarmaq idi ki, bu yöndə də müəyyən işlər görülürdü. Azərbaycan futbolu ancaq o halda inkişaf edəcək ki, heç olmasa, 5 futbolçu Avropada çıxış etsin. Əks halda inkişaf olmyacaq və yaxud olsa da, addım-addım olacaq.

– Hazırda nə işlə məşğulsuz, yeni iş təklifi almısız?

– 25 ildi fasiləsiz məşqçi kimi çalışıram. Bu heç də az zaman deyil. Bir müddət istirahət etməyi düşünürəm, ailəmlə birgə olmaq istəyirəm. Sonrasına baxarıq.

“Futbol+” qəzeti





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah