"Tam heyətlə yenidən Ağdama getmək fikrimiz var" Əmrah Çəlikəl

2 gün əvvəl "Qarabağ" komandasının rəhbərlik, baş məşqçi və futbolçulardan ibarət geniş heyətlə Ağdama səfər etməsi haqda məlumat vermişdik. Səfər çərçivəsində "Qarabağ" tərəfdən 1500 aztəminatlı ailəyə yardım olundu. Bundan başqa Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüş keçirilib.

Bu və digər məsələlərlə bağlı daha ətraflı "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Sportinfo.az-a danışıb. Newsport.az həmin müsahibəni təqdim edir:

- Bakı və Bakı ətrafında bir neçə məcburi köçkün şəhərciyi olsa da siz yardım üçün Ağdama getməyə qərar verdiniz. Təklif kimdən gəldi?

- Ortaq fikrimiz idi. Doğrusu, bizim Ağdama getmək planımız daha əvvəldən vardı. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif müəllim də bizi daha öncədən ora dəvət etmişdi. Tam komanda olaraq getməyi planlaşdırırdıq. Amma sonradan koronavirus pandemiyasının ortaya çıxmasına görə bu səfəri həyata keçirə bilmədik. Düşündük ki, heç olmazsa bu vəziyyətdə ora gedib imkansız ailələrə kömək edək.

- Nəzərə alsaq ki, ölkədə karantin rejimidir. Bu vəziyyətdə geniş heyətlə Ağdama getmədən də aztəminatlı ailələrə yardım göndərmək olardı. Amma siz "Qarabağ" olaraq çox geniş tərkibdə ora getdiniz ...

- Düşündük ki, həm oradakı insanlarla görüşək, həm də dəstək kompaniyası çərçivəsində oradakı "Qarabağ" sevərlərləri yaxından görmək imkanımız olsun.

- Səfər çərçivəsində sizə münasibət necə oldu? Təəssüratlarınız necədir?

- Çox yüksək səviyyədə qarşılandıq. Bizə qarşı olan münasibətə görə çox sevindim. İcra başçısı Vaqif müəllim bizi ən yaxşı şəkildə qarşıladı. Hər addımda bizim yanımızda idi. Bir daha Vaqif müəllimə öz minnətdarlığımı bildirirəm.

- Gələcəkdə belə səfərlərin davamlı olması ilə bağlı, Vaqif müəllimlə aranızda hansısa söhbət oldumu?

- Əlbəttə, bu barədə də danışdıq. Biz başçı ilə davamlı olaraq əlaqədə oluruq. İnşallah ilk fürsətdə tam heyətlə yenidən Ağdama getmək fikrimiz var.

- Əcnəbi futbolçulardan heç kimi bu səfərdə görmədik. Bu bir qədər müzakirələrə səbəb oldu. Ümumiyyətlə, bu səfərə getmələri üçün onlara müraciət olunmuşdumu?

- Məncə, bu çox önəmli bir detal deyil. Bu, heç rəsmi bir səfər də deyildi. Yardım məqsədi ilə ora getmişdik. Düşünürəm ki, aramızda yetərincə tanınmış yerli futbolçular vardı. Bu bir oyun, bir müsabiqə deyildi. Məsələyə bu yöndən baxmaq lazımdır. Biz heç fikirləşmədik ki, əcnəbilər niyə getmədilər. Kim istəsə gedə biləcəyi bir səfər idi. Əcnəbi futbolçularımız evdə qalmağa üstünlük verdilər. Bu normal haldı. Kimisə evindən çıxarıb ora apara bilmərik. Əcnəbi futbolçuların və ya başqa kiminsə getməyi yox, əsas olan "Qarabağ"ın Ağdamda olan birlik bərabərlik ruhu idi. Buna da nail olduğumuza inanıram.

- Karantin müddətində "Qarabağ" koronavirusla mübarizəyə daha aktiv dəstək verir. Bu nədən irəli gəlir?

- Azarkeşlərimiz hər zaman deyir ki, "Qarabağ" bir komandadan daha artıqdır. Bu gün "Qarabağ"ın Azərbaycanda mövqeyi, missiyası tam başqadır. Sponsorumuzun komandaya verdiyi mənəvi dəstək, fədəkarlıq və futbolçularımızın bunu dərk etməsi bizim üzərimizə əlavə məsuliyyət yükləyir. Əsas məqsədimiz "Qarabağ"ın Azərbaycanın bir parçası olduğunu dünyaya göstərmək, sübut etməkdir.

- Karantin müddəti 31 maya kimi uzadılıb. Bundan sonrakı müddətdə də "Qarabağ" olaraq yardım aksiyalarını davam etdirmək fikriniz varmı?

- Bu günə kimi futbolçularımız, texniki heyət və sponsorumuz əlindən gələn yardımı edib. Bundan sonra da inanıram ki, kimin gücü nəyə çatırsa yardım etməyə davam edəcək. Etdiklərimiz Cənab Prezidentin başlatdığı kompaniyaya dəstək nümayişidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right