Dumanlı və yağışlı dağlardakı sülh

Azərbaycan Premyer Liqasının ilk turuna Qəbələdə yekun vuruldu. Şəhərin eyniadlı komandası evdə “Zirə” ilə sülhə razılaşdı – 1:1.

 

Qarşılaşma iyul döyüşlərində şəhid olan hərbçilərimiz və koronavirusdan vəfat edən insanları anmaq üçün 1 dəqiqəlik sükutla başladı.

 

Koronavirus pandemiyasına görə komandalar uzun müddət rəsmi oyun keçirmirdi. Bu səbəbdən matçın sönük məcradə keçəcəyini gözləmək olardı, ancaq komandalar maksimum güclərini ortaya qoydular. Yağışlı hava meydandakı şəraiti bir qədər çətinləşdirmişdi.

 

Futbolçular topla istənilən kimi rəftar etməyi bacarmırdılar. Oyunçular tez-tez ikili epizodlarda müvazinətlərini qoruya bilmirdilər. 18-ci dəqiqəyə kimi qarşılaşmanın baş hakimi Kamal Umudlu dörd dəfə əlini cibinə atanda qırmızı vərəqənin də olacağını proqnozlaşdırmaq çətin deyildi. Bu da 90-cı dəqiqəyə əlavə edilmiş vaxtda baş verdi. “Zirə”nin “Qarabağ”dan icarəyə götürdüyü Hacıağa Hacılı ikinci dəfə xəbərdarlıq almaqla son dəqiqələrdə “qartallar”ı azlıqda qoydu. Bir az sərt qərar olduğunu qeyd etmək lazımdır.

 

Image may contain: stadium and outdoor

 

Bu oyun həm də qonaqların baş məşqçisi Rəşad Sadıqovun debütü oldu. “Qarabağ”ın keçmiş kapitanı emosional məşqçi olduğunu göstərdi. Uzaq məsafədən bəzi epizodlara reaksiyası açıq-aydın eşidilirdi. Elə futbolçuların da hakimlə və öz aralarındakı danışıqları da qulağa çatırdı.

 

Matçın ilk dəqiqələrində “Qəbələ” qarışıq vəziyyətdə hesabda önə çıxdı. Bu da qonaqların irəli  atılmasına səbəb oldu. “Zirə”nin ötən mövsüm “Qəbələ”dən heyətinə qatdığı David Volkov fərdi ustalıqla sağ cinahdan irəlilədi və cərimə meydançasında pusqu quran Ağabala Ramazanova məhsuldar ötürmə etdi. “Qəbələ”nin yeni transferi albaniyalı Yurgen Qoxa qarşılaşmanın ilk dəqiqələrində sarı vərəqə aldığı üçün həmin epizodda David Volkova qarşı sərt oynamaqdan çəkindi.

 

Erkən qollardan sonra matçın böyükhesablı nəticə ilə yekunlaşacağını gözləmək olardı. Qəbələdə aramsız yağış yağsa da, bu, oyunda baş vermədi və tərəflər hərəyə bir qolla kifayətləndi.

 

 

 

 

Görüşün ikinci hissəsi nisbətən aşağı tempdə keçdi. Bu da normal qarşılanmalıdır. Hava şəraitinə görə futbolçular ilk hissədə ikiqat güc sərf etdilər. Bundan əlavə, komandalar uzun müddətdir rəsmi oyun keçirmirlər və hələ ki ilk turdur.

 

“Zirə” birinci turda iddialı komanda olacağını göstərdi. Komandanın hücum xətti təhlükəlidir. Davit Volkov, Klesio Bauk, Ağabala Ramazanov triosu hər an matçın axarını dəyişə bilər. Rəşad Sadıqov heyəti böyük şəkildə dəyişib. Komandanın formalaşmağı üçün zaman lazımdır. Buna baxmayaraq, ilk turda “Zirə”də oyun üslubu görünürdü.

 

Elmar Baxşıyevin ötən ildən rəhbərlik etdiyi “Qəbələ”yə də bir neçə transfer də lazımdır. Komandanın hücum və müdafiə xəttinə yeni qan lazımdır. Heyət güclənsə, “qırmızı-qaralar” ilk dördlük üçün mübarizə apara bilər. Hiss olunur ki, Elmar Baxşıyev sistemini futbolçulara aşılayıb. Klesio Bauk və İvitsa Juniçin də yerinə yeni oyunçular alınsa, bölgə təmsilçisinin seçimi artacaq.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

Meydan sahiblərinin heyətində akademiyanın yeddi yetirməsinin “Zirə”yə qarşı oynadığını qeyd etməliyik. Hələ qonaqların heyətində Hacıağa Hacılı ilə Elvin Camalovun da “Qəbələ”də yetişdiyini xatırladaq. “Qəbələ”nin Azərbaycan futboluna faydası göz qarşısındadır. Bu klub gördüyü işlərlə Premyer Liqanın digər komandalarına da örnəkdir. İnanırıq ki, bu akademiyanın uşaqları Fərid Nəbiyev kimi ölkə xaricinə ayaq açacaqlar.

 

Yayda Bakıda koronavirusa görə açıq havada məşqlərin qadağan edildiyi vaxtda klublar Qəbələyə köç etdi. Bölgədə futbol üçün ideal şərait var. Matçın keçirildiyi stadionun ot örtüyü yayda klubların toplanışa gəlişi ilə yüklənsə də, olduqca ideal idi. Sadəcə, yağışlı havaya görə meydan sulu idi və futbolçulara oynamaq çətin oldu. Ümumilikdə, ilk turun son matçı gözlədiyimizdən də maraqlı keçdi.

 

Mehman/sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right