"Hazırda büdcənin müəyyənləşməsini gözləyirik" - Elmar Baxşıyev

Ölkədə xüsusi karantin rejiminin davam etməsi klubların da işini çətinə salıb.

Newsport.az-ın məlumatına görə, məşq edə, yoxlama oyunu keçirə bilməyən komandaların durumu qeyri-müəyyəndi.

Bugünlərdə yalnız transferlərlə gündəmə gəlirlər. Mövsüm başa çatandan sonra əsas futbolçularını itirən klublardan biri də “Qəbələ”dir.

Bölgə təmsilçisi 3 futbolçu ilə vidalaşsa da, heyətinə yeni futbolçu qatmayıb. Komandadakı dəyişikliklər, ölkə futbolundakı hazırkı vəziyyət barədə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə söhbətləşdik.

- Komandadan gedənlər olsa da, yeni transfer yoxdu. Bu vəziyyətə hazır idiz?
- Normal prosesdi. Futbolçunun müqavilə müddəti bitir. Yəqin ki, daha yaxşı şərtlərlə təklif alır və dəyərləndirir. Hələ ki heç bir futbolçuyla danışıq aparmamışıq. Özümüz də gözləyirik ki, büdcə təmin olunsun, daha sonra bütün futbolçularla danışıqlara başlayaq.

- Komandadan başqa ayrılıqlar gözlənilir?
- Müqaviləsinin müddəti bitən futbolçularımız var. Hazırda büdcənin müəyyənləşməsini gözləyirik. Büdcə bəlli olandan sonra həmin futbolçularla danışıqlar olacaq.

- Yeni mövsüm üçün şəxsi gözləntiləriniz, planlarınız nədi?
- Öncə pandemiyadan qurtulmaq lazımdı. Məşqlərə start verilməlidi ki, növbəti mövsüm üçün planları müəyyənləşdirək. Çempionata başlayacağımız vaxtı dəqiq bilmirik. Ona görə də yeni mövsüm barədə danışmaq tezdi.

- Hazırlıq planı barədə klub rəhbərliyi ilə hansısa görüş, müzakirə olub?
- Yox. Hazırda sırf çempionatın başlaması ilə bağlı yekun qərarı gözləyirik. Bunu bilmədən hazırlıq haqda düşünə bilmərik. Məşqlərin davamlı keçirilməsi üçün şərait olmalıdı.

- Növbəti mövsüm daha çox klub akademiyasının yetirmələrinə üstünlük veriləcək. Yeni mövsümdə daha gənc futbolçulardan komanda formalaşdırmaq sizin üçün çətin olmayacaq?
- Son mövsümdə heyətimizdə 3-4 gənc futbolçu yer alırdı. Yeni mövsümdə də akademiyanın futbolçuları ilə mübarizə aparmaq bizim üçün yenilik olmayacaq. Komandamızda, akademiyamızda potensialı yüksək olan futbolçular var. Rəqabətə dözüb, özlərini yaxşı tərəfdən göstərsələr, heyətdə yeni simalar görə bilərik.

- Futbolda qeyri-müəyyənlik davam edir. Bunun da əziyyətini komandalar çəkir. Çıxış yolunu nədə görürsüz?
- İndi elə bir dövrdəyik ki, prioritet insanların sağlamlığıdı. Onu təmin etdikdən sonra məşqlərə başlaya bilərik. Hər bir idmançı, futbolçu məşqə öyrəşməlidi, bu, onun peşəsidi. Hər kəs istəyir ki, məşqindən geri qalmasın. Biz də həmin günü səbirsizliklə gözləyirik. Ümid edirik ki, tezliklə bu problem aradan qalxacaq və klublar məşqlərini bərpa edəcək.

- Başqa ölkələrdə məşqlərə icazə verilir, bir çox çempionatlar bərpa olunub. Fikirlər var ki, ölkəmizdə futbolçular, məşqçilər də futbolun bərpası, məşqlərə icazə verilməsi barədə tələb irəli sürməlidi.
- Bu fikirlərlə razı deyiləm. Futbola cavabdehlik daşıyan qurumlar var. Əminəm ki, AFFA və PFL əlindən gələnin ən yaxşısını edir ki, komandalar tezliklə məşqləri bərpa etsin. Düşünürəm ki, bizim nəyəsə etiraz etməyimizə ehtiyac yoxdu. İlk vacib olan bu pandemiyadan qurtulmaqdı və insanları, futbolçuları lazımi səviyyədə qorumaqdı. Ona görə də AFFA və PFL çempionatı dayandırmaq barədə qərar verdi. Məncə, indi də fikirləşib, ortaq məxrəcə gəlib, məşqlərin davam etdirilməsinə razılıq veriləcək.

- Məlumdu ki, ölkə futbolu pandemiyanın təsirinə məruz qalmış bir çox xarici çempionatlardan səviyyə baxımından geri qalır. Haqlı olaraq, pandemiya bitdikdən sonra ölkədə futbolun özünə gəlməsinə, əvvəlki vəziyyətinə qayıtmasına uzun müddət lazım olduğu düşünülür. Bu fikirlərlə nə dərəcədə razısız? Komandanın, ölkə futbolunun toparlanması üçün nə qədər vaxta ehtiyac var?
- Ümumilikdə indi desək ki, çempionatın səviyyəsi baxımından ön sıralardayıq, təbii ki, düz olmaz. Amma futbol adına biz məşqçilərdən tutmuş, futbolçulara, futbol funksionerlərinə qədər hər kəs maksimum bir yerdə olub, iş görməlidi ki, futbolumuz bu müddətdə çox geri düşməsin (Futbol+).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right