AFFA əcnəbi mütəxəssisləri yola salır, millinin yeni sükançısı…

Dünyada hökm sürən koronavirus pandemiyası ölkəmizə də ciddi ziyan vurmaqdadır.

 

İş yerləri dayanıb, pandemiya ilə mübarizə aparılır, ölkənin turist gəlirləri faktiki sıfra düşüb.

 

Yaranmış vəziyyət bütün sahələrdə öz mənfi təsirini göstərməkdədi. Koronavirusun yayılması avtomatik neftin qiymətinə də təsir edib. Hava yolları bağlıdısa, insanlar şəxsi nəqliyyat vasitələrindən əvvəlki kimi istifadə etmirsə, şəhər və rayonlar arasında ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulubsa, bu, neftə tələbatın azalması, deməli, həm də neftin ucuzlaşması deməkdi.

 

İnflyasiya bütün sahələr kimi, idmana da zərbə vuracaq. Və artıq vurduğunu deyə bilərik. Bu dəqiqə ölkə rəhbərliyi bütün diqqətini koronavirusla mübarizəyə, yəni pandemiyanın qarşısının alınmasına yönəldib.

 

Karantin və müalicə mərkəzlərinin inşası, həkimlərin maaşının 3-5 dəfə artırılması, aztəminatlı ailələrə və vergi ödəyicilərinə müavinətlərin ayrılması, koronavirus testinin aparılması (bir testin qiyməti 180 manatdı), bununla yanaşı, ölkə iqtisadiyyatının çökməsi – bütün bunlar milyardlarla manata başa gəlib. Başqa cür desək, büdcə tükənməyə doğru gedir.

 

Bu cür vəziyyətdə idmanın arxa plana keçməsi başadüşüləndi. Gördüyünüz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi yumşaldıcı qərarlar arasında idman yarışlarının keçirilməsi ilə bağlı məlumatlara rast gəlmirik. Çünki bu gün hamımıza lazım olan cansağlığıdı, nəinki idman yarışları və ya hansısa turnirlərdə qazanıla biləcək uğurlar.

 

Bildiyiniz kimi, bütün idman sahələri əsasən SOCAR-dan maliyyələşir. Neft şirkətinin yeganə gəlir mənbəyi neft və qazdı. Hər ikisinin qiymətinin ucuzlaşması dövlət rəhbərliyini idmanda qənaət rejiminə keçməyə məcbur edir.

 

Əldə etdiyimiz bilgiyə görə, məsrəflərin azaldılması üçün atılmaqda olan ilk addım bütün idman növlərindəki legioner idmançı və mütəxəssislərin yola salınmasıdı. Artıq rəhbərlərə bununla bağlı xüsusi göstəriş verilib.

 

Boks, güləş, cüdo, taekvondo, voleybol, futbol – fərq etmir. Nə qədər əcnəbi mütəxəssis varsa, göndərilməli, namizəd legionerlərlə danışıqlar dayandırılmalıdı.

 

Tapşırıq futbola da aiddi. Bu gün Azərbaycan futbolunda kifayət qədər yaxşı maaş alan və həmin pulu SOCAR-ın büdcəsindən cibinə qatlayan mütəxəssis çoxdu. Bernard Lippert, Frits Stuxlik, Milan Obradoviç, Miloş Velebit...

 

Müqaviləsinin müddəti bu ilin yayında bitənlərlə yollar avtomatik ayrılmalıdı. Digərləri ilə ortaq məxrəcə gəlinməlidi. Üstəlik, əsas yığma üçün nəzərdə tutulan əcnəbi mütəxəssis planının üstündən də çalın-çarpaz xətt çəkilməlidi. Bu isə o deməkdi ki, millinin baş məşqçisi mütləq və mütləq yerli olmalıdı.

 

Legionerlərdən imtinanın idmana, futbola nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Lakin söhbət futboldan gedirsə, ölkə rəhbərliyinin bu göstərişini alqışlamaq lazımdı. Onsuz da həmin Lippert, Stuxlik, Obradoviç Azərbaycan futboluna ciddi mənada fayda vermir.

 

Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Nikolay Adam, Oliver Pilzer kimilər vaxtilə neftin pullarını hansı iştahla yemişdilərsə, indikilər də bu yolla qazanmaqda davam edir.

 

Ona görə də ən yaxşısı onları yola salmaq, dolayı yolla əcnəbilərin hesabına pullaşan başbilənlərin varlanmaq arzusunu gözündə qoymaqdı. Ölkə başçısının bu göstərişinin qarşısında baş əyməmək mümkün deyil (Futbol+).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah