Avrokubok təmsilçilərimizin məşqinə icazə verildi

Bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının hazırlıq keçməsinə bu gün rəsmi icazə verilib.

Newsport.az-ın xəbərinə görə, buna AFFA ilə Gənclər və İdman Nazirliyinin müvafiq qurumlarla apardığı müzakirələrdən sonra nail olunub. “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” karantin qaydalarının tələblərinə əməl etməklə məşqlərini bərpa edə biləcəklər. Sözügedən komandalar sərt karantin rejimi tətbiq edilməyən hər hansı bölgədə toplanış keçə biləcək. Həmin klubların haranı seçməsi isə artıq öz ixtiyarındadır.

“Qarabağ” klubunun direktoru Emrah Çelikel Qol.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, komanda hazırlığı sərt karantin rejiminin keçirilmədiyi Qəbələdə keçirməyi nəzərdə tutur.

Məşqlərin nə vaxt başlanacağına isə klubun bu gün keçirəcəyi videokonfransdan sonra aydınlıq gələcək.

Qeyd edək ki, məşqlərə icazə verilməsinə dair ilk xəbəri “Futbolpress” saytı yayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right