Qurban Qurbanov: "Çox istəyərəm ki, Rəşad Sadıqov bizimlə qalsın"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın verdiyi məlumata görə, o, əvvəlcə çempionluq təəssüratllarını bölüşdü...

- Sevinirik ki, medalımıza qovuşduq. Amma istərdik ki, daha fərqli şəraitdə olsun. Vəziyyəti çox gözəl başa düşürük, durum yaxşı deyil. Ölkəmizdə virusun yayılması artıb. Bu çempionluqda klubdakı hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. İstərdik ki, kuboku azarkeşlərin önündə qaldıraq. Ancaq düşünürəm ki, bizimlədilər. Hamısına təşəkkür edirəm. 8 oyunu keçirmədik, amma hər bir qərara hörmətlə yanaşırıq.

- Transferlərlə bağlı məsələ nə yerdədi?
- Bir mərkəz müdafiəçisi ilə razılıq əldə etmişik. Sadəcə, bu duruma görə hələ qalıb. Ola bilər ki, transferlər bir az geciksin. Ancaq istədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük. Çətin dönəmdi. Razılaşsaq belə, istədiyimiz oyunçuları tez gətirə bilmərik.  Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də fikirlərimizdə bildirmişdik ki, son mövsümüdü. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindi. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını btirmək istəyirdi, mən qoymamışdım.

- Rəşad Sadıqov məşqçi kimi klubda qalacaqmı?
- Konkret cavab verə bilməyəcəm. Bir qədər vaxt lazımdı ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik.

- Yaxşı tanıdığınız futbolçulardan hansısa biri qayıda bilərmi? Məsələn, Riçard Almeyda, Pedro Enrike...
- Rəhbərliklə görüşümüz olmayıb. Həmişə xoşlamışam ki, bir işi tam başa vuraq, sonra növbəti addımları müzakirə edək. Pandemiya hamıya böyük zərbə oldu, bizə də təsiri var. Hər bir halda, komandanı qoruyub saxlamağa çalışmışıq. Futbolçuların qayıdışı halları olub, indi olacağını desəm, doğru olmaz. Bəlkə, gələcəkdə mümkün oldu. Gedişata baxacağıq.

- Hazırlıq planları necə olacaq?
- Çox çətin dövrdü. İki gün əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidi. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadı. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindi. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdı. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündü. İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç  olmasa Bakıdan kənarda şərait yaradılacaq.

- Legionerlərin ailələrinə baş çəkməsi, yollarınızı ayırdıqlarınızın getməsi üçün bir fikir varmı?
- Bir neçə günə klub tərəfindən məlumat veriləcək. İcazə olmadıqca burda qalacaqlar. İmkan olduqca, məşq edəcəklər. Elə durumdu ki, səbrli olmalıyıq. Mütləq evə getmək istəmək kimi bir şey olmamalıdı. Çətinlik var, ən yaxşısını etməyə çalışacağıq.

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right