"Qalatasaray"la oyunda qələbə şansımız 100 faizdir" Füzuli Məmmədov

Sentyabrın 11-də “Bakcell Arena”da Premyer Liqanın II turunda qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı davam etdirən “Neftçi” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxacaq. Məşqdən əvvəl “ağ-qaralar”ın baş məşqçi Füzuli Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb.


Newsport.az-ın əməkdaşını da suallarını cavablandıran 43 yaşlı mütəxəssis ilk olaraq komandanın hazırkı durumu barədə məlumat verib: “Ümumi vəziyyət normaldır. Bildiyiniz kimi, bəzi oyunçular milli komandalardadır. Digər oyunçuların hamısı məşqdə iştirak edir. Sayın çox olması üçün əvəzedici heyətdən bəzi gəncləri dəvət etmişəm ki, bizə məşqlərdə kömək etsinlər. Ümumən hər şey qaydasındadır. Zədəli oyunçumuz yoxdur. Hamısı "Sumqayıt"la qarşıdakı matça hazırlaşır”.


- Millidə çıxış edən futbolçuların hazırlıqdan kənarda qalmasının mənfi təsiri ola bilərmir?
- Xeyr, əksinə, ordakı futbolçular da hazırlaşırlar və onların da yığma səviyyəsində qarşıda matçları var. Düşünürəm ki, yığma üzvlərinin yoxluğu bizə mənfi təsir etməyəcək.


- Yoxlama matçı keçirmək planınız varmı?

- Planımıza uyğun olmadığına görə, toplanışı ikitərəfli oyunla yekunlaşdıracağıq.


- İndi "Sumqayıt"la matç haqda düşünsəniz də, Azərbaycanda hamı "Qalatasaray"la dueli gözləyir. Şansları necə dəyərləndirərdiniz, mərhələ keçməyiniz nə dərəcədə realdır?

- Düzgün buyurdunuz ki, hazırda bütün diqqətimiz "Sumqayıt"la oyunadır. "Qalatasaray"la görüş barədə heç nə düşünmürük.


- Rəqibin "Qalatasaray" olması futbolçularda həyəcan yaradıbmı?

- Xeyr, elə bir həyəcan hiss etmirəm. Onlar da qardaş ölkənin təmsilçisidir, Türkiyənin ən güclü komandalarından biridir. Elə bir həyəcan yoxdur. Hər kəsə qarşıdakı matçın "Sumqayıt"la olması haqda danışmışıq və indi hamı diqqətini ora yönəldib.


- "Sumqayıt"la oyunda aparıcı futbolçuları qorumaq üçün heyətdə hər hansı bir dəyişikliklər edə bilərsinizmi?

- Düşünmürəm ki, çox dəyişiklik olsun. Çünki hazırda əlimizdə o qədər oyunçu yoxdur ki, əsas heyət üzvlərini kənara qoyaq, digərlərinə şans verək. 1-2 dəyişiklik ola bilər, ancaq böyük yox.


- Gözlənilən yeni transfer "Sumqayıt"la matça qədər reallaşacaqmı?

- Bu haqda tam dəqiq söz deyə bilmərəm. Düşünürəm ki, "Qalatasaray"la oyuna kimi yeni transfer olacaq.


- Nə qədər "Sumqayıt"la oyuna hazırlaşdığınızı desəniz də, "Qalatasaray" hər vaxt bura gələn komanda deyil. Onların dünənki yoxlama matçını yəqin ki, izləmisiniz. Rəqib hansı oyun planında diqqətinizi çəkdi?

- Oyunçularının fərdi keyfiyyəti, təcrübələri haqda geniş danışmağa ehtiyac yoxdur. "Qalatasaray"ın heyətində olan futbolçuları bütün dünyada tanıyırlar. Qardaş ölkədir, can qardaşlarımızdır. Amma ilk gündən sözümün üstündə dururam ki, meydana qələbə üçün çıxacağıq.


- "Neftçi"nin qələbə qazanmaq üçün nə qədər şansı var?

- Mənim üçün 100 faiz.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right