Qurban Qurbanov: "Hər futbolçudan əvvəlki performansını tələb edə bilmərik"

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şerif”lə (Moldova) qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan əvvəl mətbuat konfransı keçirilib.

 

Newsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Bu oyun da bizim üçün çox vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Çünki bir oyun nəticəni təmin edir. Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq.

 

- Sabahkı oyunla bağlı fikirlər var ki, “Şerif” əvvəlki komanda deyil. Bu haqda fikirlərinizi bilmək istərdim.
- Belə fikirlər hər zaman olur. Həm klublar, həm futbolçular böyüyür, daha təcrübəli olurlar. Hər iki komandanın yaxşı heyəti, təcrübəsi var. Bəzən fikirlərin tam əksi olur. Ona görə belə düşünmürəm.

 

- Meydanın vəziyyəti necədir, sabah yaxşı olacaq?
- Düşünürəm ki, pis olmayacaq.


- Abdullah Zubir son iki oyundur ki, yaxşı performans sərgiləmir. Sabah ondan nələr gözləyirsiz?
- Zubirin faydalı iş əmsalı çoxdur. O, bizim oyun oyun sistemimizə böyük fayda verir. Hər futbolçudan əvvəlki performansını tələb edə bilmərik. Hamı istəyər ki, daha yaxşı oynasın. Oyundan oyuna daha yaxşı olacaq. Sabah daha yaxşı Zubir görəcəyik.

 

- Sabah psixoloji amil rol oynayacaq, yoxsa meydandakı oyun?

- Bunları heç vaxt bir-birindən ayırmıram. Futbolçuların hazırlığı meydanda bir-birini tamamlamalıdır. Düşünürəm ki, sabahkı oyunda hər şey yerində olacaq.

 

- Rəşad Sadıqovun yoxluğunu həm meydanda, həm də meydandan kənarda hiss edirsizmi və onu Kevin Medina ilə müqayisə edə bilərsizmi?
- Rəşadın meydanda yoxluğunu tək “Qarabağ” deyil, Azərbaycan futbolu hiss edəcək. O, liderdir və çox məşqçilər arzu edir ki, onun kimi futbolçusu olsun. Əlbəttə ki, Rəşad kimi futbolçunun meydanda olmasının mənə də faydası var. Onun yoxluğunu hiss edirik. Rəşad və Medina fərqli üslubları olan futbolçulardır. Rəşaddan başqa cür faydalanırıqsa, Medinadan da başqa cür faydalanacağıq. Medina oyunumuza uyğun və müdafiəyə güc verən futbolçudur.


- “Qarabağ”ın yaxşı hücumçuya ehtiyacı var. Sabahkı oyunda hücum xəttini necə dolduracaqsız?
- Bu gün Mahir Emrelinin oyunundan tam razıyam. Onun elə yaşıdır ki, ildən ilə inkişaf edə bilər və belə davam etsə, daha yaxşı Mahir görəcəyik. O vaxt Dino Ndlovu komandaya gələndə əvvəl çox tənqid olunurdu, amma daha sonra yaxşı çıxış edib, bizə fayda verməyə başladı. Mahir komandadakı cavan və təcrübəli futbolçudur. Ondan çox şey gözləyirik.


- Növbəti mərhələ üçün yeni transfer olacaqmı?
- Görünən odur ki, gələn oyuna yeni yarımmüdafiəçi olacaq.

 

- Qapıda kim dayanacaq?
- Emil və Şahruddindən biri.

 

- Musa Qurbanlının “Zirə”yə getmək ehtimalı var?
- Bu gün Musa komandadadır. Gələcəkdə necə olacaq deyə bilmərəm. Gənclərin başqa komandaya gedib oynayaraq təcrübə qazanmasından yana olmuşam. Belə ehtimal olarsa, hər hansı bir futbolçumuz üçün belə bir addım atarıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right