Hamı Rəşad Sadıqov deyir, AFFA susur, danışan işbilməz veteranlardır

Ramil Şeydayev, Bəhlul Mustafazadə, Ağabala Ramazanov, Özancan Kökçüdən sonra Riçard Almeyda da milli komandanın baş məşqçi postuna ən ideal namizəd kimi Rəşad Sadıqovun adını çəkib. Uzun illər komanda yoldaşı olan Rəşadı xarakterizə edən Riçard Almeyda onun müasir futbolu anlamasını, futbolçular arasında böyük nüfuza malik olmasını və digər üstünlüklərini qeyd edib. 

 

Artıq müzakirələr o yerə çatıb ki, Rəşad Sadıqovu milli komandada görmək istəyənlərin siyahısı yalnız yığmanın futbolçuları ilə məhdudlaşmır. Sosial şəbəkələrdə gedən müzakirələrdə açıq-aydın görünür ki, azarkeşlərin də, idman jurnalistlərinin də böyük qismi millini Rəşad Sadıqovun çalışdırmasının tərəfdarıdı. Əslində, onun namizədliyini dəstəkləyənləri anlamaq çətin deyil. Bir halda ki, səviyyəli oyunçu baxımından axsayan millimizə hər hansı əcnəbinin gəlib nəsə qazandıracağına az qala hamımız şübhəylə baxırıqsa, 1-2 milyon xərcləyib yenə əcnəbiyə qucaq açmağın nə adı var. Gənc, xarizmatik, işgüzar Rəşad Sadıqovu milliyə gətirib 5-6 il vaxt verməklə gələcəkdə mübariz komanda formalaşdırmaq mümkündür. 

 

Ən maraqlısı odur ki, hamının Rəşad Sadıqov dediyi bir məqamda AFFA susur. Əvəzində AFFA-dan 3-5 manat alıb gün keçirən müftəxor veteranlar danışır. Misalçün, Ağasəlim Mircavadov deyir ki, Rəşad, Ayxan və ya digər gənc məşqçi klubda nə uğur qazanıb ki, millini çalışdırsın. Təsəvvür eləyin, bunu Azərbaycan futbolunun qara tarixinə düşmüş 0:10 hesablı Oser faciəsinin "memarı" deyir. Hələ klublarda hansı metodlarla işlədiyini futbol adamları, xüsusilə köhnələr yaxşı bilirlər. Azərbaycan futboluna xidmətlərinə görə götürsək, Rəşad Sadıqovu müzakirə eləyəsi bəlkə də ən axırıncı adam elə Mircavadovun özüdü.

 

İllərdi "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan, milliyə futbolçu kimi bacardığı qədər kömək eləyən, qısa zamanda məşqçi kimi U-21-də canlanma yaradan Sadıqovu, müasir futbolun əlifbasını belə bilməyən veteranlar müzakirə edir. Həm gülməli, həm də ağlamalıdı. Əgər heç bir işə yaramayan Məşqçilər Komitəsini məhz buna görə AFFA-da saxlayırlarsa, məşhur filmdəki kimi desək, "onda toyumuz mübarək". Bunları nə futbol maraqlandırır, nə də inkişaf lazımdı bunlara. İllərdi boz binada əyləşib müftə pul yeməyə alışmış bu kəsim ya Qurban Qurbanov millidən göndəriləndə, ya da camaat Rəşad Sadıqovu millidə görmək istəyəndə səhnəyə çıxır. Belələrinə nə ad verəsən...

 

Sportal.az 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right