Bunu da bacarmırsınız?

Millətlər Liqasının qrup mərhələsinə acı məğlubiyyətlə başladıq. Yığmamız ilk turda evdə Lüksemburqa boyun əydi – 1:2.

 

DÇ-2018-in seçmə mərhələsində xalqın başı “Niyə də yox?!” ilə aldadıldı. Növbəti mərhələdə AÇ-2020-yə vəsiqə ilə bağlı nağıllar gerçəkləşmədi.

 

Bu məğlubiyyət bir daha təsdiqlədi ki, Azərbaycan futbolunda qan dəyişikliyi vacibdir və hətta çox gecikib. Yanlış yolla irəliləyən Azərbaycan futbolunu düzəltmək üçün illər lazımdır.

 

İlk turda aydın oldu ki, yığmanın Millətlər Liqasında qrup 1-cisi olmaq üçün potensialı yoxdur. İllərdir yanlış sistemlə futbolu idarə edən, vəzifədən şəxsi məqsədlər üçün istifadə edən AFFA məmurları uğursuz nəticələrdə ən böyük günahkarlardır. Bu sistemlə, siyasətlə milli komandalardan nəticə gözləməyə dəyməz.

 

Bölgələrdə futbolu məhv olan, stadionları xarabazarlığa çevrilən ölkənin milli komandasının uğur qazanması nə dərəcədə realdır? Baş məşqçi Canni De Byazinin açıqladığı heyətdə çox şey məlum oldu. Klubsuz qalan, oynamayan futbolçuların milliyə dəvət edilməsi birmənalaı qarşılanmadı. Maraqlıdır ki, sonradan yığmaya dəvət edilən Namiq Ələsgərov bu matçda start heyətdə yer aldı, məhsuldar ötürmə etdi.

 

İtaliyalı mütəxəssis də bu yolda “qurban”lardan biridir. Azərbaycanda Albaniya yığmasındakı nüfuzunu xərcləyəcək və yola salınacaq.

 

Elə futbolçuların da bacarığı budur. Meydanda döyüşən, milli forma üçün canını qoyan futbolçu lazımdır... Rəşad Sadıqovun gedişindən sonra hələ də millidə lider yoxdur. Liderin olmaması millinin oyununa böyük təsir edir. Futbolçuları meydanda idarə edən, ruhlandıran, oyuna nəzarət edən sima lazımdır bizə...

 

Oyundan sonra müsahibə verən Maksim Medvedev anlamalıdır ki, kapitandır, bazubəndi Rəşad Sadıqov kimi böyük futbolçudan təhvil alıb. Müsahibənin necə alınmasını müxbirdən soruşmaq...Cırtdan ölkə Lüksemburq qarşısında aciz qaldığınızı soruşardın...Sən kapitansan, millidə lidersən, hər şeyi ölçüb-biçəndən sonra danışmalısan. Sənə məğlubiyyətdən sonra özünə günlərlə gəlməyən azarkeşlər baxır və kapitan kinayəli gülüşlə müsahibəsinin necə alındığını soruşur...

 

 

Qırmızı vərəqə alan Mahir Emreli elə meydanda danlanmalı idi. Elə bir epiozdda, zamanda cəzalanır ki, haqq qazandırmaq mümkün deyil. Lüksemburq millisində Mahirin yaşıdı Danel Sinani ötən mövsüm Avropa Liqasında “Qarabağ”ın rəqibi olmuş “Düdelanj”dan “Norviç Siti”yə üz tutdu. Bizim kapitan isə 23 yaşlı futbolçuya gənc və emosional oğlan deyir...

 

Heç olmasa, kişi kimi mübarizə aparıb məğlub olardınız... Bunu da bacarmırsınız?

 

Mehman





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right