“Qarabağ” rəsmisindən PFL-ə irad

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Peşəkar Futbol Liqasının oyunların azarkeşsiz keçirilməsi qərarına irad bildirib. Newsport.az xəbər verir ki, Ağdam klubunun rəsmisi bu barədə öz feysbuk hesabında yazıb:
 
“Azərbaycanda əsas futbol yarışını keçirən təşkilat korona təhlükəsini əsas gətirərək Premyer Liqanın növbəti 2 turunu azarkeşsiz keçirilməsinə qərar verib. 
 
Və bu 2 tura bütün çempionatlar tarixində baş tutmuş yeganə “Azərbaycan derbisi” “Neftçi” – “Qarabağ” da tuş gəlib. Yəqin, təxirə salanlar bu önəmli faktı görməzlikdən gələ bilməzlər. Amma...
 
Azarkeşsizlik ehtiyat tədbiridi? Xub! Pakizə! Amma istənilən önləyici tədbir müəyyən itki bahasına belə gələcəyə hesablanmış olur. Dolayısıyla mümkün iqtisadi itki sosial məsuliyyət və perspektivə hesablanır. Amma təxirəsalma xəbərindən sonra onsuz da yerində olmayan premyerliqa haqqında yerli-yersiz şəbədələr qoşurlar. Bu xəbər bir az məzə obyektinə çevirməklə imicin yerlə-yeksan olmasına səbəb olub.
Bəli, Azərbaycan çempionatına az adam gəlir. Amma hardasa 15 ildi ölkə futbolunda olan biri kimi deyə bilərəm ki, Azərbaycan azarkeşi dünyanın bəlkə də ən fədakar azarkeşidi. Nəinki “Qarabağ”ın hətta “Neftçi”nin belə aktiv olan hər bir azarkeşini belə tanıyıram. Onları tanımağın saylarının azlığı ilə deyil fədakarlıqlarına görədi? Necə?
 
Onlar daim aşağılanan (təbii ki, çox vaxt da haqsız olaraq) məzə obyektinə çevrilən premyerliqaya hətta niyə oyunlara gedirsən deyilən söhbətlərə sinə gərib meydandan da kənarda öz komandasının maraqları uğrunda mübarizə aparan fədailərdi. Soyuq- isti bilmədən, rəqib fərqi qoymadan stadiona gələn öz dəyərləri üçün yaşayan o azarkeşlər ən yaxşısı haqq edir. Azarkeş var yol pulunu yığıb oyuna gəlir, iş yerindən 1001 bəhanə ilə çıxmağa çalışır. Adam tanıyıram, işə girəndə tək şərti oyun günü icazə almaq qoyub. Ona görə də yerli çempionata gələn, dəyər verən bir azarkeşimiz xarici çempionata baxıb özümüzə “mız” qoşan 100 nəfərdən daha önəmlidi.
 
Mən “Qarabağ” azarkeşi tanıyıram Gəncədə (!) yaşayır və son 18 ildə cəmi 1 (!!)dəfə “Qarabağ”ın hansısa oyununu buraxıb – bütün oyunları stadionda izləyib! Mən “Neftçi” azarkeşi tanıyıram öz maşınını satıb “Neftçi”nin oyununa gedib səfərdə amma bunu heç kimə deməyib.
Və indi bu azarkeşlər, bu çempionatda intizarla gözlədikləri, didişərək zövq aldıqları, turnir cədvəlindən asılı olmayaraq udanda göyün 7-ci qatına çıxan, uduzanda yerin altına girən “Neftçi”, “Qarabağ” azarkeşləri bu həyəcanlarından məhrum olublar-ediliblər. Biz İtaliya deyilik ki, orda 1-2 dəfə azarkeşsizliklə nəsə dəyişsin. Bugün Azərbaycanda “Neftçi” – “Qarabağ”la bağlı virusla bağlı sorğu keçirilsə həmişə oyuna gəlmək istəyəcək! İnanmırsız bir sorğu edin, görcəksiz.
 
Kütləvilik problemdi? Olsun. Salın qarşıda bir tarixə, məsələn Aprelə, Maya. Həm liqada rəqabət olar, gərginlik artar, liqaya rəng gələr. Məsələdə daha aşağı yaş qruplar çempionatlarını keçirənlər daha həssas davrandılar. Ora da azarkeş gəlmir amma oyunlar sadəcə təxirə salındı. Həm də məktəb amili, kəmiyyəti də nəzərə alsaq aşağı yaş qruplarını təxirə salmaq daha məsuliyyətli və ağırdı. Amma adamlar məsuliyyətdən çəkinmədilər. Yoxsa, premyerliqada vur-tut 4 cüt qarşılaşmaya vaxt mı tapmaq olmur ?)
 
“Neftçi” – “Qarabağ” günümüz futbolunun güzgüsüdü. Adətən, ölü düşəndə xalq arasında güzgünün üstünü 40 gün örtürlər. Açın o örtünü, gün(zg)ümüzü qaraltmayın...”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right