"Çempionatla bağlı proqnoz vermək çox çətindir" "Sabah"ın legioneri

"Qısamüddətli məşqdən sonra "Qarabağ"la yoxlama matçına çıxdıq. Bu səbəbdən belə rəqibə qarşı futbolçulardan yüksək keyfiyyətli oyun gözləmək olmaz".
 
Bu fikirləri "Sabah"ın futbolçusu Filip İvanoviç "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları yoxlama matçı barədə danışarkən deyib.
 
28 yaşlı müdafiəçi bildirib ki, "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri ikinci yoxlama oyununda komanda olaraq daha yaxşı təsir bağışlayıblar. Serbiyalı oyunçu hələ istədikləri formadan uzaq olduqlarını sözlərinə əlavə edib. İvanoviç deyib ki, önəmli olan matçların zədəsiz yekunlaşmasıdır. 
 
Müdafiəçi Premyer Liqa bərpa olunandan sonra "Sabah"ın hansı nəticəni əldə edə biləcəyinə də toxunub: "Klubların hamısının üzləşdiyi uzunmüddətli fasilədən sonra çempionatla bağlı proqnoz vermək çox çətindir. Hər halda, mövsüm davam edərsə, ən yaxşı şəkildə mübarizə aparmaq və Avropa Liqasına vəsiqə qazanmaq istəyirik".
 
İvanoviç çempionatın bərpası ilə bağlı öz fikirlərini də bölüşüb: "Ailəmizin və insanların sağlamlığı prioritet olmalıdır. İnsanların qorunması ilə bağlı hər qərarı dəstəkləyirəm. Çempionatla bağlı qərar verən qurumlar var, biz isə icra edirik".
 
Serbiyalı oyunçu 21-ci turda qarşılaşacaqları "Keşlə" ilə oyun haqqında isə bunları deyib: "Çempionat davam edərsə, əlimizdən gələni etməyə çalışacağıq. "Keşlə" fasiləyə qədər çox yaxşı oyun nümayiş etdirib. Bu qarşılaşmada yaxşı nəticəyə ümid edirik". 
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunmalıdır. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right