AFFA milyonları yada rəva görür, xalqa isə...

Bütün dünya koronavirusla mübarizə aparır.

Azərbaycan dövləti də virusun ciddi fəsadlarının qarşısını almaq üçün zəruri addımlar atır.

Təbii, dövlətin gördüyü iş öz yerində, amma belə bir vaxtda hər bir vətəndaşın da üzərinə böyük məsuliyyət düşür. Hər kəs verilən tövsiyələrə ciddi əməl etməklə, virusun fəsadlarının maksimuma endirilməsinə töhfə verə bilər.

Ölkənin bütün dövlət qurumlarının, sahibkarların, ictimai təşkilatların da müəyyən sosial öhdəlikləri var. Hamı koronavirusla mübarizə üçün yaradılan fonda vəsait köçürür. Hərə imkanı daxilində. Bu məsələdə məbləğ önəmli deyil, əsas olan odur ki, hamı sosial məsuliyyətini də anlayır.

Amma nədənsə, Azərbaycanın ən varlı federasiyalarından olan AFFA-nın tükü də tərpənmir.

Daha doğrusu, AFFA rəhbərlərinin. Baxmayaraq ki, AFFA-nı varlı edən də elə bu dövlətdir. Qurum, demək olar ki, dövlət vəsaiti hesabına fəaliyyət göstərir.

Üstəlik, AFFA-da vəzif əalanlar da Azərbaycanda ən varlı şəxslərdən hesab olunurlar.

Elə ona görə də, haqlı olaraq, ictimai qınaq yaranır. İctimaiyyət tələb edir ki, AFFA rəhbərliyi də sosial öhdəliyini yerinə yetirsin. Özü də ictimaiyyət demir ki, federasiya “oyuncağ”ı “Səbail”in pulunu kəssin və ya yığdığı vəsaitdən fonda pul ödəsin.

İctimaiyyət demir ki, Elxan Məmmədov xaricdə təhsil alan övladının boğazından kəssin. Yox, ictimaiyyət fonda ödəniləcək məbləğin yerini göstərir.

AFFA yığma komanda üçün xaricdə baş məşqçi axtarır? Axtarır. Özü də illik 2 milyon avro məvacibə, hə? Hə. İctimaiyyət deyir ki, daha axtarmayın. O 2 milyon avrodan 500 minini götürün, yarısını verin yerli baş məşqçiyə, yarsı da qalsın övladlarınızın cibxərcliyi üçün.

Heç olmasa, bir həftə dolanarlar ki... İctimaiyyət deyir ki, yerdə qalan 1,5 milyon avronu (təxminən 3 milyon manat) da ödəyin koronavirusla mübarizəyə dəstək fonduna. İctimaiyyət deyir ki, yadlara rəva gördüyünüzü xalqa da rəva bil.

Natiq Muxtarlı





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah