Elxan Məmmədovu “ağ yuyub, qara sərdi”: “Dedilər, dəlidir, başı işləmir”

"Kəpəz"in əfsanəsi Vidadi Rzayev müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir:

 

- Salam. Sizi narahat edən Vidadi Rzayevdi.

- Çox gözəl. Vidadi bəy, nə məsələdi, sizdən nə əcəb? Nə yaxşı bizi yada salmısız?

- Yalan danışmaq istəmirəm, qəzet almamışam. Ancaq qəzetin saytında Veteranlar İttifaqının prezidenti, çox hörmət bəslədiyim ağsaqqalımız Oqtay Abdullayevin yığmanın yeni təyin olunmuş baş məşqçisi Canni De Byazi ilə bağlı fikirlərini oxudum.

 

- Oqtay bəyin dedikləri ilə razılaşmırsız?
- İmkan verin, sözümü deyim. Suala ehtiyac yoxdu. Niyə razılaşmıram? Əksinə, o, nə deyibsə, düz deyib. Oqtay müəllim ürəyimdən keçənləri söyləyib. Qardaş, nə qədər özümüz-özümüzü aldadacağıq, nə vaxta kimi Azərbaycan futboluna futboldan anlayışı olmayanlar rəhbərlik edəcək?

 

- Deyəsən, siz də yığmanın “sükan”ının italyan mütəxəssisə tapşırılmasının əleyhdarları sırasındasız...
- Bağışla məni, bəziləri kimi yalan danışıb, insanların gözünə kül üfürməyi bacarmıram. Bizə indiki halda italyan, alman, ispan lazımdı? Vallah-billah, bizə bu gün kənardan gələn məşqçi lazım deyil. Əcnəbini dəvət etməklə nəyə nail olacağıq? Sizi əmin edirəm ki, futbol adına heç nə əldə etməyəcəyik. Sadəcə, kimlərsə bu müqavilədən qazanc əldə edəcək, maklerliyə görə pul qazanacaq. Mən futbol oynamışam, ölkənin sayılıb-seçilən futbolçularından olmuşam. Ola bilsin, gənc nəsil Vidadi Rzayevin kim olduğunu bilmir, ancaq orta və yaşlı nəslin nümayəndələri futbolçu kimi nəyə qadir olduğumu yaxşı xatırlayırlar. Bu işin içində olan və gedən prosesləri yaxından izləyən biri kimi sizə əminliklə deyirəm ki, De Byazi olmasın, başqa birisi, dünyanın bir nömrəli məşqçisi dəvət olunsun, xeyri yoxdu. Karlos Alberto Torres gəldi, nə oldu? Adam dünya çempionu idi. Berti Foqtsu unutmamışıq. Futbolçu kimi Almaniyanın heyətində dünya çempionu olmuş, baş məşqçi kimi isə ölkəsinin yığmasını Avropa çempionu etmiş biri idi. Onun rəhbərliyi altında nə qazandıq? Heç nə. Prosineçki, Yurçeviç, indi də De Byazi. Hələ də AFFA rəhbərliyi başa düşmür ki, Azərbaycan millisinin baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət etməklə bizim futbolçular nə braziliyalı, nə alman, nə xorvat, nə də italyan olacaqlar. Onların beyni azərbaycanlı kimi işləyəcək. Belə olan halda milyonları boş yerə sərf etmək nəyə lazım? Bizə dilimizi, dinimizi, futbol fəlsəfəmizi bilən məşqçi lazımdı.

 

“Dedilər Vidadi dəlidi, başı işləmir”
 

- Vidadi bəy, siz bütün məsuliyyəti AFFA rəhbərliyinin üstünə atırsız. Ancaq baş məşqçi təyinatı İcraiyyə Komitəsinin iclasında həll olunur. De Byazinin də təyin olunmasına komitə üzvləri qərar verib.
- Hamı bilir ki, bizdə futbolla bağlı bütün məsələlər bir nəfərin istəyinə uyğun həll olunur. Elxan Məmmədovun “xeyir-duası” olmadan De Byazinin burda nə işi var idi? Bir də İcraiyyə Komitəsində təmsil olunan Kazbek Tuayevə, İsgəndər Cavadova, Vaqif Sadıqova təşəkkür etmək istəyirəm. Mən həmişə onları, Məşqçilər Komitəsinin üzvlərini tənqid etmişəm. Ancaq bu dəfə adını çəkdiklərim Arif Əsədovun namizədliyini dəstəkləyiblər. Bəlkə də bu illər ərzində ilk düzgün addım atıblar.

 

- İtalyan mütəxəssisin təyinatını niyə belə bədbin qarşılayırsız?
- Qardaşım, hər şeyi görə-görə gəlirəm. Bu üzdən reallığı deyirəm. AFFA rəhbərliyi pandemiyanı bəhanə edərək, nə divizionun qalibi “Turan Tovuz”u, nə də “Kəpəz”i premyer-liqaya buraxdı. Koronavirus iqtisadiyyatımıza bu qədər ziyan vurubsa, iki kluba 1 milyon manat ayırmaq mümkün deyilsə, necə olur, AFFA italyana bu qədər məvacib verir? Mətbuatda yazılanlara inansaq, ona 900 min avro ödəniləcək. Həmin 900 minin yarısını bizim klublara ayırsaydılar, daha məqsədəuyğun olardı, nəinki hansısa əcnəbi məşqçiyə. Nə vaxta kimi premyer-liqada 8 komanda çıxış edəcək? Əvvəlki illərdə yenə ölkə xaricinə yollanır, yoxlama görüşlərində olsa belə, xarici klublarla oynayırdılar. İndi hamı Qəbələyə toplaşıb. Yatıb-durub bir-biri ilə oynayırlar. Sınaq matçlarında qarşılaşan komandalar sabah premyer-liqada azı 4 dəfə bir-biri ilə üz-üzə gələcəklər. Artıq futbolçular da bir-birini görməkdən, əl verib salamlaşmaqdan beziblər. Yığmanın baş məşqçisi komandaya seçimi hardan edir? Premyer-liqada çıxış edən komandalardan. İmkan versinlər, say artsın. Elitada çıxış edən komandaların hamısının çempionluq uğrunda mübarizə aparması şərt deyil. Bəziləri mükafatlar uğrunda, bəziləri turnir cədvəlinin ortalarında qərarlaşmaq üçün oynayacaq, bəziləri də sonuncu olmamağa çalışacaq. Pullu klublar legionerlərə qucaq açacaqsa, büdcəsi zəif olanlar yerlilərə güvənəcək, gənclərə bel bağlayacaq. Belə olan halda yeni adlar ortaya çıxacaq ki, bu da istər U-21, istərsə də əsas yığma üçün faydalı olacaq. Hamı anasının qarnında Messi olmur ki... Gənclərə futbol oynamağa, özünü göstərməyə şərait yaratmaq lazımdı.

 

- Deyəsən, U-21-dən də narazısız...
- U-21-dən yox, onun baş məşqçisindən. Obradoviç kimdi ki, bu gün bizim gənclər yığmamızı çalışdırır? Qardaş, bizdə onun kimi nə qədər məşqçi var… Onun gəlişi ilə U-21-də nə dəyişib? Bu sualıma cavab verə bilərsiz? Mən sizin əvəzinizə deyim, heç nə. Ancaq pulumuz gedir. Görün Azərbaycanda PRO kateqoriyası olan nə qədər məşqçi var. Oqtay müəllim düz deyir ki, Nazim Süleymanov, Vəli Qasımov, Elxan Abdullayev, Mahmud Qurbanov, Yunis Hüseynov, Ramiz Məmmədov, Tərlan Əhmədov, Yaşar Vahabzadə kimi məşqçilərimiz olan yerdə kənardan məşqçi dəvət olunmamalıdı. Mahmud bu gün U-21-i çalışdıra bilməz və yaxud Ramiz Məmmədov yığmanın “sükanı arxasında” ola bilməz? Onlara etimad göstərmirlərsə, məsləhətim odu ki, PRO kateqoriyalı məşqçilərimiz sertifikatlarını cırıb tullasınlar. Onsuz da həmin sertifikat heç bir işə yaramır. AFFA-nın indiki rəhbərliyi üçün əcnəbilər daha şirindi, nəinki özümüzkülər. U-17-yə Serbiyadan birini çağırıblar. Bildiyim qədər bütün aşağı yaş qruplarına o nəzarət edir, hamı onun dediyi ilə oturub-durmağa məcburdu. Miloş Velebit deyib ki, mənim tərtib etdiyim proqram 4 ildən sonra bəhrəsini verəcək. 4 ildən sonra nəticə olmasa, nə deyəcək? Cavabı bəllidi: “alınmadı” söyləyib, çıxıb gedəcək. Bununla da hər şey bitəcək. Foqtsun dönəmində dedim ki, almandan bizə xeyir gəlməyəcək. Dedilər Vidadi dəlidi, başı işləmir. Zaman göstərdi ki, düz demişəm. Bakıya gələn əcnəbinin bir niyyəti var: maksimum qazanc əldə edim. De Byazi də hələ Bakıya gəlməmiş deyib ki, Azərbaycan yığmasında potensiallı futbolçular var. Adama deyərlər, sən nə vaxt bizim futbolumuzu gördün ki, bu sözləri dilinə gətirirsən. Millinin baş məşqçisi postuna dəvət etdiyimiz əcnəbi mütəxəssislər bizi 3-4-cü növ gözündə görürlər. Elə bilirlər topu, meydanı dünən-srağagün görmüşük. Əslində günah onlarda yox, AFFA rəhbərliyindədi. Elxan Məmmədovla görüşümüzdə də bu sözləri özünə demişəm. Bizi aldatmaq, avam yerinə qoymaq lazım deyil. U-21-in məşqçisi hardan futbolçu seçməlidi? Təbii ki, premyer-liqada bütün klublar daha təcrübəli oyunçulara bel bağlayırlar. O bizik ki, divizionda məcburiyyətdən gənclərə şans veririk. Bir peşəkar liqada ki, futbolçu 200 manat maaş alır, ondan nə gözləmək olar? Sonra deyirlər, divizionda xoşagəlməz hallar yaşanır. Mən bu işlərlə məşğul olanlara haqq qazandırmıram, əksinə, həmişə belələrini lənətləmişəm. Ancaq real durumu da nəzərə almaq lazımdı. AFFA rəhbərliyi ölkə futbolunu bərbad günə qoyub.

 

“İndiki idarəçilik Azərbaycan futbolunu məhv edib”

 

- Hazırda AFFA-dan maliyyələşən “Kəpəz”də köməkçi-məşqçi kimi çalışırsız. Qorxmursuz ki, indi dediklərinizə görə sabah sizi işdən qovarlar?
- Bu günə kimi dözmüşüksə, böyük səhvə yol vermişik. Bu gün sən mənə yox, mən sənə zəng vurmuşam. Özüm fikirlərimi bildirmək üçün səni aramışam. İşimi itirsəm də, adımı ki Azərbaycan futbolunun tarixindən silə bilməyəcəklər... Mən danışmayım, o biri haqsızlığa göz yumsun, bunun sonu necə olacaq? Sən, həmkarların, futbol ictimaiyyəti birdəfəlik başa düşməlidi ki, futbolumuz ölüm ayağındadı. Bir az da belə davam etsə, ümumiyyətlə, biz reytində ən sonuncu yerdə olacağıq. 10-15 il əvvəl oynamağa normal top, meydan tapmayan Afrika ölkələri bu gün dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparır, biz isə hələ də yığmanın hansı əcnəbi məşqçinin rəhbərliyi altında daha çox xal topladığını müzakirə edirik. Filankəslə yığma 7 xal yığmışdısa, yeni gələnin başçılığı altında 9 xal topladıq. Bunu da bizə bəh-bəhlə təqdim edirlər. Belə ucuz təbliğat kimə lazımdı? Bu gün ölkə prezidenti cənab İlham Əliyev bütün sahələrə diqqət ayırır. İşinə ciddi yanaşmayanları, dövlətin pulunu havaya sovuranları cəzalandırır. Ümid edirəm ki, futbol təsərrüratına da növbə çatacaq. Son günlər bütün dünyanın gözü Tovuzdakı hadisələrə dikilib. Düşmən gülləsindən çəkinməyərək, Tovuzu tərk etməyən tovuzluları futbol sevincindən məhrum etmək nə deməkdi? Ötən əsrin 90-cı illərində “Turan”ın şərəfini qorumuşam, bilirəm ki, Tovuzda futbolu necə sevirlər. Çətin vaxtlarda erməni ilə sərhədyanı bölgədə böyük futbol olduğu halda, bu gün AFFA Tovuz klubunu pula görə premyer-liqaya buraxmır. AFFA rəhbərliyi, Elxan Məmmədov Bakını yox, bölgələri fikirləşməlidi. De Byazi kimilərə xərcləənən pullarla bölgələrdə neçə-neçə kluba yardım etmək olar. Heç olmasa, qonşu Gürcüstana baxsınlar, onların təcrübəsindən yararlansınlar. Yenə deyirəm, indiki idarəçilik Azərbaycan futbolunu məhv edib. Bu gün biz veteranlar ayağa qalxıb, futbolumuza rəhbərlik edib, bu sahədən xəbəri olmayanlara sözümüzü deməsək, uzağı iki ildən sonra Lixtenşteynə minimal hesabla uduzanda sevinəcəyik (Futbol+).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah