Premyer Liqada neçə klubun olacağı iyunun 12-də dəqiqləşəcək

İyunun 12-də Lisenziya Komissiyasının iclası olacaq.

Newsport.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın baş katibinin müavini, həmçinin Lisenziyalaşdırma Qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev məlumat verib.

Assosiasiya rəsmisinin sözlərinə görə, həmin gün 2020/21 mövsümündə Premyer Liqada iştirak etmək üçün müraciət edən I divizion, həmçinin avrokuboklarla bağlı sənədlərini təqdim edən elita təmsilçiləri ilə bağlı qərar veriləcək:

“Mövcud durumla bağlı hər hansı dəyişiklik olmasa, iyunun 12-də Lisenziya Komissiyasının iclası olacaq. Orada da Premyer Liqa və avrokuboklar üçün hansı komandalara lisenziya verilməsi qərara alınacaq”.

Hacıyev əlavə edib ki, I divizion klublarının təqdim etdiyi sənədlər hazırda yoxlanılır: “Klubların təqdim etdiyi sənədlərə hazırda baxılır. Əməkdaşlarımız öz meyarlarına görə yoxlamaları davam etdirirlər.

Ümumi mənzərə belədir ki, müxtəlif çatışmazlıqlar var. Yüksək liqa ilə müqayisədə çatışmazlıqlar daha çoxdur. Hazırkı durumun ürəkaçan olub-olmadığını deyə bilmərəm. Çünki yoxlama gedir.

Ən əsası maliyyə şərtləridir. Bu meyara çox həssas yanaşılır. Təbii ki, digər sənədlər də qaydasında olmalıdır. Çalışırıq iyunun 12-nə qədər prosesi yekunlaşdırıb, həmin gün sənədləri Lisenziya Komissiyasına təqdim edək”.

Baş katibinin müavini onu da vurğulayıb ki, Premyer Liqada sonuncu yeri tutan komandanın elitanı tərk etməsi ilə bağlı Əsasnamədə heç bir dəyişiklik olmayıb:

“Əsasnaməyə görə, Premyer Liqadan bir komanda aşağı diviziona düşür, oradan isə biri elitaya vəsiqə əldə edir. Əsasnamədə hələ ki, dəyişiklik yoxdur. Ancaq birinci diviziondan hansı komandanın lisenziyaya cavab verib-verilməyəcəyinə baxılacaq. Ona uyğun qərar veriləcək”.

Sərxan Hacıyev Premyer Liqa klublarının hamısının növbəti mövsüm avrokuboklarda iştirak üçün müraciət etdiyini də bildirib: “Hazırda yüksək dəstə klublarının sənədlərində ciddi görülən bir problem yoxdur. Amma sənədlərə hələ baxılır”.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə “CBC Sport”a müsahibəsində Premyer Liqada növbəti mövsüm də 8 komandanın iştirak edəcəyini söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right