"Qəbələ"nin prezidenti: "Onun Azərbaycana qaytarılması bizim əlimizdə deyil"

"Karantin başladığı müddətdən AFFA-dan müəyyən təlimatlar alırıq".
 
Bu fikirləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının bərpasından sonra koronavirusla bağlı tətbiq olunacaq təhlükəsizlik qaydaları barədə danışarkən deyib.
 
Əyalət təmsilçisinin rəhbəri bildirib ki, federasiya dünənki iclasda müzakirə olunan məsələlər barədə də təlimat hazır olduqdan sonra onu klublara göndərəcək. Nəcəfovun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq məqsədilə klublara paltardəyişmə otaqlarından istifadə olunmaması tövsiyə edilib: "Qapalı və dar yerdə futbolçular, məşqçilər daha sıx təmasda olurlar. Belədə xəstəliyin yayılma ehtimalı çox olduğu üçün futbolçuların oyunlara, məşqlərə hazır formada gəlmələri daha yaxşı olar. Bundan başqa, oyunçuların qaldıqları otaqlardakı duşdan istifadə etmələri məsləhət görülür".
 
Klub prezidenti martın sonlarında ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopesin durumuna da toxunub: "Biz onu İspaniyaya göndərəndə bu hal gözlənilmirdi. İndiki məqamda isə edə biləcəyimiz heç nə yoxdur. Çempionata onsuz davam etmək məcburiyyətindəyik. Çünki Fernanın Azərbaycana qaytarılması bizim əlimizdə deyil. Elə bir haldır ki, vəziyyətlə barışmalıyıq. Sözsüz ki, sərhədlər açılacağı halda ən qısa müddətdə burada olacaq".
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right