Qurban Qurbanov: "Bu çempionluğun özəl bir yeri var"

"Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Baxmayaraq ki, Premyer Liqanın bitməsinə bir neçə tur qalmış çempionat dayandırıldı".
 
Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Azərbaycan Premyer Liqasında cari mövsümün dayandırılması qərarına münasibət bildirərkən deyib.
 
48 yaşlı mütəxəssis deyib ki, ikinci pillə ilə arada 8 xal fərq var idi və çempion olmaq şansları çox idi: "Buna uyğun da AFFA İcraiyyə Komitəsi çempionatın dayandırılmasına və qalibi müəyyənləşdirməyə qərar verdi. Futbolçularımı təbrik edirəm, ardıcıl 7 il çempion olmaq çox yaxşı göstəricidir. Neçə ildir bu komandadayam, klub rəhbərliyi, futbolçularla və işçilərlə tək fikrimiz düzgün iş qurmaqdır. Bunu da klubda hər kəs dərk edirdi, bu stabillikdə hamının əməyi var. Bu çempionluğu qeyd etmək hamının haqqı idi, hamını təbrik edirəm".
 
Qurbanovun sözlərinə görə, hər bir uğur əldə etdikdən sonra məsuliyyət daha da çoxalır: "Bu çempionluğun özəl bir yeri var, ardıcıl 7-ci dəfə Azərbaycanda çempion olduq. Baxmayaraq ki, ağır dövrdür, çətinliklər coxdur. Biz də öz işimizi dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində, həm də öz peşəkarlığımızla görməyə çalışırıq. Çalışacağıq ki, qarşıdakı zamandan düzgün istifadə edək".
 
Baş məşqçi sıxıntıların olacağını istisna etməyib: "Komanda uzun müddətdir rəsmi oyunlara çıxmır. Avqustun 17-də isə Çempionlar Liqasının təsnifat mərhələləri başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq. Çempionat yekunlaşsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəmi başlayır, həm də rəsmi oyunlarsız Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf etmək lazım olacaq. Bu pandemiya bütün dünyada yayılıb. Hər bir halda çalışacağıq ki, düşdüyümüz situasiyanı qəbul edib bu vəziyyətdə düzgün hazırlaşaq və mövqe tutaq".
 
Qurbanov sonda isə "Qarabağ" azarkeşlərinin hər birini təbrik edib: "Onlar bəlkə də bizdən çox bu çempionluğu gözləyirdilər".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right