"Başa düşmürəm, niyə AFFA həmişə çalışır ki, yığmanın baş məşqçisi əcnəbi olsun?"

Yığmanın baş məşqçisi postuna namizədlər arasında Canni de Byazinin olduğu məlum idi.

Newsport.az-ın məlumatına görəartıq neçə vaxtdı mətbuatda AFFA-nın italyan mütəxəssislə danışıqlar apardığı barədə xəbərlər dolaşır.

Bir neçə gün öncə daha bir əcnəbi məşqçinin adı milli ilə yanaşı hallandı. İngiltərənin məşhur “The Sun” qəzeti “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin Azərbaycan yığmasını çalışdırmağa yaxın olduğu haqda məlumat yaydı.

Uzaq Britaniyada ictimailəşən bu xəbəri AFFA rəhbərliyi də təkzib etmədi, qurumun sözçüsü Firuz Abdulla irlandiyalı mütəxəssisin yığmanı çalışdırmağa namizədlərdən biri olduğunu açıqladı.

Kinin namizədlər arasında olması ölkə mediasının onun personasına marağını artırdı. Qısa vaxtda irlandiyalının məşqçi karyerası incələndi, çalışdığı və çalışdırdığı klublarda nə ilə yadda qaldığı gündəmə gəldi.

İstər mediada, istərsə də sosial şəbəkələrdə aparılan müzakirələrə diqqət yetirdikdə Kinin millini çalışdırmasının əleyhdarlarının daha çox olduğunu görmək mümkündü.

Bəs görəsən, yerli mütəxəssislər, futbol veteranları irlandiyalı haqda nə düşünürlər, onun yığmanı çalışdırmaq perspertivini necə dəyərləndirirlər? Bu məqsədlə onların bəzilərinin fikirlərini öyrəndik (Futbol+).

Ağasəlim Mircavadov: “Mən də sizin kimi Roy Kinin yığmanı çalışdırmağa namizədlər arasında olduğunu mətbuatdan öyrəndim. Məşqçilər Komitəsinin üzvləri pandemiya üzündən artıq neçə vaxtdı işə çıxmır və bu səbəbdən Kinin namizədlər arasında olmasından xəbərsizəm. İrlandiyalı futbolçu kimi adından söz etdirməyi bacarıb, uzun illər “Mançester Yunaytet” kimi İngiltərə nəhənginin şərəfini qoruyub, kapitanı olub. Ancaq hər yaxşı futbolçu sonradan eynu uğuru məşqçilikdə də təkrarlaya bilmir axı. Ümumiyyətələ, onun sonuncu çalışdığı klub hansıdı? Baxmaq lazımdı ki, Kin həmin klubda nə iş görüb, ümumiyyətlə, məşqçilik karyerasında hansı uğura imza atıb? Onun yığmanı çalışdırmasına nə deyə bilərəm? Açığı, milli elə bir mütəxəssisə tapşırılmalıdı ki, o burda nəsə iş görsün, özündən sonra iz qoysun. Təyinat reallaşmadan mənim nəsə deməyim düz olmaz. İndi əsas məsələ sağlamlıqdı. Hamımız özümüzü koronavirusdan qorumalıyıq”.

Zaur Ramazanov: “Mən hələ də başa düşmürəm, niyə bizim AFFA rəhbərliyi həmişə çalışır ki, yığmanın baş məşqçisi əcnəbi olsun? Onlarda əcnəbi sevgisi hardan yaranıb və nəyə xidmət edir, anlamıram. Roy Kini futbolçu kimi tanımışam. Tanımışam deyəndə ki, hamı kimi televizorda oyunlarına baxmışam. Kin hansı çempionatda top qovub, məşqçi kimi harda çalışıb? İngiltərədə. İndi siz mənə deyin, İngilətərə çempionatı ilə bizim çempionatı müqayisə etmək olar? Ancaq adları oxşardı, səviyyə, orda oynanılan futbol, ümumiyyətlə, futbol fəlsəfəsi tam fərqlidi. Roy Kin də futbol oynamağa başlayandan ancaq Britaniya futbolu görüb. İngiltərə premyer-liqasında, çempionşipdə oynayan futbolçuların boyuna baxın, bir də bizimkilərin. Azərbaycanlılar heç vaxt “ikinci mərtəbə”də seçilməyiblər, bizimki ancaq yerlə oynamaqdı. Siz elə düşünürsüz ki, Kin millinin “sükanı arxasına” keçəndən sonra illərboyu alışdığı futbol fəlsəfəsindən imtina edib, bildiyimiz və bacardığımız futbolu oynadacaq? Xeyr, belə şey qətiyyən ola bilməz. O fərqli futbol mədəniyyətinə sahibdi. Bir də ki, onu bura gətirməyin nə mənası var? Məncə, irlandiyalı mütəxəssis məşqçi kimi də hələ özünü göstərə bilməyib. Bəlkə onu reklam üçün Azərbaycana dəvət ediblər? Baxmayın, nə qədər olmasa da, Britaniyada tanınmış simadı, bura gəlsə, İngiltərə mediası həftədə azı bir dəfə Azərbaycan yığması, ölkəmiz, paytaxtımız haqda reportajlar hazırlayacaq. Berti Foqtsun, Toni Adamsın timsalında bunları görmüşük. Məncə, Roy Kin bir reklam layihəsidi. Olsun, belə layihələr də bizə faydalıdı, az-çox dünya bizi tanıyır. Ancaq bunu yığma vasitəsilə etməsinlər. Milli futbol oynamalıdı, nəticə qazanmalıdı, qələbələrlə azarkeşləri sevindirməlidi. Daha belə layihələrin badına getməməlidi. Məndən olsa, yığmanı yerli məşqçiyə tapşırmaq ən düzgün yol olardı. Millətlər Liqası sentyabrda başlayır. İki ay qalıb. Kin nə vaxt gələcək, nə vaxt bizim futbolçuları tanıyacaq... Çempionat da yoxdu ki, deyim ən azı 5-6 tur izləyəndən sonra müəyyən fikir yürütmək olar. Artıq nə deyim, vallah, söz tapmıram danışmağa”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right