İlqar Qurbanov: "Gənc məşqçilər elə ancaq "cavanlaşdırma" deyirlər"

"Sumqayıt"dan ayrılan İlqar Qurbanov "Xəzər" kanalına açıqlama verib. 

Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi klub tapmayacağı təqdirdə, karyerasını başa vuracağını söyləyib:

"Çempionat başlasa da, mən hələ ki klub tapmamışam. Danışıqlar Bakıda və Türkiyədə var, lakin dəqiq nəsə yoxdur. Karyeramın sonlarıdır və buna görə də təklifləri fərqli düşünürəm. Hər təklifə qaçmıram. Gözləyirəm, bu ay xəbər çıxsa, karyeramı davam etdirəcəyəm. Əgər olmasa, gələcək karyeram barədə düşünməliyəm.

Deyirlər ki, gəncləşdirməliyik. Bəs gənc oyunçu kimdən öyrənməlidir? 29-30 yaşlı futbolçu üçün deyirlər yaşlıdır. Mənim üçün 30 yaşımda deyirdilər ki, gələn il bitirir. 29-30 yaşlı futbolçu üçün bu sözü deyərlər? Camaat 35-40 yaşa qədər oynayır. Gənclər biz təcrübəlilərdən meydanda nəsə görüb-götürürlər. Necə ki biz Mahmud Qurbanov, Zaur Tağızadə, Qurban Qurbanov, Samir Əliyev kimi oyunçulardan görüb-götürmüşük.

Kənardan zəif əcnəbiləri gətirirlər. Bəs bizim gənclər kimlərdən öyrənsin? Azərbaycanlı futbolçu onlardan nə götürsün? Ona görə də inkişaf yoxdur, futbolçu gəlmir, yerlilər də qalır kənarda. Gənc məşqçilər elə ancaq "cavan", "cavanlaşdırma" deyirlər. Tək gənc oyunçu ilə iş bitmir axı. Çox gözləmək fikrim yoxdur. Bir il futbolsuz qalıb, meydanlara dönmək mənim yolum deyil. Klub tapmasam, gələcəklə bağlı düşünəcəyəm.

Məşqçi olmağı fikirləşmirəm, amma dəqiq bilmirəm, təklif olar və lisenziya almaq üçün oxumağa yollana bilərəm. Menecer və klub idarəçisi kimi özümü görürəm. Futbolçularla ünsiyyət qurmağı xoşlayıram, bu bacarıq məndə var. Bu gün qıraqda qalan çox futbolçu var, onlara görə təəssüflənirəm. Amil Yunanov kənarda qalıb, Vaqif Cavadov 2 ildir futbolsuzdur. Neçə nəfər məşqçi və klub rəhbərlərinin prinsiplərinə görə karyerasını bitirib. Bunlar futbolumuza zərbədir. İnkişafdan danışmaq üçün yerli futbolçulara dəyər verməliyik". 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right