Azərbaycan futbol hakimliyinin Bəhramov zirvəsi

Futbol bir çox sahələri özündə sıx birləşdirir. Futbolçular, məşqçilər, hakimlər, idarəçilər, həkimlər, menecerlər, inzibati heyət, tv-media dəstəyi və s…. Kompleks halda yanaşma olmadan futbolun təbliği, inkişafı mümkünsüzdür.

Belədə “12-ci oyunçu”, azarkeşlər də tribunaları doldurur, davamlılıq, səviyyə təmin edilir, nəticələr də özünü çox gözlətmir. 60-cı illərin futbolundan söz açarkən, hakimlik məktəbi də ön plana çıxır. Bir-birinə bağlı olan sahələr, bir o qədər də bir-birindən asılıdır…

Komandalarımız dirçəldikcə hakimlərimiz də inanılmaz sıçrayışa nail olurdular. O dövrdə tək Ə.Məmmədov, A.Banişevski kimi futbolçularımız üst səviyyədə SSRİ, Avropa, dünya çapında meydanlara çıxmırdılar. Referilərimiz də geri qalmırdı… Ən əsası, demək olar bütün hakimlərimiz futbolun içindən çıxmışdılar. Təsadüflər deyildilər…

Tofiq Bəhramov, Eldar Əzimzadə karyeralarını bitirdikdən sonra hakimliyə keçmişdilər. Uğurlar qazandıqca yaşıl meydança ilə vidalaşan digər futbolçularımızın da bu sahəyə meyli artır, hakimlik sıralarını zənginləşdirirdilər…

Umumiyyətlə yerli futbolçuların sayı çox idi. Ustalardan ibarət komandalarımızın azlığı, rəqabət, müxtəlif səbəblər onları bütün sovetlər məkanına səpələyirdi. Bir çoxları bilməsə də, aparıcı hakimlərimizdən olmuş Orucəli Durmuşev hələ uzaq 60-ların əvvəllərində güclü “Fakel” (Trud”) Voronejdə çıxış edirdi.
Ən məşhur referilərimizdən Rüstəm Rəhimov “Neftçi”dən sonra “Dinamo” Mahaçqala, “Pamir” Düşənbənin şərəfini qoruyurdu. Hələ Rafiq Quliyev, Asim Xudiyev kimi neçə-neçə gələcək hakimlərimiz yaşıl meydanlarda top qovurdular. Bölgələrimizdə usta komandalarımızın sayı artdıqca, hakimlərimiz də yetişirdi…

İstənilən şəhəri təmsil edən usta komandalar varsa, mütləq hakimlər də olmalı idi. Bu, tələb idi və hakimlərə olan diqqət futbolçularda həvəs oyadırdı. Futbol oynamış insanların yaşıl meydanlarda hissiyatı, futbol ruhu, futbolçuları, tribunaları başa düşməsi daha güclü olur…

Tofiq Bəhramovla yanaşı öz dövrünün istedadlı fit sahibləri Nəsir Məmmədzadə, Teymur Vəliyev və digərləri artıq ittifaq miqyasında aparıcı rollara çıxırdılar. “Dinamo” Kirovabadın əsas heyət futbolçularından olmuş Yusif Məhərrəmov da referilik sənətində uğurlar qazandı…

Əlisgəndər Nağıbəyov, Rauf Adıgözəlov, 60-larda top qovmuş Namazov qardaşlarından Asif Namazov, Gəncə futbol məktəbinin yetirməsi Novil İsmayılov, Bakıdan Gülağa Cabbarov və digərləri futbolçu dönəmlərindən sonra sovetlər miqyasında 100-lə oyunda Azərbaycanı hakim kimi təmsil ediblər.

Vaxt olub ancaq yüksək liqada 4-5 briqada ilə oyunlara çıxılıb. Azərbaycan hakimlik məktəbi SSRİ-də ən yaxşılardan idi və artıq dünya miqyasında tanınırdı. Müxtəlif çempionatlarda onlarla hakimimiz yaşıl meydanlarda mərkəzi göstərirdilər…

Təbii ki, pik nöqtə “Uembli”də dünya çempionatının final görüşüdür. İlk FİFA referimiz dahi Tofiq Bəhramov zirvəsi Azərbaycan hakimlik məktəbini planetdə öncüllər sırasına çıxarmış oldu. Bu, gələcək uğurların möhkəm təməli idi…

Hakimlərimizin sorağı tək Moskva, Kiyev, Leninqrad, Minsk, Tbilisi, Daşkənd, Alma-Atıdan gəlmirdi. Artıq fit sədaları Barselona, Afina, Brüssel, Buenos-Ayres, Mexiko, Belqradın ən böyük stadionlarından, mötəbər yarışlarından eşidilirdi…

Bu gün doğum günü olan, Şuşada dünyaya göz açmış, Bakıda, İçəri şəhərdə böyümüş Eldar Əzimzadənin ölkə futbolu, hakimliyi adına növbəti zirvələri hələ qabaqda idi. Futbolçuların karyeralarından sonra hakimlik sənətini seçməsi ənənəsi sonrakı onilliklərdə də davam edəcəkdi…

Təcrübəli futbolçu-hakimlərimiz yaşıl meydanlarda idarəçilik edə-edə bir çox futbolçulara göz gəzdirir, onların gələcəkdə referi ola biləcəkləri ilə bağlı diaqnoz qoyur, gələcək hakimlik məktəbini də düşünürdülər…

Hakimlər tək Bakıda deyil, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan, Göyçay, İsmayıllı, Biləsuvar, Bəyləqan və digər bölgələrimizdə də yetirşirdilər. Azərbaycanlı hakimlər davamlı olaraq SSRİ-nin ən yaxşıları, aparıcı referiləri sırasında olurdular…

TAHİR SÜLEYMANOV

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right