“Səssiz toy” və ya pandemiya dövründə mükafatlandırma mərasimi

“Nunta muta” nə vaxtsa izlədiyim Rumıniya istehsalı filmdi. Adı Azərbaycan dilinə “Səssiz toy” kimi tərcümə olunan filmin hekayəsi orijinaldı:

Əyləncəyə meyilli rumın kəndində iki gəncin təmtəraqlı toyu olmalıdı. Bəxtsizlikdən bir gün öncə İosif Stalin vəfat edir. Partiyadan gəlib bildirirlər ki, gülmək, futbol oynamaq, toy etmək, hətta dəfn belə, qadağandı – yalnız rəhbərin yasını saxlamaq olar. Ancaq kənd camaatı səssiz də olsa, toyu davam etdirmək qərarına gəlir. Toqquşdurulacaq qədəhlərə əski bağlanır ki, səs çıxmasın, çəngəl bıçaq yığışdırılır, bəylə gəlin “səssiz musiqi”nin “səda”ları altında oynayırlar, özünü saxlaya bilməyib gülən uşaqların ağzı bağlanır, bəyin dediyi sağlıq o qədər alçaqdan olur ki, masanın sonundakılara qulaqdan-qulağa ötürülərək, ilkin mahiyyətindən tam uzaqlaşmış şəkildə çatır və s. Kəsəsi, əyləncəli kənd əhalisi bu namünasib vəziyyəti belə, özü üçün partiyə çevirməyi bacarır...

Ağlıma gəlməzdi ki, izlədiyim bu qəribə filmə mütənasib hadisənin şahidi olaram.

***
Peşəkar Futbol Liqası vaxtından əvvəl çempion elan edilən “Qarabağ” üçün sosial izolyasiya qaydalarına riayət edilməklə təmtəraqlı mükafatlandırma mərasiminin keçiriləcəyini açıqlamışdı. Daha sonra ikinci xəbərlə elan edildi ki, tədbir qapalıdı, yalnız PFL rəhbərliyi kubok və medalları “Qarabağ” rəhbərliyinə təqdim etməklə kifayətlənəcək.

“Azersun Arena”da təşkil olunan mükafatlandırma mərasimi o qədər lokal idi ki, bundan o tərəfi PFL-in kubok və medalları poçtla klubun bazasına göndərməsi olardı. Mərasimdə çempionatı keçirən qurumdan 3, “Qarabağ”dan cəmi 6 nəfər iştirak edirdi. Hamı maskada, əlcəkdə, arada minimum 2 metr məsafə ilə dayanmışdı, Ramin Musayev bu dəfə heç kimi öpüb, qucaqlamırdı, hər tərəfə bir səssizlik çökmüşdü. Ən qəribəsi, bəlkə də, tarixdə ilk dəfə mükafatlar verilmədi, hərə gedib öz medalını özü götürdü. Sonra kapitan Rəşad Sadıqov futbolçu kimi sonuncu kubokunu başı üzərinə qaldırdı, digər “Qarabağ”lılara ötürdü, qısa çempionluq musiqisi səsləndi və bu qəribə, kədərli tədbir yekunlaşdı.

Dünənki mərasim mənim üçün “Səssiz toy”un təzahürü idi – o qədər hüznlü və bir o qədər də dirəniş payı olan...

***

Qəribədi, keçən il “Qarabağ” üçün problem “Neftçi”nin bilet qiymətini 50 manat müəyyənləşdirməsi və kuboku azarkeşlərinin qarşısında qaldıra bilməmək idi. Bu dəfə isə heç tam tərkibdə medalları götürmək mümkün olmadı. Yenə keçən il hansısa geydirmə festivala görə komandanın Çempionlar Liqası oyununu “Dalğa Arena”da keçirməsi etirazlara səbəb olmuşdu, indi heç turnirə hazırlaşa biləcəyi bir məkan belə yoxdu...

Ancaq həm də nə vaxtsa komanda mərmi sədaları altında oynayırdı, elə bir gün yetişdi ki, Çempionlar Liqasının himni ilə meydana çıxdı...

Dünənki mükafatlandırma mərasimi çempion komandaya qətiyyən yaraşmadı. Ancaq hər zamanın öz problemləri, onların da öz həll yolları var. Bütün hüznünə, kədərinə baxmayaraq, bu tədbiri də bir mini-işartı, ayaqda qalmaq nümunəsi kimi görmək lazımdı.

Ya vəlvələdən, ya zəlzələdən, yanlış qərarlardan/qərarsızlıqdan bugünə qədər pandemiyaya qarşı döyüşləri uduza-uduza gəlmişik, ancaq müharibə davam edir, yeni həll yolları axtarmaq, mübarizə üsulları fikirləşmək və ən əsası şərtlər necə də olsa, davam etmək lazımdı.

Faiq Tahirov/futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right