Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”...

Avropa Liqasında debüt edəcək “Sumqayıt”ın durumu ürək dağlayır.

 

Tarixində ilk dəfə qitəmiqyaslı turnirə vəsiqə qazanan “kimyaçılar”ın mövsümlərarası fasilədə heyətini bir qədər də gücləndirəcəyi gözlənilsə də, hər şey əksinə oldu ki, bu haqda dəfələrlə yazmışıq.

 

Bir daha qısaca xatırladaq ki, yay fasiləsində Mehdi Şərifi, Peyman Babayi, Aleksey İsayev, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev, Sərtan Taşkın kimi oyunçular düşərgəni tərk edib. Rail Məlikov və Amil Yunanovla isə yeni müqavilə imzalanmayıb.

 

Sportal.az xəbər verir ki, gedənlərin əvəzində “Sumqayıt” yalnız iki futbolçunu – Tellur Mütəllimovla Elvin Məmmədovu rənglərinə bağlayıb.

 

Gəlin etiraf edək ki, Elvinin ən yaxşı günləri artıq geridə qalıb və yarımmüdafiəçinin istər avrokuboklarda, istərsə də yeni mövsümdə “gənclik şəhəri” təmsilçisinin gücünə güc qatacağı inandırıcı görünmür.

 

Tellur isə ötən “futbol ili”ndə gününü “Zirə”də daha çox ehtiyat oyunçular skamyasında keçirməklə yadda qalıb. Hazırda sumqayıtlılar gənclərin ümidinə qalıblar ki, bu da avrokuboklarda “kimyaçılar” üçün heç də xoş gələcək vəd etmir.

 

“Azərikimya”nın laqeydliyi

 

Bu il 10 yaşını qeyd edən klub ilk gündən “Azərikimya”nın himayəsi altında olub. Şirkətin sabiq rəhbəri, hazırda ekalogiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin dönəmində “Sumqayıt” digər elita təmsilçiləri ilə müqayisədə az, ancaq sabit büdcəyə malik olub. Komanda ildə iki dəfə ölkə xaricinə təlim-məşq toplanışlarına yollanıb, “transfer pəncərəsi” dönəmində heyətini gücləndirmək yönündə əməli addımlar atıb. Muxtar bəyin Sumqayıtı paytaxta dəyişməsi ilə “ağ-göylər”in də “qara günləri” başlayıb. Ötən mövsümün gedişindən “Azərikimya”nın yeni rəhbərliyi kluba əvvəlki illərdə olduğu kimi diqqət ayırmır. Geridə qalan “futbol ili”ndə maaşların və mükafatların dəfələrlə gecikməsi düşərgədə müəyyən narazılıqların baş qaldırmasına rəvac vermişdi. İmran Arzumanzadənin rəhbəri olduğu qurumun komandaya biganə münasibətinin kuliminasiya nöqtəsi isə bu yaya təsadüf etdi. Aparıcı futbolçuların heyəti bir-bir tərk etməsinin kökündə də məhz sponsorun komandaya laqeydliyi durur. Premyer-liqanın digər klubları heyəti gücləndirmək üçün qollarını çırmalayıb işə girişəndə, “Azərikimya” “Sumqayıt” rəhbərliyini, daha dəqiq desək, klub prezidenti Raid Rəfiyevi get-gələ saldı, yeni mövsüm üçün büdcə ilə bağlı müzakirələrdən yayındı. Himayədar tərəfindən ögey münasibət görən futbolçular da çox gözləsələr də, qeyri-müəyyənliyi görüb, karyeralarını düşünərək, başqa klubların təkliflərini dəyərləndirdilər.

 

Avans hesabına təşkil olunan toplanış

 

Ölkə futbolunu yaxından izləyən oxucularımız bu yay ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil edəcək komandalar arasında hazırlığa ən gec “Sumqayıt”ın start verdiyindən xəbərdardı. “Neftçi”, “Qarabağ” Qəbələdə, “Keşlə” isə Şamaxıda məşqlərə başlayanda “kimyaçılar”ın nə vaxt və harda bir araya gələcəyi məlum deyildi. Çünki sponsor tarix yazan kluba pul ayırmaq əvəzinə, “Sumqayıt”ın ofisinə audit yoxlaması göndərmişdi. Təftişə gələn şəxslər bir neçə gün klubun mühasibat sənədlərini yoxladıqdan sonra çəklib getdilər. Düşünmək olardı ki, bundan sonra “Azərikimya” yeni mövsüm üçün “Sumqayıt”ın yeni büdcəsini təsdiqləyəcək, kluba ötən illərlə müqayisədə daha çox maliyyə vəsaiti ayıracaq. Ancaq gözləntilər özünü doğrultmadı, büdcə ilə bağlı səs-soraq çıxmadı. Bizə çatan məlumata görə, vəziyyətin ağır olduğunu görən Riad Rəfiyev komandanı təlim-məşq toplanışına yola salmaq üçün fərqli yola əl atıb. Klub prezidenti sponsora müraciət edərək toplanış üçün avans istəyib. Şərt də belə olub ki, Avropa Liqasında iştirak üçün UEFA-nın “Sumqayıt”a ayıracağı vəsait klubun hesabına köçən kimi borc qaytarılacaq. Bundan başqa, çempionatın startına saylı günlər qalmasına baxmayaraq, hələ də “kimyaçılar”ın büdcəsi məlum deyil. “Şər deməsən, xeyir gəlməz” deyimini nəzərə alıb, avqustun 27-də “Sumqayıt” Avropa Liqasında fiaskoya uğrayacağı halda “Azərikimya” rəhbərliyinin buna reaksiyası maraqlı olacaq. Bu həmin rəhbərlikdi ki, martda komanda “Qəbələ”yə 0:5 hesabı ilə yeniləndə, əsəbləşmişdi, baş məşqçi Ayxan Abbasovun istefasını tələb etmişdi. Bu haqda qəzetimizdə ətraflı məlumat vermişdik. Həmin vaxt Riad bəy baş məşqçinin tərəfində olmuş, sponsora tələsik qərar verməməyi məsləhət görmüşdü. Premyer-liqadakı ağır yenilgini həzm edə bilməyən İmran Arzumanzadə, görəsən, qitəmiqyaslı turnirdə “Sumqayıt” biabırçılığa düçar olanda, özü-özündən utanacaq, özündə günah görəcək?

 

“Səpələnməmişlər” arasında birinci

 

“Kimyaçılar” durumu bağlı acınacaqlıdı. Bugünkü heyət avrokuboklarda nəyəsə ümid etməyə imkan vermir. Ancaq klubun idman direktoru Zamiq Hüseynov nikbindi. Onu dinləyək: “Bugünlərdə rəqiblərimizi təhlil etmişik. Bildiyiniz kimi, “Sumqayıt” “səpələnməmişlər” arasında yer alıb. İlk dəfə avrokuboklarda çıxış etməyimizə baxmayaraq, reytinq baxımından biz “səpələnməmişlər” arasında ilk pillədəyik. Ola bilsin, bu səbəbdən birinci təsnifat mərhələsində rəqibimiz bir qədər zəif oldu. “Səpələnmişlər” arasında elə komandalar var ki, onlarla başabaş mübarizə apara bilərik. Yenə də hər şey püşkdən asılıdı. Heyətə gəlincə, əsasən gənclərdən formalaşmış komanda qururuq. İnanırıq ki, əsas komandaya cəlb etdiyimiz gənc oyunçular ümidləri doğruldacaqlar, Azərbaycan futboluna yeni rəng qatacaqlar. Əmir Ağayev və Peyman Babayinin məsələsi hələ də həll olunmamış qalır. Açıq desəm, Əmirin geri dönəcəyi inandırıcı görünmür. Peymanın məsələsi isə hələ də açıq qalır. “Maşınsazi” rəhbərliyi ilə danışıqlar davam edir. Ancaq İran klubu icarə üçün elə məbləğ tələb edir ki, bu gün “Sumqayıt” həmin vəsaiti ödəmək iqtidarında deyil. Bizə ancaq “Maşınsazi” rəhbərliyinin güzəşt edəcəyinə ümid bəsləmək qalır ki, onların da buna gedəcəyini, açığı, gözləmirik. Bu müddətdə ortaq məxrəcə gələ bilməmişiksə, inanmıram ki, bundan sonra müsbət yöndə nəsə ola. Ancaq yenə də gözləyirik”.

 

Nyona kim gedəcək?

 

Ötən saylarımızda xəbər verdiyimiz kimi, Avropa Liqasının püşkatması avqustun 10-da baş tutacaq. “Sumqayıt”ın həmin tədbirdə təmsil olunub-olunmayacağını da Zamiq bəylə söhbətdə dəqiqləşdirmək istədik. Ancaq idman direktoru hələ bununla bağlı bilginin olmadığını bildirdi: “Hələ ki bu məsələ ilə bağlı sizə konkret nəsə deyə bilməyəcəm. Yalnız onu söyləyə bilərəm ki, işlərin çoxluğu səbəbindən idman direktoru olaraq mənim püşkatmaya qatılmayacağım dəqiqdi. Ola bilsin, avqustun 10-da Nyonda keçiriləcək püşkatmaya klub prezidenti Riad Rəfiyev yollandı. Ancaq bu da hələ dəqiqləşməyib. “Sumqayıt” rəhbərliyindən heç kim Nyona yollanmasa, avrokuboklarda iştirak edəcək klublarımızın nümayəndələrindən biri bizi püşkatmada təmsil edəcək” (Futbol+).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah